Siyasət

  • 3 131

Mövqelər üst-üstə düşür ŞƏRH

image

Prezident İlham Əliyevin post-münaqişə dövründə Rusiyaya işgüzar səfəri, görüşdə səslənən bəyanatlar iki dövlət arasında əməkdaşlıq əlaqələrin yüksək göstəricisidir

Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya işgüzar səfəri çərçivəsində rusiyalı həmkarı Vladimir Putinlə keçirdiyi görüşü, görüşdə ikitərəfli münasibətlərin, regional məsələlərin, iki ölkənin iqtisadi əlaqələrinin bu günü və perspektivləri, pandemiya ilə mübarizə bir daha hər iki dövlət liderlərinin ortaq mövqedən çıxış etdiyinin təsdiqidir. Səfər çərçivəsində diqqətçəkən məqamlardan biri şübhəsiz ki, görüşdə bir neçə dəfə postmünaqişə ifadəsinin təkrarlanmasıdır ki, yəni münaqişənin bitdiyi və bundan sonra yalnız regionda sülhün, əmin-amanlığın təmin olunması istiqamətində addımların atılacağı mesajını verir. Digər mühüm amil isə, Rusiya prezidenti Vladimir Putin tərəfindən hər zaman olduğu kimi, “Dağlıq Qarabağ” ifadəsinin səsləndirilməməsidir. Yəni məlum olduğu kimi, Azərbaycanın inzibati ərazi bölgüsündə belə bir subyekt yoxdur və şübhəsiz ki, bu da Rusiya prezidenti tərəfindən Azərbaycanın mövcud inzibati ərazi subyektlərinə, mövcud sərhədlərinə sayğısını, həmçinin də bundan sonrakı proseslərin məhz postmünaqişə amili üzərindən həyata keçirəcəyini təsdiqləyir. Bu isə onu göstərir ki, hər iki ölkənin regional, təhlükəsizlik və digər məsələlər üzrə mövqeləri üst-üstə düşür.
Azərbaycan Prezidenti hər görüşdə sözünü qətiyyətlə deyir
Prezident İlham Əliyev çıxışlarında, müsahibələrində, görüşlərində dəfələrlə və qətiyyətlə bildirir ki, Qarabağ münaqişəsi keçmişdə qaldı: “Mən dəfələrlə bildirmişdim ki, Dağlıq Qarabağ münaqişəsi həll olunub, Azərbaycan bunu həll edib və 30 ilə yaxın kağız üzərində olan qətnamələri yerinə yetirib və artıq münaqişə tarixdə qalıbdır”. Bəli, Azərbaycan Dağlıq Qarabağ münaqişəsini təkbaşına həll edib, həm döyüş meydanında və ondan sonra masa arxasında. Döyüş meydanında qazanılmış Qələbə düşməni məcbur etdi ki, ağ bayraq qaldırsın və təslim olsun, kapitulyasiya aktına imza atsın. Noyabrın 10-da imzalanmış sənəd məhz Ermənistanın kapitulyasiya aktıdır.Və dəfələrlə dövlətimizin başçısı vurğulayıb ki, Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur: “Münaqişə öz həllini tapıb və hesab edirəm ki, bu məsələyə qayıtmaq əbəsdir. Hər halda müharibədən sonra keçən dövr ərzində bunu göstərdik. Birincisi, əgər kimsə hesab edir ki, “Dağlıq Qarabağ münaqişəsi” həll olunmayıb, bu, onun öz problemidir. İkincisi, bu, çox təhlükəli yanaşmadır. Əgər bu münaqişə həll olunmayıbsa, onda bu münaqişənin həlli necə olmalıdır? O deməkdir ki, noyabrın 10-da imzalanmış Bəyanat qüvvəsini itirib? Yəni, mən bunu belə başa düşə bilərəm”. Belə bir ifadədə də var: “Tarixi həqiqətləri inkar etdikdə, reallıq hissi itirilir”. Bu, həqiqətən də belədir. Və görüş zamanı verilən mesajlarbir daha onu göstərir ki, münaqişə sonrası proseslər ənənəvi qaydada aparılacaq. Yəni 10 noyabr razılaşmasına alternativ hər hansı bir yol yoxdur. Bu baxımdan, Ermənistan tərəfindən atılan təxribatçı addımlar ümumi prosesin tənzimlənməsinə təsir göstərə bilməz. Bu yerdə rusiyalı hərbi ekspert İqor Korotçenkonun görüşlə bağlı liderlərlə bağlı fikrini demək istərdim. Rusiyalı hərbi ekspert İqor Korotçenko deyir: “Putin İlham Əliyevlə görüşəndə bərabər strateji tərəfdaş kimi danışır. Paşinyana isə daim bir şey qoparmaq istəyən müftəxor kimi baxır. Məhz bütün fərq də, qoyulan hörmət də bundan ibarətdir”. Bu fərqi Rusiya prezidenti Putin sonda Azərbaycan Prezidentinə Qarabağ məsələsinin həllində göstərdiyi kompromis mövqeyə görə minnətdarlığını bildirməsi oldu. Dövlətimizin başçısının dediyi kimi: “Ötən səkkiz ay ərzində, zənnimcə, yanvar ayında Moskvada şəxsən görüşümüz və telefon söhbətlərimiz vəziyyətin sabitləşdirilməsi işində çox mühüm rol oynayıb. Biz qətiyyətlə münaqişədən sonrakı dövrün maksimum ağrısız keçməsi əzmindəyik. Düşünürəm ki, ümumi səylərimizlə buna nail olacağıq”.Bir sözlə, Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya işgüzar səfəri, rusiyalı həmkarı Vladimir Putinlə görüşdə səslənən bəyanatlar iki dövlət arasında əməkdaşlıq əlaqələrin yüksək səviyyədə olduğunun göstəricisidir.

HƏMİD PƏNAHOV,
YAP Qazax rayon təşkilatının sədri

sia.az

Digər xəbərlər