Turizmin inkişafında otellərin sayının artırılması vacib faktorlardan biridir. Bu sözləri SİA-ya verdiyi açıqlamasında iqtisadçı-ekspert, Milli Məclisin deputatı Vüqar Bayramov deyib.Millət vəkili vurğulayıb ki, Azərbaycanda yataq yerlərinin sayının artırılması bu gün vacib məsələlərdəndir və xüsusən də post-pandemiya dövründə Azərbaycana daha çox turistin gələcəyi gözlənilir.“Bakıda istifadəyə verilən yeni otellər həm marka olaraq, həm də təbii ki, bütövlükdə ulduz və keyfiyyət baxımından seçilən otellərdir. Belə otellərin açılması və xüsusən dünyaca tanınmış brend otellərin Azərbaycanda fəaliyyətə başlaması, fəaliyyətini davam etdirməsi həm Bakı, həm rayonlara turistlərin cəlb edilməsi baxımından yeni imkanlar yaradacaq. Nəzərə alaq ki, Bakıya gələn turistlərin bir qismi və xüsusən son illərin statistikası göstərir ki, pandemiyaya qədər 60 faizə yaxını rayonlara da səfər edirdilər. Nəticə etibarı ilə biz xüsusən də 2015-ci ilədək turistlərin daha çox Bakıya gəlməsini müşahidə edirdiksə, artıq Bakı ilə yanaşı bölgələrə də gələn turistlərin sayında artımlar müşahidə edilir.Otellərin sayının artırılması prioritetdir. Paytaxtda həm tanınmış beşulduz otellərin açılması, eyni zamanda digər nisbətən az ulduzlu otellərin açılması prosesi də davam edir və gözlənilir ki, post-pandemiya dövründə Azərbaycanın turizm gəlirlərinin yenidən artması müşahidə olunacaq. Xüsusən nəzərə alaq ki, pandamiyadan əvvəl Azərbaycana gələn turistlərin sayı 3,2 milyon nəfərə çatmışdı və Azərbaycanın turizm gəlirləri 2,7 milyard dollara qədər yüksəlmişdi. Turizm Azərbaycanda neftdən sonra ən çox valyuta gətirən sektordur və o baxımdan da yeni otellərin açılışı və bu istiqamətdə həyata keçirilən işlər post-pandemiya dövründə turizmdə yenidən aktivliyin artmasına imkan yaradacaq”, deyə Vüqar Bayramov bildirib.
sia.az