Şəhid ailələrinə və müharibə əlillərinə dövlət qayğısı - ŞƏRH

Azərbaycanda şəhid ailələrinin, müharibə əlillərinin və veteranlarının sosial müdafiəsi Prezident İlham Əliyevin həyata keçirdiyi daxili siyasət kursunun prioritet istiqamətidir. Bu kateqoriyadan olan insanlara daim qayğı və diqqət göstərilir. Xüsusilə, 44 günlük Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın ailələrinin, yaralanan, zərər çəkən mülki vətəndaşların da sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı silsilə fərman və sərəncamlar imzalanıb.Müvafiq qanunvericiliyə edilən dəyişiklik nəticəsində müharibə dövründə həlak olan mülki şəxslərə də şəhid statusu verilib. Eləcə də, dövlət başçısının yanvarın 1-də imzaladığı sərəncama əsasən bir sıra kateqoriyadan olan insanların, şəhid ailələrinin, Milli Qəhrəmanların, I, II, III qrup Qarabağ müharibəsi əlillərinin, İkinci Dünya müharibəsi veteranlarının təqaüdləri əhəmiyyətli dərəcədə artırılıb. Həmçinin yeni təqaüd növü – “Vətən müharbəsi qəhrəmanı” təqaüdü təsis edilib. Bütün bunların davamı olaraq Prezident İlham Əliyevin 25 yanvar 2021-ci il tarixli “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamı həmin kateqoriyadan olan əhali qruplarına dövlət başçısının xüsusi qayğısının növbəti təzahürüdür. Sənəd 2020-ci ildə Ordumuzun həyata keçirdiyi hərbi əməliyyatlar zamanı şəhidlik zirvəsinə yüksələn qəhrəmanlarımızın ailələrinin və bu müharibə ilə əlaqədar əliliyi müəyyən edilən şəxslərin də yaxın dövrdə mənzil və ya fərdi evlə təminatını nəzərdə tutur.Sərəncamda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə aşağıda qeyd edilən şəxslərin (ailələrin) 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirməsi tapşırılır. 2014-cü il yanvarın 1-dən 2020-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin, şəhid ailələrinin, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi və hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər nəzərdə tutulur. Həmçinin, yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri evlə təmin olunacaqlar.Eyni zamanda, Sərəncamda yerli icra hakimiyyəti orqanlarına qeyd edilən şəxslər barədə məlumatları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etmələri, Nazirliyin müraciəti əsasında həmin şəxslərin mənzil və fərdi evlə təminatı məqsədləri üçün torpaq sahələrinin ayrılmasını təmin etmələri, hər il görülmüş işlər barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermələri tapşırılıb.Qeyd edim ki, indiyədək 9100-dən çox mənzil və fərdi ev şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə təqdim edilib.Cənab Prezident tapşırıb ki, məcburi köçkünlər üçün inşa edilən mənizllər şəhid ailələrinə və müharibə əlillərinə verilsin. Hesab edirəm ki, bu addım bu kateqoriyadan olan insanların mənzil təminatının daha tez həll olunmasına imkan yaradacaq. Onu da bildirim ki, şəhid ailələrinə və müharibə əllilərinə, veteranlarına dövlət qayğısı yalnız mənzil verilməsi ilə məhdudlaşmır. Dövlətin qanunları ilə onların 20-ə yaxın güzəşt və imtiyazları var.-Hazırkı dövrə kimi Azərbaycan dövləti şəhid ailələri, müharibə əlilləri və digər bu kateqoriyadan olan şəxslərə maliyyə dəstəyinin göstərilməsi, onların mənzillərlə, minik avtomobilləri ilə təminatı, müalicəsi, sosial durumunun yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirib. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığına uyğun olaraq bu kateqoriyadan olan şəxslər hərtərəfli sosial təminat sistemi ilə əhatə olunublar.Prezidentin aylıq təqaüdü və digər sosial ödənişlərlə təmin edilməklə yanaşı, həmin vətəndaşların rifahının yaxşılaşdırılmasına xidmət edən bir çox sosial proqramlar da həyata keçirilir. Eyni zamanda, şəhidin vərəsələrinə, müharibə əlillərinə sığorta ödənişi və digər ödəmələr həyata keçirilir. Həmçinin şəhid ailələrinin üzvləri və müharibə əlillərinin övladları təhsil haqqı ödəməkdən azad olunurlar. Aktiv məşğulluq proqramlarında (özünüməşğulluq, ödənişli ictimai işlər və s.) bu kateqoriyadan olan şəxslərə üstünlük verilir, eləcə də onların məşğulluğunun təmin edilməsi məqsədilə bütün işəgötürənlər üçün məcburi kvota müəyyən edilib. Bundan başqa, şəhid ailələrinin üzvləri və müharibə əlilləri üçün vergi, əmək qanunvericiliyində və s. bir sıra güzəştlər də nəzərdə tutulub. Beləliklə, şəhid ailələri və müharibə əlillərinin sosial müdafiəsinin daha da yaxşılaşdırılması istiqamətində mütəmadi iş aparılır.Prezident İlham Əliyevin Fərmanı ilə YAŞAT Fondunun yaradılması bu kateqoriyadan olan insanlara qayğını daha da gücləndirir. Fond Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara və şəhid olmuş şəxslərin ailə üzvlərinə, işğaldan azad olunmuş ərazilərdə xidməti vəzifələrini yerinə yetirərkən, həmçinin hərbi əməliyyatlar bitdikdən sonra onun nəticələrinin aradan qaldırılmasında iştirak etməsi nəticəsində əlilliyi müəyyən olunmuş dövlət qurumlarının əməkdaşlarına və ya həlak olmuş əməkdaşların ailə üzvlərinə müvafiq yardımlar göstərir. Bütövlükdə, Fondun yaradılması Prezident İlham Əliyevin vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, Azərbaycanın ərazi bütövlüyünün qorunması üçün canlarını qurban vermiş hərbçilərimizin ailələrinə, vərəsələrinə diqqət və qayğısının bariz nümunəsidir.Cənab Prezidentin müvafiq Sərəncamı ilə şəhid ailələri və Qarabağ əlillərinin problemlərinin həlli ilə bağlı yerli icra hakimiyyəti orqanlarında müvafiq şöbə yaradılıb. Bu addım da onların sosial məsələlərinin həllinin daha çevik formada həll edilməsinə xidmət edir. Bütövlükdə, ölkəmizdə şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin və veteranlarının sosial müdafiəsinin gücləndirilməsi daim Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət mərkəzindədir.

Teymur Babazadə,
YAP Lənkəran rayon təşkilatı gənclər birliyinin sədri

sia.az