"Növbədənkənar seçkilərin keçirilməsinə ehtiyac yoxdur" - DEPUTAT ŞƏRH ETDİ

Azərbaycan Respublikasının Konstitusiyası Ümumimilli Lider Heydər Əliyevin rəhbərliyi ilə 1995-cı ildə qəbul olunmuşdur. Bu ana qanunumuz müstəqil dövlətimizin hüquqi, demokratik əsasları üzərində möhkəmlənməsinə xidmət edir. Konstitusiyamız bu illər ərzində ölkəmizin inkişafı ilə əlaqədar yaranmış yeni tələblərə və daha çox vətəndaşların maraqlarına uyğunlaşdırılması məqsədilə 3 dəfə ümumxalq səsverməyə çıxarılmış və dəyişikliklər edilmişdir. Sonuncu referendum 2016-cı ildə keçirilmiş və konstitusiyamızın 29 maddəsində dəyişikliklərə xalqımız səs vermişdir. Bu gün dəyişikliklərdən sonra Konstitusiyamız daha mükəmməlləşmiş, dövlətin hakimiyyəti qolları arasında ahəngdar fəaliyyəti təmin etməklə xalqımızın maraqlarına tam cavab verir. Amma bütün bunlara baxmayaraq son günlər KİV-də bu ilin payızında referendum keçiriləcəyi və sonra da yenidən Milli Məclisə növbədənkənar seçkilərin keçiriləcəyi ilə bağlı yazılar tirajlanmaqdadır.

Əvvəlcə onu qeyd edim ki, konstitusiyada dəyikliklərin ediləcəyi ilə bağlı dərc olunan fikirlər tamamilə əsassızdır, yanlışdır. Çünki, konstitusiyamız bu günün tələblərinə uyğundur və dövlətimizin möhkəmlənməsinə, xalqımızın hüquq və azadlıqlarının müdafiəsinə cavab verir. Dəyişiklilərin olacağı ilə bağlı səsləndirilən fikirləri əsassız və radikal müxalifətin arzularının işıqlandırılması kimi başa düşürəm. O cümlədən referendumla əlaqədar mətbuatda son vaxtlar sələndirilən fikirlərdən biri də proporsional seçki sisteminin tətbiq olunacağı ilə bağlıdır. Qeyd etmək istəyirəm ki, ölkəmizdə tətbiq olunan majoritar seçki sistemi bu günün maraqlarına tam cavab verir. Majoritar seçki sistemi cəmiyyətdə daha çox etibar və inam qazanmış şəxslərin seçilməsinə yol açır. Məhz tətbiq olunan majoritar seçki sisteminə uyğun parlamentə 11 siyasi partiyanın nümayəndələri seçilərək təmsil olunurlar. Məqsəd o olmalıdır ki, ölkədəki bütün partiyalar parlamentdə təmsil olunsunlar. Məqsəd odur ki, cəmiyyətin daha çox inandığı siyasi partiyalar Milli Məclisə seçilsin və bu günki parlament məhz bu ideya üzərində formalaşmışdır. Ona görə də qeyd etmək istəyirəm ki, ölkəmizdə mövcud majoritar seçki sistemi zamanın sınağından uğurla çıxmış və hər hansı bir dəyişikliyin edilməsinə ehtiyac duyulmur.

Milli Məclisə yenidən növbədən kənar seçkilərin keçiriləcəyi ilə bağlı səsləndirilən iddialar da tamamilə yanlış və əssasızdır. Bu gün Azərbaycan Respublikasının VI çağırış Milli Məclisi Prezident İlahm Əliyevin rəhbərliyi altında ölkəmizdə aparılan islahatların ruhuna uyğun şəkildə fəaliyyətini qurmuşdur. VI çağırış Milli Məclisin ilk iclasında çıxış edən Prezident İlham Əliyev Milli Məclisin daha səmərəli və günün tələblərinə uyğun fəaaliyyətinin təşkili üçün tövsiyyələrini vermişdi. Milli Məclisin VI çağırış deputatları Prezidentin tövsiyyələrini özlərinə fəaliyyətin yol xəritəsi kimi qəbul edərək yeni formatda yanaşmanı ortaya qoya bilmişdir. Müstəqil Azərbaycan dövlətinin tarixində ilk dəfə olaraq parlamentimizdə də islahatlar aparıldı. Milli Məclisin say tərkibi bu günün tələblərinə tam uyğundur və bəzən səsləndirilən deputataların sayının artırılmasının vacibliyi ilə bağlı fikirlər tam məntiqsiz və lazımsızdır. Deputatların mövcud sayı ölkəmizin ərazisindəki bütün seçki dairələrdəki vətəndaşları əhatə etməklə günün tələbinə uyğundur. Burada əsas məsələ Milli Məclisin say tərkibinin artırılması olmamalı, mövcud sayla daha keyfiyyətli fəaliyyətin orta qoyulmasıdır. Mən tam əminliklə deyə bilərəm ki, VI çağırış Milli Məclisin fəaliyyətində kifayət qədər keyfiyyət dəyişklikləri öz əksini tapmışdır.

Parlamentdə təmsil olunan müxalif partiyaların nümayəndələri parlamentin rəhbərliyində təmsil olunmağa başlandı. İcra hakimiyyəti ilə Qanunverici hakimiyyətin ahəngdar işinin təşkili məqsədilə Milli Məclisdə İcra hakimiyyətlərlə iş şöbəsi yaradıldı. Yaradılmış şöbə deputatların yerlərdə fəaliyyətin səmərəli təşkilinə töhfə vermiş oldu. O cümlədən Prezident Administrasiyasında da parlamentlə iş şöbəsi yaradıldı ki, bu da dövlət hakimiyyəti qollarının koordinasiyalı şəkildə daha effektiv fəaliyyətinə yol açdı. Düzdür, VI çağırış Milli Məclis formalaşdıqdan sonra COVİD-19 pandemiyası ilə bağlı fəaliyyətin göstərilməsində müəyyən qaydaların gözlənilməsi tələb olundu. Amma bütün məhdudiyyətlərə və çətinliklərə baxmayaraq ölkədə tətbiq olunmuş karantin rejiminin tələblərini gözləməklə Milli Məclisin komitə iclasları onlayn, plenar iclasları açıq zalda keçirməklə təşkil olundu. VI çağırış Milli Məclisdə yüzlərlə qanunlarda dəyişikliklər edildi, yeni qanunlar qəbul etdi. Qanunların qəbul edilməsində kəmiyyətdən keyfiyyətə keçid olundu və qəbul olunmuş qanunlar dövrün tələblərinə uyğunlaşdırmaqla daha çox xalqın maraqlarına cavab verir. Milli Məclisin yeni rəhbərliyin beynəlxalq təcrübəsinə uyğun parlamentin beynəlxalq əlaqələri genişləndirildi. Parlamentlərarası işçi qrupları pandemiya ilə əlaqədar səfərlərini məhdudlaşdırsa da onlayn görüşlərin keçirilməsini intensivləşdirdi və ölkəmizin haqq səsinin dünya parlamentarilərin diqqətinə çatdırılmasında fəal iş gördü. Təbii ki, Vətən müharibəsi dövründə də ermənilərin müharibə zonasından uzaq, dinc əhalimizin yaşadığı yaşayış məntəqələrimizin qadağan olunmuş raketlərlə atəşə tutması, şanlı ordumuzun öz haqq işinin gördüyünü, ölkəmizdəki milli həmrəyliyin düşmənə qalib gəldiyini, müharibədən sonra regionda yeni reallıq yaratdığımızı və bu yeni reallığa uyğun Azərbaycanın mövqeyi regionda davamlı sülh, təhlükəsiz və əməkdaşlıqdan ibarət olduğunu bütün beynəlxalq görüşlərdə və məktub mübadilələri ilə həmkarlarımızın diqqətinə çatdırılmışdır.

Deputatlar fəaliyyətlərini daha da aktivləşdirmək, seçicilərin yanında olmaq və problemləri ilə yerindəcə tanış olmaq üçün pandemiyanın tələblərini gözləməklə seçicilərlə görüşlər keçirmiş, seçiciləri narahat edən bir çox məsələlərin həll olunmasında yaxından iştirak etmişdir. Şəhid ailələri və qazilərlə mütəmadi görüşlər keçirilir, cəmiyyətin bu həssas təbəqəsinə diqqət daha da artırılmışdır. VI çağırış deputatlar KİV-lə əməkdaşlığını aktivləşdirmiş, parlamentin plenar iclaslarında seçiciləri narahat edən müəyyən məsələləri gündəmə gətirmiş, qanunların qəbul olunmasında səmərələşdirici təklifləri səsləndirməklə yeni tələblərə uyğun fəaliyyəti qura bilmişdir.

Sonda qeyd etmək istəyirəm ki, VI çağırış parlamentin fəaliyyəti uğurludur, xalqın və dövlətin maraqlarına cavab verir və buraxılaraq yenidən növbədənkənar seçkilərin keçirilməsinə ehtiyac yoxdur.

Azər Badamov
Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü