“ABŞ, Rusiya və Fransa səfirlərinin Azərbaycanın rəsmi dəvətinə baxmayaraq Şuşa səfərindən imtina etmələri, əsasən, heç də tərəfsizliyi qorumaq deyil. Bu, xüsusilə Minsk qrupunun fəaliyyətini qoruyub saxlamaq, həmçinin münaqişənin davam etdiyini göstərməkdir. Bununla Qarabağın statusunun həll edilmədiyini və Şuşanın bu status daxilində olduğunu mesajını verməkdən ibarətdir”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.Ekspertin sözlərinə görə, onların bu fəaliyyəti separtizmə dəstək və Azərbaycanın ərazi bütövlüyünə qarşı olmaqdır: “Regionda ümumi sülhü, təhlükəsizliyi ciddi təhdid edən bu davranışlar göstərir ki, Minsk qrupunun həmsədr ölkələri birdaha münaqişənin beynəlxalq hüquq normalarına uyğun həllində maraqlı olmayıblar. Azərbaycan heç vaxt Ermənistanla birgə Qarabağ məsələsini müzakirə etməyəcək. Çünki artıq bu məsələ bitib. Bir müddətdən sonra Minsk qrupunun həmsədr ölkələri növbəti dəfə Azərbaycana təzyiq etmək planına malikdirlər. Amma Şuşa bəyannaməsi belə bir təzyiqlərin qarşını alacaq”.M.Əsədullazadə vurğulayıb ki, göründüyü kimi, ABŞ, Fransa və Rusiyanın və bir neçə qərb ölkələrinin əsas planı Qarabağda ermənilərə status tanımaqdan ibarətdir: “Minsk qrupunun bu fəaliyyəti Ermənistanın və Qarabağda yaşayan ermənilərin əleyhinə olacaq. Necə ki, 30 il ərzində Minsk qrupu çalışdı ki, Azərbaycandan əraziləri qoparsın, ermənilərə status versin. Nəticədə, bu, Ermənistan və Qarabağdakı ermənilərin faciəsi ilə bitdi. 44 gün ərzində bir dövlət dizlərini yerə qoydu. Hazırda da eyni ssenarini bəzi dövlətlər davam etdirəcəklərsə, ilk növbədə, bundan yenə ermənilərə zərbə dəyəcək. Birinci, Qarabağ münaqişəsi başa çatıb. İkinci, Azərbaycan heç vaxt ermənilərə status verməyəcək. Üçüncü, Azərbaycana qarşı son dərəcə təhlükəli plana malikdirlər. Bu, bir daha göstərir ki, Minsk qrupunun bərpası Azərbaycanın milli təhlükəsizliyini, suverenliyini təhdid edəcək”.
sia.az