Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılması müstəqil Azərbaycanın dövlət quruculuğunun mühüm nailiyyətlərindən biridir. Ordumuzun yaradılması prosesi əslində ölkəmizin müstəqilliyinin tarixidir.Tarixə nəzər salsaq görərik ki, Milli Ordumuzun yaradılması hələ Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti dövrünə təsadüf edir. O vaxtlar Rusiya imperiyasının müsəlman xalqlarına həqarətli münasibəti, onların orduda xidmətdən “azad” edilməsi bu xalqların hərbi işləri yadırğamasına gətirib çıxarmışdı. 1917-1918-ci illərdə erməni təcavüzünün güclənməsi Azərbaycan türklərini fiziki cəhətdən məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Yaranmış vəziyyət təcili olaraq ordu quruculuğuna başlamağı tələb edirdi. 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ölkəmizdə ilk nizami hərbi hissə - Əlahiddə Korpus yaradılmışdır. Avqustun 1-də AXC-nin Hərbi Nazirliyi təsis edildi. İstedadlı general Səməd bəy Mehmandarov dekabrın 25-də hərbi nazir, general-leytenant Əlağa Şıxlinski nazir müavini təyin edildilər.Qısa müddətdə Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas etdi. Bu hərbi birləşmələr Muğanda və Əsgəranda milli hökumətə qarşı baş vermiş qiyamları yatırmaqda yüksək səriştəlilik göstərdi, Qazaxda Azərbaycan sərhəddini pozmuş erməni nizami ordu hissələrini darmadağın etdi. Azərbaycan ordusunun Hüseynxan Naxçıvanski, İbrahim ağa Usubov, Həmid Qaytabaşı, Kazım Qacar, Cavad bəy Şıxlinski, Həbibbəy Səlimov kimi istedadlı generalları var idi. AXC süqut etdikdən sonra bolşevik hökuməti Milli Ordunu ləğv etdi. Onun rəhbərlərinin əksəriyyəti Nargin adasında güllələndi.Əsası Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulmuş Azərbaycan ordusunun ənənələri müasir dövrdə də qorunub saxlanılır və inkişaf etdirilir. Bu isə Ümummilli liderimiz Heydər Əliyevin ciddi səyləri nəticəsində mümkün olub. Ali Baş Komandan Heydər Əliyevin rəhbərliyi altında Silahlı Qüvvələr quruculuğu sahəsində aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan vermiş, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaradıb.Silahlı Qüvvələr Gününün tarixləşməsi Ümummilli liderimizin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyevin 1998-ci il mayın 22-də imzaladığı Fərmana əsasən, artıq 23 ildir ki, 26 İyun – Silahlı Qüvvələr Günü Azərbaycanda ümumxalq bayramı kimi qeyd edilir. 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ölkəmizdə ilk nizami hərbi hissə – Əlahiddə Korpus yaradılmışdır. Ümummilli lider Heydər Əliyev imzaladığı Fərmanla tarixi həqiqətin və Milli Ordu quruculuğunda varislik ənənələrinin bərpası ilə bağlı çox böyük əhəmiyyətə malik bir addım atmışdır. Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra məhz onun rəhbərliyi altında həyata keçirilən islahatlar nəticəsində qısa müddətdə vahid komandanlığa tabe olan nizami ordu formalaşmışdır.1993-cü il noyabrın 1-də Azərbaycanda Müdafiə Şurası yaradılıb, noyabrın 2-də isə Heydər Əliyev Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə yeni hücumları və təcavüzü ilə bağlı televiziya ilə xalqa müraciət edib. Bu müraciət Azərbaycan Silahlı Qüvvələri quruculuğunda yeni mərhələnin – Heydər Əliyev mərhələsinin başlanğıcı olub.Xalqımızın Ümummilli lideri Heydər Əliyev müasir müstəqil dövlətimizin memarı və qurucusu olmaqla yanaşı, həm də qüdrətli Azərbaycan Ordusunun yaradıcısıdır. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev çıxışlarının birində demişdir ki, müasir, mütəşəkkil ordu yaradılması Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük tarixi xidmətlərindən biri olub. Bu gün Azərbaycanın güclü ordusu vardır. Azərbaycan Ordusu qarşıda duran bütün vəzifələri həll etməyə qadir bir ordudur.Bu, doğrudan da belədir. Azərbaycan Silahlı Qüvvələri bu gün müasir texnika ilə təchiz edilmiş, Vətənin müdafiəsinə daim hazır olan yüksək nizam-intizama malik bir quruma çevrilmişdir. Ordu quruculuğu prosesi Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir. Azərbaycanın əsgər və zabitinin yüksək mənəvi hazırlığı, döyüş ruhu, zəbt olunmuş ərazilərdən düşməni hər an geriyə atmaq üçün qisas hissi ilə alışıb yanması hər kəsə, o cümlədən işğalçı Ermənistana yaxşı bəllidir. İşğalçılar artıq yaxşı bilirlər ki, bu gün Ermənistanla Azərbaycan arasında həm hərbi, həm iqtisadi, həm də bütün başqa sahələrdəki fərq olduqca böyükdür.Azərbaycanın hərbi büdcəsi ordumuzun ən yeni texnologiyalara əsaslanan hərbi texnika və döyüş vasitələri ilə təchiz edilməsinə böyük imkanlar ver¬ib. Ölkəmizdə müasir hərbi sənaye kompleksi yaradılıb, Silahlı Qüvvələrin maddi-texniki bazası müasir texnika və silahlarla zənginləşdirilmiş, bu sahədə kadr hazırlığı təkmilləşdirilib.Azərbaycanın gəlirlərinin art¬ması ilə yanaşı, Silahlı Qüvvələrin modernləşdirilməsi, yenidən qurulma¬sı, ən yeni və güclü döyüş vasitələri ilə təchiz edilməsi prosesi ardıcıl həyata keçirilib.Azərbaycanın Silahlı Qüvvələri dur¬madan inkişaf etdiyi halda, Ermənistanda bunun tam əksi müşahidə olunur. Başqa sözlə, Azərbaycan öz ordusunu dayanmadan gücləndirdiyi şəraitdə, Ermənistanda bu proses tamamilə əks istiqamətdə cərəyan etməkdədir. Bu səbəbdən Ermənistanda işğal edilmiş Azərbaycan torpaqlarını müharibəsiz azad etməyin zəruriliyini bəyan edənlərin sayı son zamanlar artmaqda idi. Əks hal¬da, istər Dağlıq Qarabağ, istərsə də onun ətrafında yerləşən və işğal altında sax¬lanan ərazilərdə cəmləşmiş Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusu tərəfindən qısa zaman ərzində qovu¬lub çıxarılacağı həm dünyaya, həm də ermənilərə yaxşı məlum olan reallıq idi.2020-ci il sentyabrın 27-dən etibarən Azərbaycan Ordusu Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə əks-hücum əməliyyatına- zəfər yürüşünə başladı. Bu azadlıq yürüşü Ali Baş Komandan tərəfindən xüsusi ola¬raq istiqamətləndirilir, eyni zamanda, dünyanın məşhur kütləvi informasiya vasitələrinin nümayəndələrinin hərbi əməliyyatlar barədə ən müxtəlif sualları təmkinlə cavablandırılırdı.Müharibənin gedişində Silahlı Qüvvələrimiz Ermənistanın 30 il ərzində yaratdığı “məğlubedilməz ordu” mifini darmadağın etdi, xaincəsinə zəbt olun¬muş və uzun illər əsarətdə saxlanılan kənd, rayon və şəhərlərimiz–Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli rayonlarını, Xocavənd rayonunun bir hissəsini, Laçın rayonunun bir sıra kəndlərini işğaldan azad etdi. “Musiqi konservatoriyamız”, şeir-sənət məbədgahımız, Üzeyir bəyin, Xan qızı Natəvanın, Bülbülün, Xan Şuşinski kimi neçə-necə qüdrətli sənətkarımızın unudulmaz adını özündə yaşadan müqəddəs Şuşamızın azadlığı bütün dunya azərbaycanlılarını vəcdə gətirdi.Döyüşkən və müzəffər ordumuz həmin müddət ərzində torpaqlarımızın azadlığı sevincini bütün dost və qardaş xalqlara yaşatdı. Silahlı Qüvvələrimiz bütün dünyaya öz qüdrətini, gücünü nümayiş etdirdi.Azərbaycan əsgəri və zabitlərində olan mənəvi ruh yüksəkliyi, döyüş əzmi də qələbəmizin əldə edilməsində önəmli rol oynayıb. Belə ki, bu müharibədə sıravi əsgərdən tutmuş ən yüksək rütbəli zabitlərə, Ali Baş Komandana qədər hər bir şəxsdə güclü mənəvi ruh, döyüşkənlik əzmi ən yüksək səviyyədə olub.
Xəyalə Eminova
124 nömrəli tam orta məktəbin direktor müavini
sia.az