Vətən uğrunda gedən döyüşlərdə torpaqlarımızı işğaldan azad edərək, xalqımıza qələbə sevinci bəxş edən, bu yolda canından, qanından keçən qəhrəman Vətən oğullarından biri olan mayor şəhid Hüseynov Rəhim Qədir oğlunun doğum günü münasibətilə tədbir keçirilib. Əvvəlcə rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Zərdab rayon təşkilatının sədri və bir qrup partiya fəalları, ictimaiyyət nümayəndələri rayonun Gəlmə kənd ərazisində yerləşən Qarabağ şəhidlərinə əbədi xatirə abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri, gül çələngi qoyublar. Sonra tədbir şəhidin oxuduğu Gəlmə kənd tam orta məktəbində davam etdirilib. Əvvəlcə Qarabağ müharibəsində şəhid olanların xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Zərdab rayon icra hakimiyyətinin başçısı Mərdan Camalov şəhidlərimizin əbədi ehtirama layiq olduğunu bildirərək, 30 ilə yaxın işğal altında qalan torpaqlarımızın Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun, əsgər və zabitlərimizin qəhrəmanlığı sayəsində azad edildiyini vurğulayıb.Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zərdab rayon bölməsinin rəisi, polkovnik-leytenant Asif Əhədov çıxış edərək, bildirib ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 28 sentyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası ərazisində qismən səfərbərlik elan etməsi barədə Sərəncamına uyğun olaraq rayonun 452 nəfər sakini Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zərdab rayon bölməsində qeydiyyatdan keçərək, Vətən müharibəsinə yola düşüblər. Bütün istiqamətlərdə gedən döyüşlərdə gənclərimiz böyük qəhrəmanlıq və şücaət nümayiş etdiriblər.Zərdab rayon Təhsil şöbəsinin müdiri Gülağa İsgəndərov və şəhidin vaxtilə məzun olduğu Gəlmə kənd tam orta məktəbinin müəllimi Şəmsiyyə Həsənova çıxış edərək, şəhidin məktəb illərindən danışıb, onun nümunəvi bir şagird olduğunu qeyd ediblər. Vətənini sevən igid oğul kimi Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərərək, şəhid olduğunu bildiriblər. Sonra Gəlmə kənd tam orta məktəbin şagirdləri tərəfindən vətənə, şəhidlərimizə həsr olunmuş şeirlər səsləndirilib, kompozisiya təqdim olunub.Görüş zamanı şəhidin ailə üzvləri ölkəmizdə şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razı qaldıqlarını qeyd edərək, Prezident, Ali Baş Komandan İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.Qeyd edək ki, Şəhid mayor Rəhim Hüseynov Azərbaycan Silahlı Qüvvələrinin tərkibində NATO-ya bəyan edilmiş və dəfələrlə götürdüyü öhdəliyi müvəffəqiyyətlə yerinə yetirmiş Əməliyyat İmkanları Konsepsiyası (OCC Bn) taborunun komandiri idi. Şəhid mayor Rəhim Hüseynov 2020-ci ildə NATO-nun Əfqanıstan İslam Respublikasında Qətiyyətli Dəstək- qeyri-döyüş missiyasında Azərbaycan sülhməramlı kontingentinin və eyni zamanda Həmid Karzai Beynəlxalq Hava Limanının (HKIA) Qüvvə Qorunması taborunun komandiri vəzifəsində NATO Meritorious Service Medalı (NATO-nun ləyaqətli xidmət medalı) ilə təltif olunan ilk və tək azərbaycanlı zabitdir.Şəhid mayor Rəhim Hüseynov xidmət müddəti ərzində NATO təlimləri və kursları çərçivəsində dünyanın müxtəlif ölkələrində Azərbacan Silahlı Qüvvələrini layiqli şəkildə təmsil etmiş, Azərbaycan bayrağını şərəflə daşımışdır. Azərbaycan Ordusunun mayoru olan Rəhim Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl və Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Rəhim Hüseynov oktyabrın 20-də Qubadlı döyüşləri zamanı şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zaman igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəhim Hüseynov ölümündən sonra "Qarabağ" ordeni ilə təltif edilib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Rəhim Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən, Rəhim Hüseynov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib. Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəhim Hüseynov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilib.
sia.az