“Türkiyə və Gürcüstanla münasibətlərini yüksək səviyyədə qurmağı bacaran Azərbaycan bütün qonşuları ilə təhlükəsizlik məsələlərində tərəfdaşların möhkəmlənməsi, həm də Qafqazda sabitliyin, iqtisadi dayanıqlığın təmin olunması üçün birgə fəaliyyətlərinin həyata keçirilməsində həmişə maraqlı olub. Bu dəfə keçiriləcək təlimlər də 44 günlük müharibədən işğalçı ölkənin darmadağın edilməsi fonunda həyata keçiriləcək”. Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.
Onun sözlərinə görə, bu təlimlərin xüsusi əhəmiyyəti ondan ibarətdir ki, Ermənistan davamlı olaraq Azərbaycan ərazisindən Gürcüstana və Türkiyəyə uzanan bir çox iqtisadi layihəni təhdid edir: “Bu təhdidlərin qarşısının alınması həmin obyektlərin neft-qaz infrastrukturunun, nəqliyyat dəhlizlərinin təhlükəsizliyinin təmin olunması üçün tərəfdaş ölkələrin birgə fəaliyyətinin zəzuriliyini də qeyd edə bilərik. Yəni, bu təlimlər həm də zamanın ortaya qoyduğu zərurətdən dolayı həyata keçirilir”.
Ekspert sözlərinə belə davam edib: “Dolayısı ilə bu təlimlər üç qonşu ölkə arasında qarşılıqlı münasibətlərin və regional əməkdaşlığın göstəricisi kimi də qəbul edilə bilər. Ermənistanın işğalçı siyasət nəticəsində Cənubi Qafqaz regionunda baş verən həm siyasi, həm iqtisadi, həm də hərbi proseslərdən tamamilə təcrid edilib və hazırda bir dalana dirəyib. Bu təlimlər Ermənistanın hər üç qonşusuna qarşı ərazi iddiaları ilə çıxış etməsi kimi əlaqələndirilməlidir”.
sia.az