Tarixi zəfərimizə gedən yolu hər gün təhlil etməliyik və qürur hissi keçirməliyik ki, ötən il sentyabrın 27-dən noyabrın 9-dək 44 gün davam edən Vətən Müzaribəsi rəşadətli Azərbaycan Ordusunun həyata keçirdiyi əks-həmlə əməliyyatları ilə əldə edilən parlaq qələbə nəticəsində ərazi bütövlüyümüz və suverenliyimiz təmin edildi. Bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı Azərbaycan Silahlı Qüvvələri Gününü Müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli Azərbaycan Ordusuna minnətdarlıq hissi ilə qeyd edir. Azərbaycanın tarixinə Zəfər səhifəsini yazan Azərbaycan Ordusu dünyanın ən güclü ordusudur. Möhtərəm Prezidentimiz İlham Əliyevin qeyd etdiyi kimi: “Hər kəs bilməlidir, torpaqların satan kimdir, torpaqları əsarətdən qurtaran kimdir”.Hazırda respublikamızın qarşısında duran ən ümdə məsələ “Böyük Qayıdış” strategiyası vətəndaşlarımızın işğaldan azad edilən ərazilərdə dayanıqlı məskunlaşmasını və həmin ərazilərin ölkənin iqtisadi sisteminə inteqrasiyasını reallaşdıracaq. Artıq bərpa-quruculuq prosesinin vahid mərkəzdən həyata keçirilməsinə başlanılıb. Ən əsası isə dövlət başçımızın vurğuladığı kimi, böyük quruculuq işlərinə isə Azərbaycana əsl dost olan ölkələrin dost ölkələrin dəvət olunmasıdır: “Bu müharibə, eyni zamanda, onu göstərdi ki, Azərbaycanın əsl dostları kimlərdir, hansı ölkələrdir. Əlbəttə ki, Azərbaycan şirkətləri, ilk növbədə, bu işlərdə iştirak edəcək və bizim üçün dost olan ölkələrin şirkətlərini də biz dəvət edəcəyik, daha doğrusu, artıq dəvət etmişik”.Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarında, müsahibələrində, görüşlərdə dəfələrlə bildirib ki, əsl dostluq özünü çətin anlarda büruzə verir: “Bizim üçün də bu müharibə, eyni zamanda, onu göstərdi ki, Azərbaycanın əsl dostları kimlərdir, hansı ölkələrdir. Biz dostluğu qiymətləndirən xalqıq”.Bəli, Azərbaycanın öz torpaqlarını Ermənistanın işğalından azad etmək məqsədilə sentyabrın 27-də başlatdığı və 44 gündən sonra şanlı zəfərlə başa çatdırdığı Vətən müharibəsində kimin dost, kiminsə düşmən olduğunu açıq-aşkar gördük. Hətta səssiz qalmağa üstünlük verib, “nə şiş yansın, nə də kabab” deyiminə uyğun olaraq tərəflərdən heç birini incik salmamaq üçün səsləndirilən çağırışları da eşitdik. İllərlə dost, qardaş dediyimiz ölkələrin bir çoxunun düşmən qarşısında acizliyinin, qorxaqlağının şahidi olmaq bizi çox incitdi, amma nə yaxşı ki, dost, qardaş ölkələrin bir çoxu etimadı yüksək səviyyədə doğrultdu və bizi qələbəyə ilhamlandırdı. Hətta ummadığımız yerdən aldığımız dəstəklər gücümüzə güc qatdı. Hətta belə demək mümkündürsə, Türkiyə torpaqlarımızı geri almaqda Azərbaycanla birlikdə mübarizə apardı. Dünyada heç bir iki dövlət tapılmaz ki, bir-birinə siyasi və iqtisadi maraqdan dolayısı deyil, sırf qardaş olduqları üçün belə dəstək versin. “Bir millət, iki dövlət” meydanda da özünü açıq şəkildə göstərdi və göstərməkdədir.
Şuşa Bəyannaməsi – Qardaşlığın Zəfər zirvəsi
Ən əsası isə, iyunun 16-da Şuşa Bəyannaməsi iki qardaş ölkənin maraqlarının qorunması üçün çox ciddi bir addım - Qardaşlığının Zəfər zirvəsi oldu. Tariximizdə ilk dəfə olaraq Azərbaycan lideri qardaş dövlətin liderini Qarabağda qarşıladı. Və bu qarşılaşma ilə tarixə böyük hadisə kimi həkk olununan Azərbaycanımızın mədəniyyət paytaxtı Şuşa şəhərində Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamə – Şuşa bəyannaməsi imzalandı. Şuşa Bəyannaməsinin məhz Azərbaycan xalqının Qurtuluş günü - 15 iyun tarixinə və Qarabağ, Zəngəzur üçün çox vacib sayılan Qars müqaviləsinin 100-cü ildönümünə təsadüf etməsinin xüsusi rəmzi mənası var. Təbii ki, Prezident İlham Əliyevin Qars müqaviləsinə və 100 il bundan əvvəl baş verənlərə istinad etməsi təsadüfi deyil. Çünki 100 il bundan əvvəl baş tutan proseslərə oxşar hallar, indi də təkrarlanmaqdadır. Sadəcə bir fərq ilə. Əgər o zaman hadisələrin nəticəsi Ermənistanın və onun havadarlarının xeyrinə başa çatmışdısa, bu gün Cənubi Qafqazda yaranmış yeni reallıq Azərbaycan dövlətinin və xalqının birbaşa qalibiyyəti deməkdir. Ölkəmizin başçısının apardığı uzaqgörən siyasət nəticəsində xalqımız düz 100 il sonra tarixi ədaləti bərpa etdi. Dövlət başçımızın dediyi kimi: “Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış birgə bəyannamə bizim gələcək işbirliyimizin istiqamətini göstərir”.Bəli, Azərbaycan və Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsi iki ölkə arasında münasibətlərdə inqilabi gerçəklikdir. 15 iyun 2021-ci il tarixindən başlayaraq iki qardaş dövlətləp arasında rəsmi şəkildə müttəfiqlik elan olundu. Qeyd olundu ki, iki dövlət arasında ərazi bütövlüyünə, suverenliyinə üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, bir-birini qoruyacaqlar. Bəyannamədə deyilir: “Tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər”.Bir sözlə, müstəsna siyasi və tarixi əhəmiyyətə malik Şuşa Bəyannaməsində qeyd olunur ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamları ilə xarakterizə olunan Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının, münasibətlərin ən uca zirvəsidir. Bütün bunlar, ölkələrimiz arasında əldə olunan yeni razılışmalar, imzalanan müqavilələr bir daha xalqlarımız arasındakı dostluq, qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsindən, onun sarsılmazlığından xəbər verir.Bu gün Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı sadəcə olaraq, kəlam deyil, bu, gerçəkdir. Artıq bu reallıq bütün sahələrdə sübuta yetirilməkdədir. Hər zaman da bu, belə olacaq. Qələbə Zəfəri ilə- Qarabağ Azərbaycandır! Azərbaycan-Türkiyə «Bir millət, iki dövlətdir!”
ZƏRİFƏ QULİYEVA,
YAP üzvü, "Modern ailə və inkişaf " İctimai Birliyinin sədri
sia.az