Füzuli və Zəngilan rayonlarının mina xəritələri də Azərbaycana təhvil verildi
Ötən il Azərbaycanın şanlı tarixinə 44 günlük Vətən müharibəsi kimi düşən İkinci Qarabağ savaşı uğurla yekunlaşandan sonra xalqımız və dövlətimizin qarşısında yeni məsul vəzifə dayandı. Bu, işğaldan azad edilmiş tarixi və əzəli torpaqlarımızda quruculuq, bərpa işlərinin aparılması, yenidən Qarabağa həyatın qaytarılmasıdır. Artıq dövlətimiz bu istiqamətdə genişmiqyaslı işlər görür, əcnəbi şirkətlərlə birgə yeni iqtisadi, quruculuq layihələri hazırlanır, hətta infrastrukturun bərpası ilə bağlı bir çox ilkin tədbirlər həyata keçirilir. Təbii ki, bütün bu mənzərələrin fonunda ölkə başçısının işğaldan azad olunmuş ərazilərə mütəmadi səfərlər etməsi quruculuq və bərpa işlərinin daha operativ və effektiv şəkildə davam etdirilməsini təmin edir.Ancaq bu gün mənfur düşmən terror siyasətini təkcə işğal dövründə deyil, məğlubiyyətdən sonra da davam etdirir. Ermənistan hər yeri, hətta hərbi təyinatı olmayan əraziləri də minalayıb. Əsas məqsədi, əlbəttə ki, mümkün qədər çoxlu sayda mülki şəxslərin həlak olmasını təmin etmək, hər vəchlə işğaldan azad olunmuş ərazilərin bərpası istiqamətində həyata keçirilən işlərə mane olmaqdır.Azərbaycan Prezident İlham Əliyev bütün görüş və müsahibələrində söügedən məsələyə aydınlıq gətirərkən bildirmişdir ki, Ermənistan cinayətkar əməllərini müharibədən sonra da davam etdirir: «Biz işğaldan azad olunmuş ərazilərin təhlükəsizliyini bu gün kifayət qədər təmin edirik, müntəzəm reydlər keçiririk, pilotsuz uçuş aparatları vasitəsilə və vizual şəkildə monitorinq aparırıq. Buna görə vəziyyət tam nəzarət altındadır. Bundan əlavə, əlbəttə, ərazilərin minalanması əsas çətinlikdir. Ona görə ki, erməni tərəfi minalanmış sahələrin xəritələrini bizə təqdim etməyib. Yeri gəlmişkən, bu da cinayət hesab edilə bilər. Ona görə ki, hərbi əməliyyatlar başa çatandan sonra bizdə həm hərbi qulluqçular, həm də mülki şəxslər arasında bir neçə hadisə olub, bu insanlar yalnız ona görə həlak olub ki, minalanmış sahələrin xəritələri bizə təqdim edilməyib. Minalanmış sahələrin xəritələrini verməmək cinayətdir».Ancaq bu gün Cənab Prezident İlham Əliyevin rəhbərliyi və qətiyyəti ilə işğaldan azad olunmuş ərazilərimizi Füzuli və Zəngilan ərazisində mina xəritələrinin Azərbaycana verilməsi Prezident İlham Əliyevin uzaqgörən siyasəti, diplomatik məharəti və Azərbaycan diplomatiyasının növbəti uğurudur.Doğrudur, ermənilər müxtəlif bəhanələr gətirərək, həmin xəritələri bir müddətdir Azərbaycana verməkdən imtina edir, daha çox azərbaycanlının minalar nəticəsində həyatını itirmələrinə nail olmağa çalışırdılar. Ancaq Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət, diplomatik səylər nəticəsində onların bu istəkləri iflasa uğradı. Bu gün Azərbaycanın döyüş meydanında qazandığı qələbəsi davamlı xarakter alıb və növbəti qələbəmizin göstəricisidir ki, 3 iyulda işğaldan azad olunmuş daha iki rayonun – ermənilərin uzun illər minaladığı Füzuli və Zəngilanda 92 min mina xəritələrinin əldə olunması həmin uğurun davamı olmaqla, bu, 10 minlərlə vətəndaşımızı minaya düşərək həlak olmasının qarşısının alınması deməkdir. Zaman onu göstərdi ki, Prezident İlham Əliyev nəyi, necə və nə vaxt etmək lazımdırsa, yaxşı bilir. Bu gün ermənilərin basdırdıqları minalar onların məqsədlərinə xidmət etmədi və öz əhəmiyyətini itirdi və tezliklə minalanmış bütün ərazilərin xəritələri bizə veriləcək. Həmçinin, sözügedən xəritələrin bizə verilməsi regionda davamlı sülhün əldə olunmasına, həmin ərazilərdə yenidənqurma və bərpa işlərinin nizamlı şəkildə sürətlənməsinə imkan yaradır. Hazırda Ağdamdan sonra ən böyük infrastruktur layihələri Füzuli rayonunda həyata keçirilir. Burada yeni hava limanı, dəmir yol xətləri və avtomobil yolları inşa olunur. Bu baxımdan, Füzuli xüsusi strateji əhəmiyyət kəsb edir.Bu mənada deyə bilərik ki, hər addımında ölüm saçan istər Ağdamın, istər Füzuli və Zəngilanın, istərsə də bundan sonra işğaldan azad olunmuş ərazilərimizin mina xəritələrinin əldə olunması məhz Azərbaycan Prezidenti İlham Əliyev cənablarının qətiyyətli, diplomatik siyasətinin qələbəsidir.Beləliklə, Prezident İlham Əliyevin strateji və taktiki siyasi xətti davam edir. Çünki qarşıda hələ çox işlər durur. Ermənistan da zənn etməməlidir ki, Ağdam, Füzuli, Zəngilanla hər şey bitdi, işğaldan azad olunan digər rayonlara basdırılan minaların da xəritəsi tək-tək Azərbaycana təhvil verilməlidir. Bunu məcbur qalmadan etsə, hər şey bu ölkənin özü üçün də faydalı olacaq. Çünki bu gün Azərbaycan şərtləri diktə edən ölkədir.
HƏMİD PƏNAHOV,
YAP Qazax rayon təşkilatının sədri