PDF Oxu

Siyasət

  • 4 030

Şəhid ailələrinə və qazilərə yüksək dövlət qayğısı davamlı xarakter daşıyır

Şəhid ailələrinə və qazilərə yüksək dövlət qayğısı davamlı xarakter daşıyır

Azərbaycanın modern dövlət quruculuğunda sosial siyasətin önəmli istiqamətlərindən biri də şəhid ailələrinin, Qarabağ müharibəsi veteranlarının və əlillərinin sosial müdafiəsidir. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarında, müsahibələrində, görüşlərində dəfələrlə qeyd edib ki, bu sahədəki siyasətim birmənalıdır. Dünyada müharibələr çox olub, itkilər çox olub. O qədər də uzaq olmayan tarixə nəzər salsaq, görərik ki, müxtəlif ölkələrdə müharibələrdə həlak olmuş insanların yaxınlarına heç vaxt bizdəki qədər qayğı, diqqət göstərilməyib.

Çünki Azərbaycan dövlətinin apardığı siyasətin əsas məqsədi ölkənin iqtisadi cəhətdən daha da inkişaf etməsidir. Təsadüfi deyil ki, hər il ölkənin büdcəsi təsdiq olunarkən əhalinin sosial rifahının artırılması diqqət mərkəzində olur. Büdcədən sosial sahəyə ayrılan vəsaitin həcmi ildən-ilə artır. İstər pandemiya şəraiti səbəbindən, istərsə də İkinci Vətən Müharibəsi dövründən dövlətin gəlirləri müəyyən qədər azalsa belə, cari ildə də sosial sahəyə ayrılan vəsaitin həcmi çoxalıb. Həyata keçirilən sosial siyasət həm də geniş əhatəli olmaqla, ölkənin sosial dəstəyə ehtiyacı olanların hamısının mənafeyi nəzərə alınıb. Azərbaycanda tələbələrdən tutmuş İkinci Dünya müharibəsinin veteranlarına kimi hamıya sosial qayğı göstərilir.Xüsusilə, Prezident İlham Əliyevin şəhid ailələri və qazilərlə bağlı cari ilin yanvar ayının 25-də imzaladığı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamı, iyunun 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət edən hərbi qulluqçularının sosial müdafiəsini gücləndirilmək məqsədilə həmin hərbçilərin (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları, Xüsusi Təyinatlı Qüvvələrdə və əməliyyat briqadalarında xidmət edən hərbi qulluqçular istisna olmaqla) aylıq vəzifə maaşlarının artırılması ilə bağlı Sərəncamı, bir sözlə reallığın göstəricisidir. Bu Sərəncam da digər sərəncamlar və fərmanlar kimi Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş vətəndaşların və şəhid ailələrinin sosial müdafiəsində həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən biridir.Qeyd edək ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müvafiq göstərişlərinə əsasən, dövlət qurumları bu kateqoriyadan olan insanların problemləri ilə yaxından maraqlanır, onların problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir. Belə ki, Prezident İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə “YAŞAT” Fondunun yaradılması, Fond tərəfindən qısa müddətdə ciddi işlərin görülməsinə başlanılması nəticəsində davamlı olaraq müharibə əlilləri və şəhid ailələrinin, o cümlədən müharibə veteranlarının sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən intensiv tədbirlər artıq öz təsirli nəticələrini verməkdədir. Eyni zamanda, şəhid ailələri və müharibə əlillərinin mənzil və fərdi evlə, müharibə əlillərinin avtomobillə təminatı tədbirləri yüksək səviyyədə davam etdirilir. Həmçinin, əlil vətəndaşlara dövlət qayğısının gücləndirilməsi siyasətinə uyğun olaraq Nazirlər Kabineti tərəfindən əlillərin sosial müdafiəsi ilə bağlı nəzərdə tutulmuş Dövlət Proqramının maliyyələşdirilməsi təmin olunub.“Sosial müavinətlərin məbləğinin artırılması haqqında”, “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün artırılması və “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin fərmanları bu kateqoriyadan olan insanların rifah halını yaxşılaşdırmaq və onlara göstərilən dövlətin davamlı qayğısının bariz nümunəsidir. Bütün deyilənlərlə yanaşı, Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası banklar tərəfindən Müdafiə Nazirliyinin rəsmi siyahısında yer almış şəhidlərdən banklar qarşısında kredit öhdəliyi olan 830 şəhidə aid 1 503 kredit üzrə həm əsas borcun, həm də faizlərin silinməsini təmin ediblər. Eyni zamanda, şəhidlərimizin ailə üzvlərinə aid olan 286 sayda, xəsarət almış hərbçilər üzrə 1 323 sayda kreditin, şəhid olmuş 15 nəfər və ciddi zərər çəkmiş 9 nəfər mülki şəxsin borc öhdəliklərinin tamamilə silinməsi təmin olunub. Həmçinin, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanuna əsasən, dövlət ali, orta ixtisas və peşə təhsili müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatda ödənişli formada təhsil alan şəhid ailələrinin üzvləri təhsil haqqı ödəməkdən azad olunmasıdır. Bütün bunlarla yanaşı, qeyd edilməli məqamlardan biri Prezident İlham Əliyevin 25 yanvar 2021-ci il tarixli Sərəncamıdır. Sərəncama uyğun olaraq 2021-2025-ci illərdə şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 11 min mənzil və fərdi evin verilməsi nəzərdə tutulub. O cümlədən bu il ərzində 3 minədək mənzil və fərdi ev bu kateqoriyadan olan vətəndaşlara təqdim ediləcək. Onlardan artıq 470-i verilib. Ümumilikdə indiyədək şəhid ailələrinə, müharibə əlilləri və onlara bərabər tutulan şəxslərə 9670 mənzil və fərdi ev verilib.Bütün bunlar, bir daha təsdiq edir ki, sosial cəhətdən həssas əhali qruplarının, o cümlədən əlilliyi olanların, şəhid ailələrinin, müharibə əlilləri və veteranlarının, mina qurbanlarının sosial müdafiəsinin gücləndirilməsi Azərbaycan dövlətinin sosial siyasətinin əsas tərkib hissələrindəndir.Prezident İlham Əliyevin dediyi kimi: "Azərbaycan bu sahədə də dünya miqyasında ən qabaqcıl yerlərdədir. Dünyada müharibələr çox olub, itkilər çox olub. O qədər də uzaq olmayan tarixə nəzər salsaq, görərik ki, müxtəlif ölkələrdə müharibələrdə həlak olmuş insanların yaxınlarına heç vaxt bizdəki qədər qayğı, diqqət göstərilməyib".

HƏMİD PƏNAHOV,
YAP Qazax rayon təşkilatının sədri

sia.az

Digər xəbərlər