Müstəqil Azərbaycanın sosial-iqtisadi və mədəni-mənəvi inkişafının son on yeddi illik tarixi, bilavasitə dünya siyasi liderləri sırasında böyük imicə malik olan Azərbaycan Prezidenti İlham Əliyevin adı ilə bağlıdır. Cənab İlham Əliyevin 2003-cü ildən Azərbaycana rəhbərliyi dövründə ölkəmizin bütün sahələrində uğurlara nail olunub, yeni nailiyyətlər əldə edilmişdir. Ölkəmizdə qeyri-neft sektorunun inkişafı ilə əlaqədar həyata keçirilən dövlət proqramları, aparılan islahatlar, yeni layihələrin icrası nəticəsində Azərbaycan müasirləşib. Bu gün, tam cəsarətlə demək olar ki, ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın Azərbaycan modeli yaranıb. Bu uğurlarımız ardıcıl olaraq dünya mətbuatında yer alır. Hər bir məqalədə, hazırlanan reportajlarda ölkəmizin müasir inkişafı, Zəfəri diqqətə çəkilərək, qədim tariximiz, mədəniyyətimiz ətrafında geniş kütləyə məlumat verilir. Bu günlərdə ərəbdilli "alwasela" və "alqraralaraby" xəbər saytlarında dərc olunuan "Azərbaycan zamanla yarışır" adlı məqalədə ölkəmizin sürətli inkişafdan, gündən-günə artan nüfuzundan və gözəlliyindən danışılır. Əhalisinin sayı 10 milyondan çox olan Azərbaycanın yaşıllıqlar diyarı olması diqqətə çəkilir. Burada yol kənarları və meydanlar yaşıllığa qərq olub. Müəllif qeyd edir ki, burada böyük infrastruktur layihələri həyata keçirilir.Məqalədə Azərbaycanın idman ölkəsi olaraq tanınması da diqqətə çəkilir. Mötəbər idman yarışlarına uğurla ev sahibliyi edən paytaxtımızdakı Olimpiya Stadionunun dünyanın ən gözəl idman arenalarından biri olduğu oxucuların diqqətinə çatdırılır. 2015-ci ildə istifadəyə verilən Bakı Olimpiya Stadionu müasir memarlıq üslubu, xüsusi gözəlliyi və funksional baxımdan əlverişliliyi ilə seçilir. Beynəlxalq standartlara tam cavab verən stadionda müxtəlif funksiyalı tribunalar, qaçış zolağı və digər infrastruktur yaradılıb.Məqalədə bir neçə gün əvvəl Bakıda futbol üzrə Avropa çempionatının bir neçə oyununun da keçirildiyi qeyd olunur. Bu AVRO-2020 oyunlarıdır. Əlbəttə ki, paytaxtımızda Beynəlxalq yarışların keçirilməsi onu göstərir ki, Azərbaycan dünyanın qabaqcıl idman ölkələri sırasında öz layiqli yerini tutub. Ölkəmizin mötəbər idman yarışlarını keçirməsinin arxasında Azərbaycanın inkişafı, müasir infrastrukturu və təhlükəsiz ölkə olması amili dayanır. Ölkəmizdə müasir tələblərə cavab verən möhtəşəm idman qurğuları fəaliyyət göstərir. Məqalədə həmçinin Azərbaycanın təbii sərvətlərlə, xüsusilə neft və qazla zəngin olduğu bildirilir. Müasir Azərbaycanda nəhəng enerji layihələri, ölkənin hər yerində abadlaşma, müasirləşmə, ölkənin dünyada tanınması və milli maraqlara xidmət edən çoxsaylı tədbirlər keçirilir. Müəllif onu da diqqətə çatdırır ki, Ermənistanla uzun müddət müharibə vəziyyətində olmuş Azərbaycanın qısa müddət ərzində bu cür yüksək iqtisadi inkişafa nail olması təqdirəlayiqdir. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızı azad etdikdikdən sonra bu gün ölkəmizin qarşısında yeni yollar açılıb. Bu uğurlarımız və nailiyyətlərimiz dünya mətbuatının diqqətindən kənarda qalmır.
sia.az