Əliabbas Salahzadə: Mətbuat tarixi Zəfərimizin yaratdığı yeni reallıqlara uyğun təkmilləşir, yeniləşir

Milli Məclisin deputatı Əliabbas Salahzadə 1875-ci il iyulun 22-də böyük mütəfəkkir Həsən bəy Zərdabinin redaktorluğu əsasında ilk nömrəsi işıq üzü görən “Əkinçi” qəzetinin nəşri ilə bünövrəsi qoyulan Azərbaycan mətbuatının keçdiyi 146 illik yolu təhlil edərək bildirib ki, mediamız bütün dövrlərdə öz prinsiplərinə sadiq olub. Obyektivlik, qərəzsizlik, milli şüur və vətənpərvərlik kimi prinsipləri fəaliyyətinin önündə saxlayan mətbuatımız bu illərdə keşməkeşli, eyni zamanda, şərəfli yol keçib: “Mətbuatın müstəqillik dövründən bəhs edərkən müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri göz önünə gəlir. Ümummilli Liderin 1998-ci il 6 avqust tarixli “Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərmanı ilə mətbuat üzərində senzura aradan qaldırıldı, azad medianın inkişafı üçün geniş imkanlar yarandı. Mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalist peşəkarlığının artırılması istiqamətində davamlı addımlar atıldı. Ulu öndər Heydər Əliyev demokratik cəmiyyətin varlığını tədiqləyən bütün atributların ölkəmizdə bərqərar olması üçün mühüm addımlar atdı. Bu gün Azərbaycanın demokratiya təcrübəsinin dünyaya nümunə göstərilməsi möhkəm təmələ əsaslanan siyasətə söykənir.” Heydər Əliyev siyasi kursunun son 17 ildən artıq dövrdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini önə çəkən millət vəkili qeyd edib ki, dövlət başçısının bu illər ərzində üç dəfə “Jurnalistlərin dostu” mükafatına layiq görülməsi azad mətbuatın inkişafına göstərdiyi diqqət və qayğının aydın mənzərəsini yaradır: “Mətbuatın dövrün tələblərinə uyğun təkmilləşməsi daim öz aktuallığını qoruyur. Cənab İlham Əliyev çıxışlarında bu mühüm məqamı xüsusi qeyd edir ki, müasir dünyada inkişaf etmiş ölkələrdə azad medianın səviyyəsi hər bir ölkənin inkişaf səviyyəsini göstərir. Bu baxımdan inkişaf etmiş ölkələr sırasında addımlamaq istəyini ortaya qoyan Azərbaycanda media ilə bağlı məsələlər ən yüksək səviyyədə öz həllini tapmalıdır.”

Ə.Salahzadə vurğulayıb ki, ölkəmizin iqtisadi imkanları artdıqca, digər sahələr kimi, kütləvi informasiya vasitələrinin inkişafı istiqamətində də davamlı addımlar atılır: “Dünyada analoqu olmayan bu mühüm addım- jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması ölkə ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanır. Dövlət başçısı İlham Əliyevin 12 yanvar 2021-ci il tarixli “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanına əsasən, Azərbaycanda medianın inkişafının dəstəklənməsi, bu sahədə institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradılıb. Bu mühüm addım medianın inkişafında keyfiyyətcə yeni mərhələnin başlandığını təsdiqləyir.”
Diqqəti 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizin yaratdığı reallıqlara yönəldən Ə.Salahzadə bildirib ki, yeni reallıqlara uyğun olaraq ölkəmizdə hər bir sahəni əhatə edən köklü islahatların həyata keçirildiyi, yeniliklərin intensiv xarakter aldığı, mütərəqqi texnologiyaların, iş metodlarının tətbiq olunduğu müasir dövrdə media sahəsində keyfiyyət dəyişikliklərinə ehtiyac vardı. Medianın İnkişafı Agentliyi qalib ölkənin mediasının müasir dövrün tələblərinə uyğun inkişafı istiqamətində mühüm addımlar atır.
Millət vəkili hər zaman həqiqətlərimizin təbliğatçısı olan mətbuatımızın 44 günlük Vətən müharibəsi, eyni zamanda, postmüharibə dövründə xidmətlərindən, jurnalistlərin fədakarlığından geniş bəhs edərək bildirib ki, mediamız tarixi Zəfərimizin müjdəçisi olmaqdan qürurludur: “Vətən müharibəsinin qəhrəmanlıq dastanına çevrilən hər günü ilə bağlı ölkə və dünya ictimaiyyətini məlumatlandıran, qələbə xəbərlərini çatdırmaqdan qürur duyan yazılı və elektron KİV-lər son 8 ayda işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən bərpa və quruculuq işlərinin hər anının təbliğatçılarıdırlar. Yeni dövrün çağırışlarına uyğun olaraq təkmilləşən mətbuatımızın qarşısında yeni imkanlar açılmaqla yanaşı, yeni vəzifələr də dayanır. Birgə səylər hədəflərə zamanında və yüksək səviyyədə nail olmaq üçün əsasdır.”

yap.org.az