Siyasət

  • 3 698

Avtomobil nəqliyyatını da nəzərdə tutan bu dəhliz, ilk növbədə, Ermənistana lazımdır - EKSPERT RƏYİ

image

“Cənab Prezident İlham Əliyevin iyulun 20-də Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə Rusiyaya işgüzar səfəri regionda sülhün və təhlükəsizliyin daha da möhkəmləndirilməsinə, münasibətlərin dərinləşdirilməsinə, nəqliyyat və kommunikasiya xətlərinin açılması işinin sürətləndirilməsinə daha güclü təkan verəcək. İqtisadi, regional əməkdaşlıq, təhlükəsizlik, məsələlərinin, qarşılıqlı fəaliyyət istiqamətlərinin müzakirə edildiyi bu görüş önəmli görüşdür. Müsbət notlarla başlayan görüşdə regionda vəziyyətin nizamlanmasını ən mühüm məsələlərdən biri kimi dəyərləndirən Vladimir Putinin sözügedən məsələyə çox böyük diqqət və əhəmiyyət verərək kompromisli qərarların tapılması istiqamətində dövlətimizin başçısının səylərini yüksək qiymətləndirib”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.Politoloqun sözlərinə görə, Putinin dövlətimizin başçısına təşəkkür etməsi onu göstərir ki, həm Rusiya, həm də Azərbaycan rəhbərliyinin mövqeləri üst-üstə düşür və iki ölkə başçısı arasında olan münasibətlər yüksək səviyyədədir: “Bu da ikitərəfli münasibətlərimiz üçün olduqca vacib məqamlardan biridir. Bundan sonra da münasibətlərin səmimi, konstruktiv çərçivədə inkişaf və davam etdirilməsində hər iki tərəfin maraqlı olduğu bir daha bilindi. Bununla yanaşı, mövcud məsələlərlə elə Bakıda məşğul olmaq üçün Rusiyanın yaxın zamanda Azərbaycana nüfuzlu nümayəndə heyəti göndərməyi planlaşdırması aydın şəkildə göstərir ki, Rusiya, sadəcə, sənaye sahəsində deyil, eyni zamanda, nəqliyyat və infrastruktur məsələləri ilə bağlı da konkret addımlar atmaqda maraqlıdır. Nəzərə alsaq ki, regionda münaqişədən sonrakı vəziyyətlə bağlı iki ölkənin rəhbərləri daim əlaqə saxlayır, o zaman aydın olur ki, Rusiya və Azərbaycan prezidentlərinin çıxışlarında səslənən fikirlər, regionda yaranmış yeni reallıqlar və imkanlar, sadəcə, Rusiya-Azərbaycan münasibətlərinin inkişafına təkan verməyəcək, eyni zamanda, regional kontekstdə hələ də həllini tapmayan məsələlərin çözümünə gətirəcək. Bu baxımdan, hərbi əməliyyatların başa çatmasından sonrakı zaman çərçivəsində istər Moskvadakı daha əvvəlki görüşü, istərsə də iki ölkə liderinin telefon söhbətləri vəziyyətin sabitləşdirilməsi məsələsində mühüm əhəmiyyətə malikdir. İki ölkə arasında münasibətlər strateji tərəfdaşlıq və qarşılıqlı faydalı əməkdaşlıq xarakteri daşıyır”.Ş.Həsənova vurğulayıb ki, münasibətlər siyasi, iqtisadi, sosial, humanitar sferalar üzrə inkişaf edir: “Bu münasibətlərin inkişafını şərtləndirən mühüm amillərdən biri də fundamental məsələlərdə hər iki dövlətin ortaq mövqedən çıxış etməsidir. Rusiya və Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizindən birgə istifadə edir. Geniş həcmdə işləyən bu dəhliz vasitəsilə keçən illə müqayisədə bu il təqribən 20 faiz çox yük daşınıb. Eyni zamanda, Rusiya Şimal-Qərb nəqliyyat dəhlizinə qoşulub ki, bu da Rusiyanın Azərbaycandan keçməklə Qərb istiqamətində gedən yükdaşıma prosesindən faydalanması üçün əlverişli şərait yaradır. Beləliklə, Azərbaycan yerləşdiyi coğrafi məkandan səmərəli istifadə edərək beynəlxalq layihələri reallaşdırır, bu proseslərdə təşəbbüs göstərir, işlərə dəstək verir. Regionda ümumi maraq kəsb edən məsələlərdə Prezident İlham Əliyev müharibədən sonra da qəti mövqe ortaya qoyaraq “indi sülh barədə düşünmək və səhifəni çevirmək vaxtıdır, biz buna hazırıq” bəyanatı ilə çıxış etməsi bir daha göstərir ki, bu, Ermənistan üçün yeganə xilas yoludur. Kommunikasiya xətlərinin açılmasını ləngitmək Ermənistanı geri salır. İstər Rusiyanın ölkə başçısı, istərsə də Azərbaycan Prezidenti üçtərəfli şəkildə imzalanmış 2020-ci il 10 noyabr tarixli birgə bəyanatda özünü ehtiva edən məsələlərin icrası ilə bağlı, xüsusilə bütün kommunikasiyaların açılması ilə bağlı vahid mövqe nümayiş etdirir. Həm müharibədə hərbi cəhətdən məhv edilən, həm də yürütdüyü işğalçılıq siyasətinə görə iqtisadi blokadaya salınan Ermənistan qarşısında alternativin qalmadığını dərk edib, bərpa və əməkdaşlıq prosesinə qoşulmalıdır. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan MR arasında Zəngəzur dəhlizinin açılması reallaşdırılmalıdır, buna Ermənistan süni əngəllər yaratmalı deyil. Təkcə dəmiryolu deyil, həm də paralel şəkildə avtomobil nəqliyyatının hərəkətini nəzərdə tutan bu dəhliz hamıdan çox bataqlıqdan çıxa bilməyən Ermənistana lazımdır. Bir sözlə, nəqliyyat və kommunikasiya xətlərinin açılması qarşısıalınmaz prosesdir”.

sia.az

Digər xəbərlər