"Əlbəttə ki, minalanmış ərazilərin xəritələrini Azərbaycanın əldə etməsi bizim işimizi bir qədər asanlaşdırır". Bu sözləri SİA-ya verdiyi açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.Mərkəzin rəhbəri vurğulayıb ki, bu xəritələr olmasaydı, biz məcbur qalırdıq illərlə bu minaların axtarılmasına zaman, enerji, maliyyə xərcləyək.“İnsanlarımız yenə də təhlükə ilə üzləşə bilərdilər. Amma xəritələrin alınması ilə biz bu işi sürətləndirə, minaları daha tez müyyənləşdirərək zərərsizləşdirə bilirik. Lakin bu, o demək deyil ki, biz bütün təhlükələrdən sığortalandıq və yenə də, çox təəssüf ki, partlayışlar ola bilər. Amma əsas odur ki, böyük ölçüdə minalanmış ərazilərin yerləri artıq bizə bəlli oldu. Bunları indi sürətlə neytrallaşdırmaq, zərərsizləşdirmək lazımdır ki, daha sonra biz məskunlaşmanı, inşaat işlərini sürətləndirə bilək. Ona görə ki, biz insanlarımızı nə qədər tez Qarabağa köçürsək, geosiyasi baxımdan bu, bizim maraqlara uyğun olar. Çünki ermənilər düşünürlər ki, Qarabağda yalnız onlar yaşaya bilərlər və ətraflarında heç kim olmamalıdır. Biz bu prinsipi darmadağın etməliyik və ona görə də xəritələrin əldə edilməsi əlbəttə ki, bizim üçün müsbət bir hadisədir. Minaları zərərsizləşdirməklə köçü, inşaat işlərini sürətləndirməliyik.Amma yenə də nəzərə almaq lazımdır ki, düşmən hiyləgərdir və düşmənə o qədər də inanmaq olmaz. Ola bilsin ki, verilməyən xəritələr də var, yaxud verilən xəritələri dəqiqləşdirmək lazımdır ki, nə qədər həqiqətə uyğundur. Yenə də təkrar edirəm, söhbət hiyləgər bir düşməndən gedir. Amma bütün hallarda bu xəritələrin əldə olunması bizim işimizi bir qədər asanlaşdıracaq və digər işlərimizi biz sürətləndirə biləcəyik”, deyə Elxan Şahinoğlu bildirib.
sia.az