“Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel milliyyətcə fransız olan, yəni könülləri, arzuları Ermənistanla bir olan bir ölkənin nümayəndəsi Ermənistana gəldi onlara böyük məbləğdə pul ayrılması haqqında vəd verdi, Yəni bu da vəd deyil, Avropa İttifaqının qərarıdır. Üstəlik də bizim qəbul etmədiyimiz və çoxda tarixin zibilliyinə atdığımız Dağlıq Qarabağın statusu haqqında danışdı”. Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.Onun sözlərinə görə, hələ mətbuat üçün gedən ifadələrdə onlar ermənini qızışdırıb, yeni mübarizəyə səsləyirlərmiş kimi hərəkətlər etdilər: “Düzdür, Bakıya gələndə Mişel cənabları İrəvandakı kimi danışmadı, amma İrəvanda çox qızışdırıcı bir mövqe tutdu. Mən əlaqəni ondan görürəm ki, əvvəla Ermənistanın 10 illik büdcəsi qədər pul ayırırlar, üstəlik də arxalarında durduğu barədə müxtəlif işarələr verirlər. Zənnimcə, Avropa əgər vaxtilə Azərbaycanın ərazilərinin 20 faizini işğal etmiş bir dövlətə belə münasibət bəsləyirsə, yəni canıyananlıq göstərirsə bu, bölgədə sabitliyə, əmin-amanlığa xidmət etmir, bu bölgədə daha da qızışdırıcı mövqe tutmaq deməkdir. Bu qızışdırıcı mövqeyi də erməniləri yenidən təxribatçı addımlara sövq etmək deməkdir. Mişel cənabları sərhədlərdə problemlərin olduğunu, mübahisəli məsələlərin meydana çıxdığını və s bu kimi məsələlərə toxundu və bu məsələlərdə “yardımçı ola bilərik” deməsi də sözün əsl mənasında ermənilərin tərəfində durmağın bir işarəsidir. Sərhədlərdə nə mübahisəli məsələlər var ki? Xəritə üzərində sərhədlərin demokrasiyasi gedir, ermənilər isə bu xəritələrə etimad etmədiyini bildirir”.Q.Hüseynlinin sözlərinə görə, Avropa İttifaqının bugünkü mövqeyi bölgədə sülhə xidmət etmir: “Birtərəfli qaydada xristian təəssübkeşliyi konteksindən ermənilərin müdafiəsinə onların daha da qızışdırılmasına və beləliklə bölgədə atəşkəsin tez-tez pozulmasına gətirib çıxarır. Amma bütün bunlara baxmayaraq, Azərbaycan ermənilərin bu nazı ilə oynamayacaq və necə ki, oynamadı da. Kəlbəcərdə ordumuz onları cavab atəşi ilə susdurdu. Amma, ermənilər heç cür sakitləşmir, yenə də atəşkəsi pozmaqda davam edir. Demək onlar kiməsə ümid edirlər, kimlərinsə verdiyi sözləri əsas götürərək Azərbaycanla bu cür hərbi dildə danışmağa çalışırlar. Ona görə də, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Ermənistana səfəri bu məsələlərə müəyyən qədər təsir edə bilər”.
sia.az