Jirinovskinin növbəti sərsəmləməsi - DEPUTAT SƏRT REAKSİYA VERDİ

"Keçmiş sovet respublikaları xalqlarına hər zaman düşmənçiliyi və dil uzatmağı ilə seçilən Jirinovski yenidən sərsəmləyib. Bu adamın əsas işi keçmiş sovet respublikalarının daxili işinə qarışmaq, digər xalqları təhqir etmək və aşağılamaqdır". Bunu SİA-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, söyüşkən, jarqon ifadələrdən öz çıxışlarında davamlı istifadə edən Jirinovski normal polemika aparmaq qabiliyyətinə malik deyil: "Dəvət edildiyi bütün verilişlərdə aparıcıları aşağılayır. Təhqir etmədiyi, söymədiyi veriliş aparıcısı qalmayıb.

Əsas ritorikası söyüş və təhqir olan bu şəxs hələ də anlamır ki, bu sərsəm bəyanatları ilə Rusiya ilə keçmiş sovet respublikaları arasında münasibətləri korlayır. Yaxşı olardı ki o bu enerjini xalqlar arasına nifaq və düşmənçilik salmağa yox, dostluq və əməkdaşlıq əlaqələrinin gücləndirilməsinə sərf edəydi.

Jirinovski anlamaladır ki, Azərbaycan artıq müstəqil respublikadır və onun daxili işlərinə heç kim qarışa bilməz. Azərbaycan banan respublikası deyil və Azərbaycan xalqı ona uzanan dili və əli kəsməyə qadirdir. Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində bunu bir daha nümayiş etdirdi.
Azərbaycan hər zaman Rusiya ilə əməkdaşlığın gücləndirilməsinə xüsusi önəm verib. Prezident İlham Əliyev dəfələrlə Rusiya Prezidenti ilə dostluq əlaqələrinə malik olduğunu vurğulayıb. Azərbaycan-Rusiya münasibətlərinə heç kim xələl gətirə bilməz".