Siyasət

  • 2 368

Malik Həsənov: Azərbaycan və Rusiya 10 noyabr Bəyanatının icrası ilə bağlı vahid mövqe nümayiş etdirir

image

“44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfəri ilə bölgədə yeni reallıqlar yaradan və dünya siyasətində dəyişikliklərə yol açan Azərbaycanın hazırda əsas hədəfi regionda dayanıqlı sülhün təmin edilməsi, iqtisadi əlaqələrin qurulması, bir sözlə, tarixə qovuşan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yeni səhifənin açılmasıdır. 10 noyabr 2020-ci il üçtərəfli Bəyanatda və 11 yanvar 2021-ci ildə keçirilən üçtərəfli görüşdə əldə olunan razılaşmada da bu kimi məqamlar öz əksini tapıb. Azərbaycan təkmil sülh modelini ortaya qoyub və qarşı tərəfə sülh razılaşmasını qəbul etmək zamanı olduğunu bildirib. İyulun 20-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya işgüzar səfər edən dövlət başçısı İlham Əliyevin rusiyalı həmkarı ilə görüşündə də diqqət göstərilən əsas məsələlərdən biri regionda vəziyyətin nizamlanması oldu. Azərbaycanın ötən səkkiz ayda postmüharibə dövrünün problemsiz keçməsi istiqamətində səyləri Rusiya Prezidenti tərəfindən yüksək dəyərləndirildi.” Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

M.Həsənov qeyd edib ki, Azərbaycanın xarici siyasətində qonşu dövlətlərlə əməkdaşlıq xüsusi yer tutur. Azərbaycan-Rusiya münasibətləri bunun bariz nümunəsidir: “Strateji tərəfdaşlıq səviyyəsinə çatmış bu münasibətlər bütün sahələri əhatə edir. Hər iki tərəf əlaqələrin inkişaf səviyyəsindən məmnundur. Siyasi, ticari-iqtisadi, humanitar sahələrdə fəal əməkdaşlıq edilir. Nəqliyyat və energetika sahələrində yaxşı perspektivlər var. Ümumiyyətlə, əlaqələr çoxşaxəlidir. Hazırkı vaxtda regionda təhlükəsizliyin möhkəmləndirilməsi məsələləri üzrə məsləhətləşmələrə, müzakirələrə ehtiyac olduğu bildirilir.”
Qədim dostluq və mehriban qonşuluq ənənələrinə söykənən Rusiya-Azərbaycan münasibətlərinin tarixi Zəfərimizin yaratdığı yeni reallıqlara uyğun hazırkı inkişaf səviyyəsindən bəhs edən millət vəkili onu da bildirib ki, hər iki ölkə başçısı 10 noyabr 2020-ci il tarixli birgə Bəyanatda nəzərdə tutulmuş məsələlərin icrası ilə bağlı vahid mövqe nümayiş etdirir, bu razılaşmaya əsasən bütün kommunikasiyaların, o cümlədən Azərbaycanın əsas hissəsi ilə Naxçıvan MR arasında nəqliyyat dəhlizinin - Zəngəzur dəhlizinin açılmasına xüsusi önəm verir: “Zəngəzur dəhlizinin region ölkələri, türk dünyası üçün əhəmiyyətinin geniş təhlilə ehtiyacı yoxdur. Azərbaycan Naxçıvan Muxtar Respublikası vasitəsilə Türkiyə, Orta Asiya Avropa ilə birləşir. Yeni nəqliyyat dəhlizi yaranmaqdadır. Azərbaycan tərəfi daim bildirir ki, əgər Ermənistan kommunikasiyalarla bağlı çətinliklərə son qoymaq, tranzit ölkə olmaq üçün hər hansı imkana malik olmaq istəyirsə, yeni reallıqlarla barışmalıdır.”
Ermənistanın Zəngəzur dəhlizinin yaradılması ilə bağlı məsələlərin reallaşdırılmasına süni əngəl törətmək cəhdinin yolverilməzliyini, bu dəhlizin təkcə dəmir yolu deyil, həm də paralel şəkildə avtomobil nəqliyyatının hərəkətini nəzərdə tutduğunu xüsusi qeyd edən M.Həsənov vurğulayıb ki, 10 noyabr razılaşmasının icrasına mane olmaq istəyən kənar qüvvələr mövcuddur və onlar regionda sabitliyin, təhlükəsizliyin və sülhün bərqərar olmasında, qarşılıqlı etimad mühitinin yaradılmasında maraqlı deyillər: “Belə cəhdlər heç zaman nəticə verməyəcək. Həmin qüvvələr unutmasınlar ki, 44 günlük Vətən müharibəsində dünyaya səs salan “Dəmir yumruğ”umuz yerindədir. Ermənistan atəşkəsi pozmaqla, təxribatlar törətməklə dünyaya guya Dağlıq Qarabağ münaqişəsinin davam etdiyini çatdırmağa, Rusiyanın sülhyaratma missiyasına kölgə salmağa çalışsa da reallıqlar başqa mənzərəni ortaya qoyur. İstər dövlət başçısı İlham Əliyevin rusiyalı həmkarı ilə görüşündə, istərsə də bu günlərdə ölkəmizdə səfərdə olan Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə birgə keçirdiyi mətbuat konfransında postmüharibə dövrünün reallıqlarına uyğun məsələlərin müzakirə olunması, Avropa İttifaqı rəsmisinin qurumun Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası prosesinin, iki ölkə arasında etimad quruculuğu tədbirlərinin başlanmasına dəstək verməyə hazır olduğunu bildirməsi də münaqişənin artıq tarixə qovuşduğunun və tam mənada rəsmi Bakının mövqeyinin dəstəkləndiyinin nümayişidir.”

yap.org.az

Digər xəbərlər