PDF Oxu

Siyasət

  • 4 925

“Müxalifət xırda problemləri şişirtməyə çalışır” - PARTİYA SƏDRİ MÜNASİBƏT BİLDİRDİ

“Müxalifət xırda problemləri şişirtməyə çalışır” - PARTİYA SƏDRİ MÜNASİBƏT BİLDİRDİ

“Müxalifətin hər bir xırda problemi şişirtməsi, qarışqadan fil düzəltmək istəyi, əslində on illərdi şahidi olduğumuz gedişlərdəndir. Bir Azərbaycan Respublikasının vətəndaşı olaraq Tarif Şurasının indiki qiymət artımı məni də narahat edir. Əlbəttə, hökumət imkan daxilində buna getməməli idi. Başlıcası ona görə ki, “COVİD-19” pandemiyası səbəbindən əhalinin gəlirləri son il yarımda kəskin şəkildə aşağı düşüb. Bu, hər kəsin gördüyü aksiomadır”. Bunu SİA-ya açıqlamasında “Azadlıq Hərəkatçıları” Birliyinin sədri Təhmasib Novruzov deyib.

Onun sözlərinə görə, məsələyə dövlətçilik nöqteyi-nəzərindən yanaşıb təhlil edəndə ortaya başqa mənzərə çıxır: “Pandemiya hər bir vətəndaşın büdcəsinə zərər vurduğu kimi, ölkənin, dövlətin büdcəsinə də milyardlarla zərər vurub. Üstəgəl, belə bir şəraitdə 44 günlük Vətən müharibəsi və tarixi qələbəmiz! Tarixi imkanı əldən buraxıb savaşa girməməliydikmi? Təbii ki, bu suala heç kim yox deyə bilməz. Demək zərurətdən doğan və həm canımız, qanımız, həm də iqtisadi itkilərimiz bahasına da olsa savaşa girməli və torpaqlarımızı azad etməli idik. Bu da büdcəmizə daha bir qaçılmaz zərbə idi. Həmişə suya, qaza, işığa görə dövlət büdcədən datasiya ödəməli olur. İndi dövlət büdcəsinin bu qədər yüklənməsi müqabilində datasiyaların yükünün nisbətən azaldılması zərurəti yarandı. Bunun da yeganə yolu qiymətlərə yenidən baxılması idi. Cüzi artım hər birimizin ailə büdcəsinə manatlar, böyük ailələrin büdcəsinə isə on manatlar əlavə xərcə səbəb olacaq. Gəlin etiraf edək ki, hər birimiz belə manatları, on manatları çox zaman zərurət olmayan yerlərə xərcləyirik. Ona görə insanları hökumətə qarşı qaldırmaqdansa, reallıqdan doğan bu izahı xalqa doğru-düzgün çatdırmalıyıq. Həm də hər birimiz işığa, qaza, suya qənaət etməklə bu zərəri qarşılaya, nəticədə son bir ildə həddən artıq yüklənmiş dövlət büdcəsinə yardım etmiş olarıq. Müxalifətimiz isə reallıqları görməzdən gəlib, xalqı daha da radikallaşdırmaq, qarşıdurmaya çəkmək cəhdi isə siyasi avantüradan başqa bir şey deyil. Bu, dolayısı ilə anti-iqtidar deyil, anti-dövlət fəaliyyətdir ki, bunun da bir adı var, siyasi nankorluq”.

Gülyana

Digər xəbərlər