PDF Oxu

Siyasət

  • 3 078

“Füzuli və Zəngilanın mina xəritələrinin əldə olunması Prezidentin diplomatik uğurudur” - Məşhur Məmmədov

“Füzuli və Zəngilanın mina xəritələrinin əldə olunması Prezidentin diplomatik uğurudur” - Məşhur Məmmədov

“Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarında, müsahibələrində, ölkəmizdə səfərdə olan diplomatik nümayəndələrlə görüşü zamanı dəfələrlə vurğulayıb: “Ermənistan bizə minaların xəritəsini verməyib. Bu, daha bir müharibə cinayətidir. Çünki bunu etmək onların borcudur”. Bəli, borcu olmaqla, zaman onu göstərdi ki, Prezident İlham Əliyev nəyi, necə və nə vaxt etmək lazımdırsa, yaxşı bilir. Və ermənilərin basdırdıqları minalar onların məqsədlərinə xidmət etmədi və öz əhəmiyyətini itirdi. Qürurvericidir ki, son 18 illik prezidentlik fəaliyyəti dövründə nəyi, necə və nə vaxt etmək lazımdırsa, yaxşı bilən “Dəmir yumruq” siyasətinin müəllifi Prezident İlham Əliyev 30 illik həsrətə 44 gün ərzində “Qarabağ Azərbaycandır” nidasını qoyduğu kimi, qələbəmizin 7 ayı ərzində işğaldan azad olunan Ağdam, onun ardınca Füzuli və Zəngilanda basdırılan minanın xəritələrinin əldə edilməsi dövlət başçımızın beynəlxalq siyasətdə və diplomatiyada növbəti qətiyyətli diplomatik qələbəsidir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Məşhur Məmmədov deyib.Məşhur Məmmədov onu da bildirib ki, 10 min kvadrat kilometrdən çox olan işğaldan azad edilən ərazilərimizdən 12 iyunda Ağdam rayonunda basdırılmış 97 min minanın xəritəsini, 3 iyulda isə Zəngilan və Füzuli rayonlarında basdırılmış 92 min minanın xəritəsinin verilməsinin 10 minlərlə vətəndaşımızın minaya düşərək həlak olmasının qarşısının alınması deməkdir: “Dövlət başçımızın dediyi kimi: “Biz ədaləti bərpa etdik. Təcavüzkar bizim torpaqlarımızdan qovuldu və indi bərpa vaxtıdır. Lakin bu, vaxt aparacaq. Çünki əlbəttə ki, ən böyük problem minalardır. Müharibə bitəndən sonra bizdə artıq onlarla itki olub, o cümlədən minalardan ölənlər olub». Bəli, hər bir minaya düşmə halı ermənilərin növbəti cinayətidir. Çünki 10 noyabrda imzalanmış üçtərəfli bəyanat regionda dayanıqlı və uzunmüddətli sülhün təmin edilməsinə hesablanmış bəyanatdır. Azərbaycan bu bəyanata uyğun olaraq hərbi əməliyyatlarını dayandırıb, növbəti mərhələnin isə dinc şəkildə icra olunması üçün əlindən gələni edir. Ancaq həmişə olduğu kimi, işğalçı Ermənistan üçtərəfli bəyanatın icrasını müəyyən qaydada təmin etsə də, özlərinin cinayətkar əməllərindən əl çəkmir, işğaldan azad olunmuş torpaqlarımızda minalanmış ərazilərin xəritəsini təqdim etmir və hər bir minaya düşmə halı ermənilərin növbəti cinayətidir, zaman gələcək ermənilər bunun da cavabını verəcək”.Millət vəkili M.Məmmədov onu da vurğulayıb ki, nə qədər Ermənistan 10 noyabr sazişinə sadiq qalmayaraq, mina xəritələrinin Azərbaycana təqdim edilməsindən boyun qaçırsa da, yenə də Azərbaycanın, Azərbaycan Prezidentinin dediyinə əməl etdi, çünki Azərbaycan diktə edən bundan sonra da belə olacaq: “Qeyd edim ki, ötən dövr ərzində Ali Baş Komandanımız, möhtərəm Prezidentimiz İlham Əliyev bütün görüşlərində beynəlxalq təşkilatlar və dövlət rəsmiləri qarşısında məhz bu problemi qaldırdı. Ermənistana təzyiq edilməsi ilə əlaqədar olaraq onlara müraciət etdi. Ermənistan tərəfindən Ağdam, bu gün isə Füzuli və Zəngilan rayonlarının ərazilərində basdırılmış minaların xəritələrinin Azərbaycana təhvil verilməsi, məhz Qalib liderimizin növbəti diplomatik uğurudur. Məhz bunun nəticəsində həmin ərazilərdə basdırılmış minaları asanlıqla təmizləyəcəyik, həm vətəndaşlarımızın həyatını xilas edəcəyik, həm də dövlət milyonlarla vəsaitə qənaət etmiş olacaq. Həmçinin, minaların təmizlənməsi uzun müddət tələb edirdi. Ümid edirik ki, Cənab Prezident tərəfindən həyata keçirilən bu siyasət tezliklə digər bölgələrimizdə basdırılmış minaların xəritələrinin əldə etməsinə müsbət nəticələrini verəcək. Və Ermənistan bu reallığı qəbul edəcək, gücümüzü və bizim diktə edən tərəf olduğumuzu anlayacaq, Azərbaycanın sərhədlərini tanıyacaqlar. Azərbaycanla sülh sazişi imzalamağa məcbur olacaqlar və tezliklə Zəngəzur dəhlizinin fəaliyyətə başlaması ilə əlaqədar olaraq Ermənistan da öz öhdəliyini yerinə yetirəcək. Əslində, istədiyimiz kimi də oldu. Minalanmış ərazilərin xəritələri nə qədər tez verilərsə, Azərbaycan da həmin ərazilərdə infrastruktur layihələrini o qədər tez başa çatdıracaq.Bir sözlə, hazırkı dövrdə minalanmış ərazilərin təmizlənməsi, növbəti ərazilərin mina xəritələrinin təhvil verilməsi, bölgədə humanitar aksiyaların sayının artırılması zəruridir. Nəticə etibarilə biz minalanmış ərazilərin xəritələrini Ermənistandan bir-bir alaraq öz hədəflərimizə çatmaqdayıq, çünki zaman bizim xeyrimizə işləyib və bundan sonra da belə olacaq. Çünki biz qalib tərəfik və şərtləri də biz bəyan edirik. Əminik ki, bütün bunlar Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Qarabağa, sözün bütün mənalarında, Böyük Qayıdış hərəkatını da sürətləndirəcək. Çünki Qarabağ Azərbaycandır!”

sia.az

Digər xəbərlər