Məlum olduğu kimi Ermənistan Ordusu hazırda yoxdur, Azərbaycan Ordusu tərəfindən müharibə dövründə darmadağın edilibdir və Azərbaycan Ordusu onun silahlı texnikasını, bütün heyətinin böyük əksəriyyətini məhv edibdir. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.Millət vəkili vurğulayıb ki, bu məlumatlar əgər təsdiqlənərsə, burada biz bir neçə məsələni qeyd etməliyik.“Birinci əlbəttə, qeyd etmək lazımdır ki, Paşinyan orduya tam nəzarət edə bilmir. Yəni, orduda Koçaryanın, Sarkisyanın dövründən olan xeyli zabitlər var ki, onlar ümumiyyətlə, Paşinyana tabe olmurlar, onun əmr və göstərişlərini yerinə yetirmirlər və son günlər zaman-zaman cəbhə bölgəsində baş verən hadisələr də bunu bu və ya digər formada təsdiqləyən yanaşmalardandır. Burada məqamlardan biri də odur ki, ola bilsin bu, orduya Paşinyan tam nəzarəti təmin etmək üçün, yenidən ordu yaratmaq üçün, özünün nəzarətində olan, onun əmrini, tapşırıqlarını yerinə yetirən bir ordunun qurulması istiqamətində növbəti atılmış addımlardan biridir. Ümumiyyətlə, qeyd etdiyimiz kimi, Ermənistan Ordusu dağıdılıb və Ermənistanın özünün ordunu saxlamaq üçün kifayət qədər imkanı və potensialı hazırda yoxdur və böyük ehtimalla burada növbəti mərhələdə yeni ordunun yaradılması məsələsi nəzərdən keçiriləcək.Cənab Prezidentimiz dəfələrlə qeyd edib ki, Ermənistan daha çox fikri sülhə yönəltməlidir, əməkdaşlığa tövhə verməlidir. Bəli, Ermənistan Qarabağ iddiasına son qoymalıdır, Zəngəzur dəhlizinin açılması üçün şərait yaradılmalıdır, yekun sülh sazişi imzalanmalıdır. Ermənistan bu barədə daha çox düşünməlidir və bununla bağlı addımlarını atmalıdır. Bütün hallarda Azərbaycan tərəfi dəfələrlə öz xəbərdarlığını edib ki, Ermənistan tərəfi yenidən hansısa təxribat törətməyə cəhd edərsə, bunun qarşısı çox qətiyyətlə alınacaq.Bu gün Ermənistanın ümumiyyətlə, hazırda yeni güclü ordu yaratmaq potensialı və imkanları məhduddur. Çünki, bunun üçün kifayət qədər vəsait yoxdur. Hər halda bir müddətdən sonra bunun məqsəd və məramları bizim üçün də tam aydın olacaq. Amma mən hesab edirəm ki, bu daha çox orduya nəzarəti təmin etmək və özünə sadiq insanlardan ibarət ordunun yaradılması məqsədi daşıya bilər. Yəni, mən bu amilin burada rolunu daha çox görürəm. Amma qeyd etdiyim kimi, Ermənistan daha çox ordu yaratmaq barədə deyil, sülh barədə, bölgə ölkələri ilə, Türkiyə ilə Azərbaycanla əməkdaşlıq barədə ciddi düşünməlidir. Yəni, bu məsələlər daha prioritet məsələlərdir və Ermənistanın düşdüyü ağır vəziyyətdən yeganə çıxış yolu da məhz budur”, deyə Ceyhun Məmmədov bildirib.
sia.az