Prezident İlham Əliyev: “Pandemiyanın öhdəsindən yalnız birlikdə gələcəyik”
2020-ci il çətinliklər ili olsa da, sonda Qalib İl oldu. Birlikdə həmrəylik göstərərək 2020-ci il noyabrın 10-u - Azərbaycan Qarabağa qovuşdu, tarixi ədalət bərpa olundu, bütövləşdik, Qarabağ Azərbaycanımız olduğumuzu dünyaya sübut etdik. Həmçinin də, əsrin bəlası olan, bütün dünya üçün bir nömrəli problem olan COVİD-19 pandemiyası bir çox ölkənin sarsılmaz görünən iqtisadiyyatını iflasa uğratdı, aparıcı Avropa ölkələrinin səhiyyə sisteminin acizliyini üzə çıxardı. Real faktordur ki, COVID-19 pandemiyası zamanı hər bir dövlətin öz strategiyası, koronavirusa qarşı mübarizədə fərqli yanaşma tərzi və öz metodları mövcud oldu. Şübhəsiz ki, ilk gündən hər bir ölkə öz vətəndaşlarını böhrandan az itki ilə çıxartmağa çalışır. Qeyd edək ki, postsovet məkanı da koronavirus pandemiyasından əziyyət çəkən bölgələr sırasındadır. Lakin bu ərazilərdə vəziyyət fərqlidir, ÜST-ün məlumatına görə, MDB məkanındakı vəziyyət bəzi Avropa ölkələrindən və ABŞ-dan daha nikbin görünür. Bu baxımdan, bölgənin lider dövlətlərindən olan Azərbaycanın pandemiyaya qarşı mübarizədə göstərdiyi nümunə diqqətəlayiqdir. Məsələ ondadır ki, Azərbaycanda koronavirus pandemiyasından bir qədər əvvəl həyatın bütün sahələrinə təsir göstərən böyük islahatlar elan edildi və qısa müddətdə həyata keçirildi.Bəli, bugünkü şəraitdə ölkəmizin bütün sahələrində həyata keçirilən tədbirlər və əldə olunan real nəticələr ölkə Prezidentinin həyata keçirdiyi uğurlu sosial siyasətin sübutudur.
“Biz birlikdə güclüyük!” şüarının nəticəsi
Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə Azərbaycanda bu gün 39 985 nəfər vaksinasiya olunub. Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 35 917, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 068 nəfər təşkil edib. Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 2 702 023-dür. Birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 1 748 035, ikinci mərhələ üzrə isə 953 988 nəfər təşkil edir.Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının 77-ci sessiyasında videoformatda çıxışı zamanı Azərbaycan Asiya və Sakit okean hövzəsi ölkələri ilə münasibətlərə böyük əhəmiyyət verdiyini deyərək bildirmişdir ki, COVID-19 pandemiyası dünya ölkələrini yeni çağırışlarla üz-üzə qoymuşdur: «Azərbaycan hökuməti ilk günlərdən pandemiya ilə mübarizə istiqamətində zəruri addımlar atmışdır. Koronavirusun iqtisadiyyata təsirinin azaldılması, özəl sektorun dəstəklənməsi, makroiqtisadi və maliyyə dayanıqlığının təmin olunması məqsədilə geniş sosial-iqtisadi paket təqdim edilmişdir. Biz yanvar ayından etibarən vaksinasiyaya başlamışıq. Bu günədək 1.4 milyon vaksin istifadə olunmuşdur ki, bu da əhalimizin 14 faizini təşkil edir. Lakin yalnız milli səviyyədə həyata keçirilən səylər dünyada pandemiyanın aradan qaldırılması üçün kifayət etmir».Dövlətimizin başçısı deyib ki, Azərbaycan peyvəndlərin paylanmasında ədalətliliyi dəstəkləyərək BMT-nin İnsan Hüquqları Şurasında «Koronavirus pandemiyası ilə mübarizədə bütün ölkələrin peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığının təmin edilməsi» adlı qətnamə layihəsi irəli sürüb. Qətnamə bu il martın 23-də konsensus əsasında qəbul edilib: «Azərbaycan, həmçinin COVAX təşəbbüsünə qoşulan və onu dəstəkləyən ilk ölkələrdən biri olub. Biz və bütün beynəlxalq ictimaiyyət bu təşəbbüsün pandemiya ilə mübarizədə əməkdaşlıq və həmrəylik modeli olmağını gözləyir. Biz pandemiyanın öhdəsindən yalnız birlikdə gələcək və normal həyata qayıdacağıq».Bəli, 2020-ci il, noyabrın 10-u. Azərbaycan Xalq-İqtidar-Ordu birliyi ilə Qarabağa qovuşdusa, tarixi ədalət bərpa olundusa, Qarabağ problemimizin Qalib Nidası qoyuldusa, pandemiyaya qarşı mübarizə də bir olmalıyıq. Və bu gün Azərbaycan Prezidenti İlham Əliyevin atdığı hər bir uğurlu addımı xalqımızda nikbinlik yaradır. Xalqımızın öz Prezidenti ətrafında birləşməsi və ölkə rəhbərini dəstəkləməsi pandemiya üzərində qələbəni təmin edən başlıca amillərdən biridir. Bu gün bütün dünya Azərbaycanın təcrübəsini mənimsəyir. “Biz birlikdə güclüyük” şüarı ilə pandemiyaya qarşı savaşan Azərbaycan görünməmiş nümunə yarada bilib.İnanırıq ki, bu çətinliklər arxada qalacaq, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə xalqımız daha gözəl günlər yaşayacaq. Dövlət başçımızın dediyi kimi: “Biz pandemiyanın öhdəsindən yalnız birlikdə gələcək və normal həyata qayıdacağıq”.
sia.az