Nikol Paşinyanın köməkçisini Xankəndiyə göndərməsi suallar doğurur
Ermənistanın baş naziri vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyan köməkçisi Qagik İsaxanyanı Qarabağa - Rusiya sülhməramlılarının nəzarətində olan Azərbaycan ərazilərinə göndərir. SİA xəbər verir ki, bu barədə verilən qərar Ermənistan hökumətinin rəsmi saytında da yer alıb. Erməni KİV-lərinin yazdıqlarına görə, Paşinyanın köməkçisi İsaxanyan Xankəndiyə “dördgünlük işçi səfəri” çərçivəsində ezam olunub. Həmçinin bildirilir ki, o, Xankəndidən geri döndükdən sonra üç gün müddətində “səfərinin nəticələri” barədə hesabat verməlidir.
Paşinyan İlham Əliyevin xəbərdarlığından sonra Qarabağa getməkdən qorxur və buna cürət etmir
Qeyd edək ki, Nikol Paşinyanın ayağı Azərbaycan torpaqlarına sonuncu dəfə ötən ilin oktyabrında, döyüşlərin qızğın getdiyi vaxtda dəyib. Kapitulyasiyadan sonra isə Azərbaycan erməni tərəfinə qarşı xəbərdarlıq edib və Ermənistan rəsmilərinin İrəvandan Xankəndiyə səfərlərinə qarşı ciddi ölçülər götürüləcəyini vurğulayıb. Bu sərt xəbərdarlıq əsasən, hökumət nümayəndələri ilə yanaşı, xarici işlər nazirinin Qarabağa Azərbaycanın icazəsi olmadan daxil olmalarından sonra baş verib.İndi isə Paşinyan çox yəqin ki, Azərbaycan ərazilərində görünməkdən, Qarabağa səfər etməkdən qorxur və buna heç cürət də etmir. Lakin bunun yerinə o öz köməkçisini “ezam” etmək qərarını verir.
Hələ də özlərinin “artsax” xəyallarında xam düşüncələrinə dalırlar
Görünür, bu fakt həm də sübut edir ki, İrəvandakılar hələ də Qarabağın kimin ərazisi olması reallığı ilə barışa bilmirlər və hələ də özlərinin “artsax” xəyallarında xam düşüncələrinə dalırlar. Amma bunun belə davam etməyəcəyini Azərbaycanın dövlət başçısı, Prezident İlham Əliyev də bir neçə dəfə vurğulayıb və barmağını silkələyib.Nəticə çıxarmaq isə tam məsuliyyəti ilə məhz Ermənistan rəhbərliyinin üzərindədir. Yəni bu cür davam edəcəyi halda, onsuz da bərkiməmiş atəşkəs amili, İrəvanın imzalamaqdan imtina etdiyi sülh müqaviləsi bu dəfə daha böyük sual altında qala bilmək ehtimalını artırır. Qısacası, Azərbaycanın növbəti cavabı daha ağır və sərt ola bilər və bunu gözləmək kifayət qədər mümkündür.
sia.az