“Moskvada Rusiya prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında keçirilən görüş kifayət qədər maraqlıdır. Eyni zamanda, bu görüşdə yenə də Rusiya bütün məsələlərə ikili standartla yanaşıb. Əvvəla, qeyd olunub ki, Paşinyan yenidən Baş nazir seçildikdən sonra bu onun Moskvaya ilk rəsmi səfəridir. Paşinyanı Rusiya dəvət edib, daha doğrusu çağırıb. O da dövlət başçısı statusunda Moskvaya gedib. Görüşdə müzakirə olunan məsələlər çoxdur. Onları 2 qrupa bölmək olar. Birincisi sırf Ermənistan-Rusiya münasibətləridir. İkincisi bizə, daha doğrusu Azərbaycan-Ermənistan münasibətlərinə aid olan hissədir. Ermənistan-Rusiya münasibətlərində müzakirə olunan əsas məsələlərdən birincisi Rusiya-Ermənistan arasında ticarət dövriyyəsinin artırılması ilə bağlıdır. Putin bildirib ki, Ermənistana qoyulan investisiyaların 40 faizi Rusiyaya məxsusdur. Yəni, bunun cavabını versinlər. Paşinyan da təklif edib ki, Rusiya Ermənistanda yeni Atom Elektrik Stansiyası tiksin. Sonra koronavirusla bağlı cəmi 15 min doza göndərilib və Ermənistan bunun da artırılmasını xahiş edib”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.Onun sözlərinə görə, digər bir məsələ isə Ermənistanla Rusiya arasında birləşmiş qoşunların yeni dislokasiyasıdır. Həmçinin, də hava hücumundan müdafiə sisteminin birgə həyata keçirilməsidir: "Çünki, 2016-cı ildən artıq Ermənistanla Rusiyanın birləşmiş qoşunları var. Bu məsələni birinci tərəfidir. Məsələnin Azərbaycana aid olan tərəfi isə, burada birincisi həm Putin, həm də Paşinyan Dağlıq Qarabağ terminini işlədir. Hələ bu azmış kimi, Paşinyan biraz da uzağa gedib Dağlıq Qarabağ probleminin həll olunmadığını gündəmə gətirir. Daha sonra 10 noyabrda imzalanmış ikitərəfli bəyannamədə nəzərdə tutulan hərbi əsirlərin dəyişdirilməsi məsələsində yenə də Azərbaycanı ittiham edərək bildirib ki, bu məsələ axıracan həll olunmayıb.Üçüncüsü, Paşinyan Putinə yaltaqlanaraq deyib ki, bəs Dağlıq Qarabağ ərazisində rus sülhməramlılarının olması hər iki tərəf üçün xeyirlidir. Bu nə dərəcədə Azərbaycan üçün xeyirlidirsə, artıq bilirik. Bundan başqa da, Paşinyan Dağlıq Qarabağ münaqişəsinin həll olunmadığını bildirib. Yəni, təkcə hərbi əsir və girovlarla bağlı yalan danışmaqla bərabər, burada da həm yalan danışıb, həm Ermənistanın daxili publikasına, o cümlədən Qarabağda yaşayan ermənilərə mesaj verib. Amma məsələ ondadır ki, danışıq başlamamışdan öncə Azərbaycan Prezidenti lazımi addımlar atmışdı. Azərbaycan ərazisində artıq, nəinki Dağlıq Qarabağ, ümumiyyətlə başqa inzibati bölgü yoxdur. Yəni, bu məsələlərin müzakirə olunmasından söhbət gedə bilməz. Üçtərəfli bəyanatlarda bu öz əksini tapıb”.Cümşüd Nuriyev sözlərinə belə davam edib: “Digər Azərbaycana aid olan və yeganə Putinin düzgün mövqe tutduğu məsələ kommunikasiyaların açılmasıdır. Düzdür, konkret olaraq Zəngəzur dəhlizinin açılması ilə bağlı söhbət getmir. Amma Putin bildirib ki, blokadadan çıxmaq üçün bu kommunikasiyalar açılmalıdır. Burada da konkretlik olmadığına görə, Ermənistan mediası bunu Paşinyanın dırnaqarası qələbəsi kimi qeyd ediblər. Ermənistan mediası deyir ki, artıq Rusiya Paşinyanla hesablaşır. Həm Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində, gələcəkdə guya bu həll olunacaq, həm sülhməramlıların yerləşdirilməsi məsələsində, həm sərhəd məsələsində Rusiya Ermənistan birləşmiş qoşunlarının birgə fəaliyyət göstərməsi ilə bağlı məsələlərdir. Amma Putin bir şeyə diqqət yetirməlidir ki, həmin üçtərəfli bəyanatda nəzərdə tutulan 10 noyabr 2020 və 11 yanvar 2021-ci ildə imzalanmış bəyanatlarını Putinin yadına salmaq lazımdır ki, bəs sən bunu imzalamısansa, niyə bu günə qədər Dağlıq Qarabağın ərazisində bir dənə azərbaycanlı qaçqının qaldırılması ilə bağlı məsələ salınmayıb. Necə olur ki, rus sülhməramlıları hətta heç vaxt Dağlıq Qarabağda yaşamayan erməniləri belə gedib gətirib. Artıq 400-ə yaxın erməni Xankəndinə yerləşdirilib. Bunu həm Ermənistan, həm də Rusiya mətbuatı yayıb. Bugünə qədər Zəngəzur dəhlizi ilə bağlı hər hansı bir addım atılmayıb. Bu da Putinin yadından çıxmamalıdır. Ona bir şeyi də xatırlatmaq lazımdır ki, Qafqazın açar dövləti Azərbaycandır, Ermənistan deyil. Əgər, Rusiya Azərbaycanla gələcək strateji tərəfdaşlığı davam etdirmək istəyirsə, Azərbaycanın dövlət maraqlarını nəzərə almalıdır. Əks təqdirdə, Azərbaycan öz dövlət maraqlarına uyğun olaraq hərəkət edəcək”.“Mən inanıram ki, cənab Prezidentin Qarabağla və Şərqi Zəngəzurla bağlı verdiyi Fərman təkcə inzibati ərazi bölgüsü deyil, bu bir siyasi qərardır və eyni zamanda, Azərbaycanın yeni siyasi-inzibati xəritəsinin tərtib olunması, yeni iqtisadi rayonların formalaşdırılması deməkdir. Yəni, Rusiya reallıqla hesablaşmalı və bunları nəzərə almalıdır. Əks, təqdirdə Rusiyanın Azərbaycanla olan strateji əməkdaşlıq məsələlərinə kölgə düşmüş olacaq”.
sia.az