"Prezident İlham Əliyevin Daxili İşlər Nazirliyi qarşısında qoyduğu bütün tapşırıqlar və vəzifələr yüksək səviyyədə icra olunur". Bunu SİA-ya millət vəkili Azər Badamov deyib.Deputatın sözlərinə görə, polisimiz ölkədə ictimai asayişin keşiyində, insanların hüquq və azadlıqlarının qorunmasında və cinayətkarlığa qarşı mübarizədə gecə gündüz iş başındadır: "Həm də insanların sağlamlıqlarının qorunması üçün pandemiyaya qarşı mübarizə tədbirlərinin effektiv təşkilində polisimiz fəal iştirak edir.O cümlədən 44 günlük Vətən müharibəsi dövründə də Azərbaycan polisi xüsusi fəadakarlıq göstərmiş və qələbənin əldə edilməsi üçün bütün gücü ilə səfərbər olunmuşdu. Əldə etdiyimiz qələbəmizdən sonra da işğaldan azad olunmuş ərazilərdə tətbiq olunmuş qaydaların icrası və təhlükəsizliyin təmin olunmasında polis əməkdaşları çətin şəraitdə gecə-gündüz çalışırlar. İşğaldan azad olunmuş ərazilərdə xidmətin çətinliyini nəzərə alaraq, həmin ərazilərdə xidmət edən polis əməkdaşlarının əmək haqları hərbiçi qulluqçularda olduğu kimi artırılsa yaxşı olardı. Çünki işğaldan azad olunmuş ərazilərdə xidmət aparan güc strukturlarının əməkdaşlarının sosial müdafiəsinin artırılmasını vacib hesab edirəm.Bu gün ölkəmizdə Azərbaycan Polisi Günü qeyd olunur. Daxili işlər naziri cənab Vilayət Eyvazov başda olmaqla polis orqanlarında öz vəzifəsini vicdanla icra edən bütün əməkdaşların peşə bayramını təbrik edir, bu məsuliyyətli vəzifənin icra edilməsində can sağlığı və uğurlar arzulayıram!".
sia.az