Siyasət

  • 3 178

“Davamlı İnkişaf Məktəbi” layihəsi çərçivəsində “İşğaldan azad olunmuş ərazilərin ərzaq təhlükəsizliyində rolu” mövzusunda növbəti seminar keçirilib

image

İyulun 16-da Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında partiyanın Gənclər Birliyinin “Davamlı İnkişaf Məktəbi” layihəsi çərçivəsində “İşğaldan azad olunmuş ərazilərin ərzaq təhlükəsizliyində rolu” mövzusunda seminar keçirilib.

Tədbiri açan YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov mövzu ilə bağlı məlumat verib.
Seminarda YAP İdarə Heyətinin üzvü, AMEA-nın müxbir üzvü, aqrar elmləri doktoru, professor Amin İsmayılov çıxış edərək 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərimizin harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlılarda qürur hissi yaratdığını bildirib. Vurğulayıb ki, 30 ilə yaxın müddətdə torpaqlarımızın azad edilməsi, tarixi sahibinə qaytarılması arzusu, istəyi ilə yaşayırdıq. Bu gün isə işğaldan azad edilmiş torpaqlarda həyata keçirilən quruculuq və bərpa işlərindən bəhs edirik. Dövlət başçısı İlham Əliyevin qətiyyəti, Azərbaycan Ordusunun gücü, qüdrəti, torpaq, Vətən sevgisi, xalqımızın birliyi, həmrəyliyi sayəsində tarixi Qələbəmizə qovuşduq.
A.İsmayılov bildirib ki, dövlət başçısı İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirədə işğaldan azad edilmiş ərazilərimizdə quruculuq və bərpa işləri ilə bağlı hökumət qarşısında konkret vəzifələr qoydu: “Azərbaycan dövlətinin tarixi Qələbəmizdən dərhal sonra bu ərazilərimizdə quruculuq və bərpa işlərinə başlaması bir tərəfdən Zəfər sevincimizin, digər tərəfdən isə malik olduğumuz iqtisadi və maliyyə imkanlarının təqdimatıdır. Ulu öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasətinin son 17 ildən artıq dövrdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın bütün sahələrdə təcrübəsinin nümunəviliyinə geniş imkanlar açdı. Cənab İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” işğaldan azad edilmiş ərazilərdə görüləcək işləri özündə ehtiva edir”.
Müstəqillik dövründə ölkəmizin aqrar sahədə əldə etdiyi uğurlara, təcrübəyə, islahatlara diqqət çəkən Amin İsmayılov bildirib ki, bu təcrübələrin işğaldan azad edilmiş rayonlara yönəldilməsi, sahibkarlıq fəaliyyətlərinin təşviqi, bunun üçün zəruri olan proqramların həyata keçirilməsi, heyvandarlıq və bitkiçilik sahəsində infrastrukturun qurulması və digər məsələlər mühüm əhəmiyyətə malikdir: “İşğaldan azad edilmiş torpaqlarımızın hansı imkanlara malik olduğu bəllidir. Bu imkanlardan səmərəli istifadə etməklə ölkəmizin dayanıqlı inkişafına böyük töhfələr vermək mümkündür”.
A.İsmayılov vurğulayıb ki, həmin ərazilərdə kənd təsərrüfatının inkişafı ölkənin ərzaq təhlükəsizliyinin, məşğulluğun təminatına töhfə verəcək. Həmçinin investisiyaların cəlbini sürətləndirəcək və su ehtiyatlarının istifadəsinə imkan yaradacaq. Bu proses qeyri-neft məhsullarının ixracının artmasına səbəb olacaq.
Qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatının inkişafının dövlətimizin həyata keçirdiyi iqtisadi siyasətin prioritet istiqamətlərindən biri kimi diqqətdə saxlanıldığını bildirən A.İsmayılov cənab İlham Əliyevin 15 iyul 2021-ci il tarixli “Aqrar sahədə istehsalın və emal sənayesinin inkişafına dair bir sıra tədbirlər haqqında” Fərmanını buna bariz nümunə kimi qeyd edib. Bildirib ki, bu sənəd hazırkı dövrün çağırışlarını özündə əks etdirir. Belə ki, ölkədə aqrar emal sənayesinin dayanıqlı inkişafı qeyri-neft sektorunun ixrac potensialının möhkəmləndirilməsi və ərzaq təhlükəsizliyinin təmin olunması baxımından vacibdir.
A.İsmayılov kənd təsərrüfatı baxımından potensiala malik işğaldan azad edilmiş ərazilərimizin inkişafının Azərbaycanın iqtisadi cəhətdən daha da güclənməsində böyük rol oynayacağını qeyd edib.
Daha sonra gənclərin çoxsaylı sualları cavablandırılıb.

yap.org.az

Digər xəbərlər