PDF Oxu

Siyasət

  • 4 321

Vandalizmə məruz qalan dini abidələrimizə yeni həyat verilir

Vandalizmə məruz qalan dini abidələrimizə yeni həyat verilir

Prezident İlham Əliyev: "Dinlərarası dialoqun Azərbaycanda qədim tarixi vardır və müasir Azərbaycan dövləti bu ənənələrə sadiqdir"

44 günlük Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərimizin bərpasına başlanılıb və yenidənqurma proqramı həyata keçirilir. Erməni barbarlığının nəticəsi olaraq 30 ilə yaxın müddətdə işğal altında saxlanılan ərazilərimizdəki yaşayış məntəqələrimizin əksəriyyəti dağıdılıb, fərdi və çoxmənzilli yaşayış evləri yerlə-yeksan olunub. Bu ərazilərdə ermənilər tərəfindən aparılan şumlama əməliyyatı neçə əsrlik tarixi olan ölkənin sərvətlərinə qarşı sözün əsl mənasında vandallıqdır. Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin göstəriş və tapşırıqlarına əsasən, dağıdılmış infrastruktur yenidən qurulur və qısa bir zamanda yeni bir həyata başlanılacaq. Ermənilərin xarabalığa çevirdiyi məkanlar tezliklə abadlaşacaq, çiçəklənəcək.Əlbəttə ki, ermənilərin viran qoyduqları ərazilərə bu gün xarici dövlətlərin nümayəndələri, KİV nümayəndələri, qeyri-hökumət təşkilatları və s. səfər edərək erməni təcavüzkarlığı, barbarlığı ilə əyani olaraq tanış olurlar. Səfər çərçivəsində Ağdam, Füzuli, Şuşa kimi işğal altında olmuş ərazilərimizdə erməni terroristlərinin törətdikləri vəhşilik nəticəsində dağdılan, viran qoyulan maddi-mədəniyyət nümunələrimiz, dini abidələrimiz, yaşayış yerlərimizlə tanış olmaq imkanı yaranır. Bu günlərdə Azərbaycandakı dini konfessiyaların rəhbərlərinin Şuşaya səfəri və viran qalmış yerləri ziyarət etmələri əlbəttə ki, ölkəmizdə tolerant və multikultural mühitdə yaşayan müxtəlif xalqların Azərbaycan həqiqətlərini bir daha yaxından görməsində önəmlidir. Xüsusi olaraq vurğulamalıyıq ki, xristianlığın ayrı-ayrı cərəyanlarının icmalarının sərbəst şəkildə fəaliyyət göstərdiyi Azərbaycan dini inancların icra edildiyi ölkələr içərisində birinci yerdədir. Ölkəmizdə 7 sinaqoq və 4 gürcü kilsəsi, Rus Pravoslav Kilsəsi, Alman Kirxası və s. fəaliyyət göstərir. Hətta Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə baxmayaraq, Bakıda erməni kilsəsi lazımı şəkildə qorunub-saxlanılır. Azərbaycanda yaşayan qədim yəhudi, xristian, udin və digər milli azlıqların yaşayış məskənləri olan Krasnaya Sloboda, Nic və İvanovka kəndləri dövlətin daim diqqət və qayğısı ilə əhatə olunub. Qubadakı Qırmızı Qəsəbədə çayın bir sahilində sinaqoqlar, o biri sahilində məscidlər fəaliyyət göstərir. Təkcə bu bir fakt Azərbaycanda multikulturalizm və tolerantlıq ənənələrinin mövcudluğunun bariz göstəricisidir.Azərbaycan nəinki ölkə ərazisində olan dini abidələrin qorunub saxlanılması və bərpa və təmir olunmasına diqqət ayırır, hətta ölkəmizdən kənarda belə bir missiyanı gerçəkləşdirir. Azərbaycanın Birinci Xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Roma şəhərinin ətrafında yerləşən 60-a yaxın katakombaların bərpasında əhəmiyyətili işləri həyata keçirmişdi. Müqəddəs Marçellinio və Pietro katakombaları xristian aləmi üçün ən mühüm və ən maraqlı abidələrdən biridir və bu addım dinlər və mədəniyyətlərarası dialoqun daha bir parlaq nümunəsi olaraq tarixə yazıldı. Romanın belə nüfuzlu arxeoloji abidəsinin bərpasına töhfəsini verən Heydər Əliyev Fondu tarixi missiyasını həyata keçirmiş oldu. Heydər Əliyev Fondunun Fransanın Orn Departamentinin Santiyi, Fresnay o Sovaj, San-İler la Jerar, Tanvil, Kurjust, Revoyon və Mal yaşayış qəsəbələrində X-XII əsrlərə aid 7 kilsənin bərpasına yardım etməsi əlbəttə ki, ölkəmizin dinindən, irqindən asılı olmayaraq, bütün xalqların dini abidələrinə hörmət və ehtiramın nümunəsidir.
QƏDİM ZƏRDÜŞT MƏBƏDİ ÜZƏRİNDƏ İNŞA OLUNAN QAZANÇI KİLSƏSİNDƏ TƏMİR-BƏRPA İŞLƏRİ APARILIR
Əlbəttə ki, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbərinin, Bakıdakı Avropa yəhudiləri icmasının rəhbərinin, Roma-Katolik kilsəsinin Azərbaycandakı ordinarisinin, Alban-udi dini icmasının rəhbərinin, Rus Pravoslav kilsəsinin nümayəndələrinin və Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının üzvlərinin iştirak etdiyi səfər çərçivəsində din xadimlərinin Şuşadakı vəziyyəti görmələri erməni vandallarının niyyəti, onların dini abidələrə qarşı münasibəti ətrafında lazımı təsəvvür oyatmış oldu. Azərbaycan ərazisindəki bütün abidələr dövlət səviyyəsində qorunduğu bir zamanda erməni vəhşiləri məscidlərimizə qarşı amansız rəftar etmişdilər.Erməni vandalizminin, saxtakarlığının nəticəsi olaraq abidələrimiz öz görkəmini itirib,Səfər çərçivəsində nümayəndə heyəti Qazançı kilsəsində aparılan təmir-bərpa işləri ilə tanış olub, rus pravoslav kilsəsinə baş çəkiblər. Otuz ilə yaxın davam etmiş işğal dövründə işğalçı Ermənistanın vandalizminə məruz qalan Şuşada məscidlər, mədrəsələr, imarətlər, karvansaralar, kilsələr, muzeylər və digər mühüm abidələr yenidən həyata qaytarılır. Bu, Azərbaycan dövlətinin öz irsinə, tarixinə olan isti münasibətidir. İşğaldan azad olunan ərazilərimizdə Azərbaycan dövləti tərəfindən həyata keçirilən nəhəng yenidənqurma işləri, o cümlədən Şuşada aparılan bərpa və quruculuq işləri şəhərin tarixi simasının bərpa edilməsi məqsədilə, Şuşanın orijinal memarlıq üslubuna uyğun olaraq gerçəkləşdirilir. Əlbəttə ki, Qazançı kilsəsinin də bərpası həyata keçiriləcək tədbirlər sırasında yer alıb. Mənbələrdə Kilsənin 1868-ci ildə qədim zərdüşt məbədi üzərində inşa olunmağa başlanıldığı qeyd olunur. Kilsənin inşası 1880-ci illərdə yekunlaşdırılıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə dövlət qeydiyyatına alınan kilsə ilk dəfə Azərbaycan SSR Nazirlər Sovetinin 1988-ci il 27 aprel tarixli 145 nömrəli qərarı ilə abidələr siyahısına daxil edilib. Qazançı kilsəsinin də tarixi sənədlər, arxiv materialları əsasında bərpa edilməsi nəzərdə tutulur. Erməni vandalizminin, saxtakarlığının nəticəsi olaraq abidələrimiz öz görkəmini itirib, tarixi saxtalaşdırılıb. Azərbaycan Prezident İlham Əliyev çıxışlarının birində qeyd etmişdir ki, Azərbaycan dövləti tarixi-dini abidələrimizin qorunması və yeni dini məbədlərin inşası istiqamətində səylərini əsirgəmir: "Azərbaycan dövlətinin maliyyə dəstəyi ilə bütün dinlərin məbədləri əsaslı şəkildə təmir edilmiş və ya yenidən tikilmişdir. Beləliklə, dinlərarası dialoqun Azərbaycanda qədim tarixi vardır və müasir Azərbaycan dövləti bu ənənələrə sadiqdir".
ERMƏNİ VANDALİZMİ VƏ BARBARLIĞI ŞUŞANIN HƏR DAŞINDA, HƏR PARÇASINDA GÖRÜNMƏKDƏDİR
Dini tolerantlıq mərkəzi olan Azərbaycanda bütün dinlərə hörmət və ehtiramla yanaşılır. Cari ilin mayın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən təməli qoyulan Şuşada inşa olunacaq yeni məscid dini ocaq və modern memarlıq nümunəsi olacaq. Məscidin xarici səthi Şuşanın qədim məscidinin minarələrində istifadə edilən naxışlara uyğun bəzədiləcək. Bu gün Heydər Əliyev Fondu Şuşada Aşağı Gövhər ağa, Yuxarı Gövhər ağa və Saatlı məscidlərinin bərpa-təmir işlərini aparır. Adlarını çəkdiyimiz məscidlər ölkə əhəmiyyətli tarixi-mədəniyyət abidələri siyahısındadır. Ermənistanın Şuşanı işğalda saxladığı dövrdə bir çox tarixi-mədəni abidələrlə yanaşı, bu məscidlər də vandalizmə məruz qalıb. Yalnız beynəlxalq təşkilatların təzyiqləri nəticəsində Şuşa şəhərindəki Aşağı Gövhərağa, Yuxarı Gövhərağa və Saatlı məscidlərinin divarlarını salamat saxlamaq mümkün olub. Bu və ya digər dəlillər deməyə əsas verir ki, Ermənistan qanunsuz silahlı birləşmələri tərəfindən dövlət əmlakının və xüsusi mülkiyyətdə olan əmlakın məhv edilməsi, talan edilməsi ilə bağlı Azərbaycan dövlətinə və vətəndaşlarına küllü miqdarda ziyan vurub. Bildiyimiz kimi, artıq Heydər Əliyev Fondu qədim Qarabağ torpağında dini abidələrimizin, məscidlərimizin bərpası üzrə layihəyə başlayıb. Ermənilərin vəhşicəsinə dağıtdığı, tövləyə çevirdiyi müqəddəs dini məkanlarımız yenidən qurulacaq və bərpa olunacaqdır.Azərbaycanın işğal altında olmuş torpaqlarında erməni işğalçılarının özbaşınalığı, tarix və mədəniyyət abidələrimizin dağıdılması və qəsdən korlanması "Arxeoloji irsin mühafizəsi haqqında" Avropa Konvensiyasına, "Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında" YUNESKO-nun konvensiyasına ziddir. İşğal altındakı torpaqlarımızda təqribən 403 tarixi dini abidə olub ki, onlardan 67-i məscid, 144-ü məbəd, 192-i ziyarətgahdır. 67 müsəlman məscidinin 63-ü tamamilə, 4-ü isə qismən dağıdılaraq yararsız hala salınıb.Şuşaya səfər edən dini konfessiyaların rəhbərləri buranın yetirdiyi böyük sənətkarların, tanınmış şəxsiyyətlərin Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinə baxıblar. Erməni vandallığının daha bir nümunəsi bax, bu güllələnmiş heykəllərdir. Cansız və dilsiz heykəllər. Azərbaycan musiqisindən, ədəbiyyatından bir tarix danışan heykəllər. Bakıda İncəsənət Muzeyinin həyətində saxlanılan və Şuşa erməni işğalından azad olunandan sonra heykəllər Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən əvvəlki məkanına, yurd yerinə qaytarıldı.Azad edilmiş torpaqlara bu gün səfər edən hər kəs erməni vəhşiliyini öz gözləri ilə görür. Erməni vandalizmi və barbarlığı işğaldan azad olunan torpaqlarımızın hər bir daşında, hər bir parçasında açıq-aydın görünür.

sia.az

Digər xəbərlər