Siyasət

  • 3 002

Bakı və Tbilisi – qardaşlaşmış şəhərlər

image

Prezident İlham Əliyev: "Ölkələrimiz də qardaş ölkələrdir, xalqlarımız da qardaş xalqlardır və təbii ki, paytaxtlar da qardaş paytaxtlar olmalıdır"

"Tarix boyu Cənubi Qafqazda həm Bakı, həm də Tbilisi həmişə öz gözəlliyi ilə fərqlənirdi və həm siyasi, həm iqtisadi, həm də mədəni mərkəz rolunu oynayırdılar". Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 14-də Gürcüstanın paytaxtı Tbilisi şəhərinin meri Kaxa Kaladzeni qəbulu zamanı bildirib. Dövlət başçısı iyulun 13-də Tbilisi və Bakışəhərlərinin tarixindəəlamətdar hadisə baş verdiyini və qardaşlaşma haqqında saziş imzalandığını qeyd edərək bunun çox düzgün və təbii addım olduğunu bildirib: "Çünki ölkələrimiz də qardaş ölkələrdir, xalqlarımız da qardaş xalqlardır və təbii ki, paytaxtlar da qardaş paytaxtlar olmalıdır. Eyni zamanda, həm Bakı, həm də Tbilisi tarixi şəhərlərdir və hər iki şəhərdə bir çox tarixi memarlıq abidələri mövcuddur".Qeyd edək ki, Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu dostluq və mehriban qonşuluq şəraitində yaşamışlar. Ölkəmiz müstəqillik qazandıqdan sonra dövlətlərarası münasibətlər daha da genişlənmiş siyasi, iqtisadi və humanitar əlaqələr yüksəlmişdir. Ölkələr arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq uğurla davam edir. Gürcüstanla Azərbaycanı bu gün Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və TRASEKA kimi qlobal enerji, nəqliyyat-kommunikasiya layihələri birləşdirir. Nəqliyyat sahəsindəki əməkdaşlığa gəlincə tarixi əhəmiyyətə malik Bakı-Tbilisi-Qars dəmir yolunu da qeyd etməliyik. Bununla paralel olaraq, GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər qurumlar daxilindəəməkdaşlıq ikitərəfli strateji əlaqələri daha da möhkəmləndirib. Ölkələr arasında ikitərəfli əməkdaşlıqdan söz açarkən turizm, kənd təsərrüfatı, informasiya-kommunikasiya texnologiyaları, elm, təhsil, mədəniyyət sahələrində də olan əlaqələri də qeyd etməliyik.Bu gün ölkələr arasında mövcud əlaqələrlə yanaşı, qardaşlaşmış şəhərlər arasında münasibətlər də yüksələn xətlə inkişaf edir. Qeyd edək ki, Bakı və Tbilisi 1997-ci ildən tərəfdaş şəhərlərdir. Azərbaycan və Gürcüstanın sənaye şəhərləri olan Sumqayıt və Rustavi isə 1952-ci ildə qardaşlaşıblar. Bundan başqa Kutaisi və Gəncə şəhərləri, eləcə də Naxçıvan ilə Batumi şəhərləri arasında qardaşlıq əlaqələri var. Tbilisi ilə dost və qardaş şəhər olan Bakı arasında əlaqələr keyfiyyətcə yeni mərhələyə yüksəlir. Bunun üçün müvafiq işlər görülür və iki dost və qardaş ölkənin paytaxt şəhərləri arasında qardaşlaşma haqqında imzalanmış saziş əhəmiyyətlidir. Dövlət başçısının qeyd etdiyi kimi, yeni imzalanmış sazişdən sonra iki şəhər arasındakı təmaslar daha da sıx olacaq və olmalıdır: "Yəqin ki, birgə fəaliyyət planı da hazırlanacaq. Mən istəyirəm ki, çoxlu qarşılıqlı səfərlər olsun, ictimaiyyət nümayəndələri, media nümayəndələri, tanınmışşəxslər müntəzəm olaraq qarşılıqlı səfərlər etsinlər. Həm Tbilisi, həm də Bakı dünyanın heç bir başqa şəhərinə oxşamırlar".Qeyd edək ki, Tbilisinin cənub-şərq hissəsində onun qədim mərkəzi olan dar küçəli "Köhnə şəhər" yerləşir. Buranın orta əsr tikililərinin cizgilərini özündə saxlamış, oyma ağaclı eyvanlarla bəzədilmiş 2–3 mərtəbəli kərpic binaları, özünəməxsus yerli və klassik elementlərin birləşməsindən əmələ gəlmiş memarlıq formaları vardır. "Köhnə şəhər"də Narikala məbədinin qalıqları, daş Ançisxati kilsəsi, Metexi kilsəsi, Sioni kilsəsi, Şah Rostomun hamamları və s. Tarixi abidələri yerləşir.XIX əsrdən başlayaraq isə "Yeni şəhər" adlanan son klassisizm üslubunda olan bina və küçələrin düzbucaqlı şəbəkəsi genişlənməyə başladı. Bu gün şəhərdə köhnə magistral və meydanlar abadlaşdırılmış, rekonstruksiya edilmiş, yeniləri tikilərək istifadəyə verilmişdir. Bundan başqa körpülər və sahilkənarı ictimai istirəhət mərkəzləri salınmışdır. Azərbaycan Prezidenti Tbilisinin merinə şəhərin tarixi simasını qorumaq istiqamətində çox böyük addımlar atdığını bildirib: "Tbilisi şəhərinin tarixi hissəsi, hesab edirəm ki, dünya üçün çox əhəmiyyətlidir. Çünki bu, unikal memarlıq əsəridir. Əlbəttə, hər bir böyük şəhər kimi, Tbilisi də inkişaf etməlidir və bilirəm ki, sizin rəhbərliyiniz altında bu inkişaf da çox düşünülmüşşəkildə aparılır. Biz sizin fəaliyyətinizi çox yüksək qiymətləndiririk. Siz Gürcüstan-Azərbaycan əlaqələrinin inkişafında da böyük səylər göstərirsiniz, Azərbaycanın dostusunuz".

sia.az

Digər xəbərlər