PDF Oxu

Siyasət

  • 2 693

BQP başqanı AXCP sədrini və trollarını “axmaq sürüsü” adlandırdı ŞƏRH+MÜXALİFƏT

image

Fazil Mustafa: “Bir qrup axmaq var ki, öz dəyişməzliyini əqidə deyə tələffüz edir”

“Dünyanın siyasi mənzərəsi dəyişdi, bu adamlar dəyişmədi. Qarabağın böyük bir hissəsi işğaldan azad oldu, yenə də düşüncələrində dəyişiklik baş vermədi. Tufanın da, zəlzələnin də xeyri yoxdur, məsələ ağılla bağlıdır, onu dəyişəcək ilahi qüvvə xaricində bir möcüzə yoxdur”.SİA xəbər verir ki, bu fikirlərlə Böyük Quruluş Partiyasının (BQP) başqanı, deputat Fazil Mustafa radikal müxalifətin, əsasən AXCP və “Milli Şura” cütlüyü rəhbərlərinin, həmçinin onların sosial şəbəkə trollarının Azərbaycan dövlətinin və hakimiyyətinin uğurlarına qarşı qarayaxma kampaniyaları aparmalarını şərh edərkən çıxış edib.
Partiya başqanı: “İqtidarın iradəsi ilə Azərbaycanın suverenliyi Xankəndidə də bərpa olunsa, yenə də deyəcəklər ki, niyə Xankəndinə antidemokratik yolla girmisiniz?”
BQP başqanı xalq artisti Flora Kərimovanın fikirlərini xatırladaraq qeyd edib ki, əgər radikallar iqtidarın düşmənə qarşı fəaliyyətini öz təbirlərincə bəyənmirlərsə, demək, düşmənin siyasətinə dolayı yolla dəstək göstərirlər. SİTAT: “Diqqət yetirin, Flora xanım təqribən belə deyib ki, artıq Şuşanın azad olunmasından sonra müxalifətçiliyin dozasını bir az aşağı salmaq və Qarabağ məsələsində iqtidara dəstək vermək lazımdır! İqtidara dəstəyi kimə qarşı verirsən? Əlbəttə, erməniyə qarşı. İstəmirsiniz erməniyə qarşı iqtidar bundan sonra da uğur qazansın?”.Deputat dəyişikliklərin, uğurların qəbul olunmamasını xəstə təfəkkür kimi qiymətləndirib və axmaqlıq adlandırıb. SİTAT: “Bir qrup axmaq var ki, öz dəyişməzliyini əqidə deyə tələffüz edir. Demək ki, bu iqtidarın iradəsi ilə Azərbaycanın suverenliyi Xankəndidə də bərpa olunsa, yenə də deyəcəklər ki, niyə Xankəndinə antidemokratik yolla girmisiniz? Adam tanıyıram, bağırırdı ki, kim Şuşanı qaytarsa gedib ayağından öpəcəyəm. İndi az qalır ayağını gözə soxsun ki, bəs Xankəndini ermənidə saxlamaq xəyanətdir. İndiyədək böyük sənətçi Flora Kərimovanın cəsarətlə söylədiklərinin bir cümləsini qorxudan deyə bilməyənlər, başlayıb ondan cəsarət tələb edirlər. Sənət adamı doğru mövqe ifadə edib, işğal olunmuş ərziləri azad etmiş iqtidarı bu işi sona çatdırmaq üçün dəstəkləmək lazımdır”.
Deputat: “Açılacaq, Zəngəzur da, Turan yolu da. Xankəndidə də dalğalanacaq bayrağımız. Ağıllanacaqsınızmı?”
Fazil Mustafaya görə, bu gün korrupsuyaya, ədalətsizliyə, inhisarçılığa qarşı mübarizəni məhz xalq aparmalı, bu məsələdə iqtidara dəstək göstərməlidir: “Biz bu gün cəmiyyətimizin bəlası olun korrupsiyanı da, ədalətsizliyi də, inhisarçılığı da, haqsız rəqabəti də öz imkanlarımızla ortadan qaldıra bilərdik, ancaq Şuşaya yenidən qayıdışı gerçəkləşdirmək bir möcüzə idi, tarixi şansı bir anı doğru seçərək dəyərləndirmək lazım gəlirdi və məhz o anda çevik davranışımızla bu möcüzəni gerçəkləşdirdik. Açılacaq, Zəngəzur da, Turan yolu da. Xankəndidə də dalğalanacaq bayrağımız. Ağıllanacaqsınızmı? Bax, bu möcüzəyə inana bilmirəm.Həm də bu ağılsızlıq yalnız Qarabağ məsələsi ilə əlaqəli deyil ki?”
Fazil Mustafa: “Axmaq sürüsü bir gənci topa tutub ki, bəs cəbhəçiləri, partiya sədrlərini niyə toya çağırmamısan?”
Müxalifətçi deputat AXCP gənclərinin partiyanın qurucusu, mərhum Əbülfəz Elçibəyin oğlunu onları, eləcə də Əli Kərimlini öz toyuna dəvət etməməsinə görə təhqir hədəfinə çevrimələrini də sərt şəkildə qınayıb, onları axmaq sürüsü adlandırıb: “Böyük millət fədaisi, liderimiz Elçibəyin oğlunun toyu ilə bağlı eyni xəstə düşüncənin gündəmdə dolaşdığını görüb üzülürsən. Elçibəyin oğlu bir dövlət məmurudur, siyasətlə məşğul deyil və atasının silahdaşları ilə elə bir təması yox. Öz işlədiyi qurumun rəhbərliyini, iş yoldaşlarını, bir də qohum-dostlarını toyuna çağırır. Pandemiyada say məhdudiyyətini də nəzərə alıb. Başqa nə etməlidir? Axmaq sürüsü bir gənci topa tutub ki, bəs cəbhəçiləri, partiya sədrlərini niyə toya çağırmamısan? Buna görə adamı birbaşa xəyanətdə ittiham edirlər. İnsan azadlığı, iradə azadlığı deyilən heç nə beyinlərinə girmir. Qardaş, Allah xoşbəxt etsin demək nə qədər çətindir? Əxlaqlı davranış bu olmazdımı?”
Millət vəkili: “ABŞ başını ATƏT-in Minsk qrupundan bayıra çıxarıb deyir ki, Qarabağdan çıxın və ermənilərin dövlət qurmasına imkan verin, indi deyirsən razılaşıb münasibəti düzgün quraq?”
Millət vəkili Fazil Mustafa daha bir məqama da toxunaraq Azərbaycan hakimiyyətini ABŞ-la düzgün münasibətlər qurmamaqda ittiham edən radikalları da hədəfə alaraq bildirib ki, əgər ABŞ ermənipərəstlik mövqeyi nümayiş etdirirsə, onunla hansı düzgün münasibət qurmaq olar? SİTAT: “Bir siyasətçimiz də ABŞ səfirinin erməniləri dəstəkləyən davranışına görə iqtidarı günahlandırır ki, bütün bunlar məhz bu iqtidarın ABŞ-la münasibətləri düzgün qurmadığından qaynaqlanır. Yahu, nə düzgün qurmamaq, həmin ABŞ başını ATƏT-in Minsk qrupundan bayıra çıxarıb deyir ki, Qarabağdan çıxın və ermənilərin dövlət qurmasına imkan verin, indi deyirsən razılaşıb münasibəti düzgün quraq?
Dəyişməyən soydaşlarım, 2020-ci ilin Moskva vaxtı ilə 09 noyabr, Bakı vaxtı ilə 10 noyabr tarixindən yeni bir tarix başlayıb. Söz də, fikir də, müxalifətçilik də, orta məktəbdə tədris metodikası da, dövlətə münasibət də, qalib gəlmiş iqtidarla davranış qaydaları da, bir sözlə çox şeylər kökündən dəyişməlidir, yeniləşməlidir”, BQP başqanı, deputat Fazil Mustafa fikirlərini sona çatdırıb.

sia.az

Digər xəbərlər