“Nikol Paşinyanın Baş nazir təyin edilməsi gözlənilən idi. Çünki bu şəxs Ermənistanda keçirilən parlament seçkilərini udmuşdu və seçkilərin nəticələrinə görə də, Paşinyanın bu ərsəyə gətirilməsi gözlənilən idi. Burada söhbət ondan gedir ki, Paşinyanın artıq baş nazir vəzifəsinə təyin edilməsindən sonra Ermənistan iqtidarının siyasətində hansı dəyişikliklər ola bilər?”. Bunu SİA-ya açıqlamasında politoloq Elşən Manafov deyib.Onun sözlərinə görə, parlamentdəki rəqiblərinin Paşinyana təsir imkanları bir o qədər də güclü olmayacaq: “Burada Köçəryan və Sarkisyanın rəhbərlik etdiyi qüvvələrdən gedir. Bu kontekstdə Paşinyan əslində Moskva razılaşmasının şərtlərinin yerinə yetirilməsi ilə bağlı məsələlərdə əl-qolu artıq açıqdır. Seçkiyə gələn Ermənistan vətəndaşlarının 80 faizi ona səs verib. Bu bir faktdır ki, Ermənistan Azərbaycana qarşı savaşı uduzdu. Bu o deməkdir ki, artıq Ermənistan prinsip etibarı ilə Azərbaycanla qarşıdurmadan çəkinir və növbəti müharibənin Ermənistan üçün hansı problemlər doğura biləcəyi ilə bağlı erməni vətəndaşları məsələlərin mahiyyətinə vara bilirlər. Ona görə də, onlar daha çox stabilliyə səs veriblər, yəni Paşinyana səs veriblər. Yəni onlar daha çox Ermənistanın korrupsiya bataqlığından çıxarda biləcək komanda və onun siyasətinə səs veriblər. Etiraf edək ki, Paşinyanın indi bütün bu problemləri həll etmək üçün gerçək imkanları var. Yəni Moskva razılaşmasının şərtlərinin yerinə yetirilməsi Ermənistanın iqtisadi blokadadan çıxarılması demək olacaq və bu baxımdan, Azərbaycan öz üzərinə götürdüyü öhdəlikləri həmişə yerinə yetirib və bundan sonrada yerinə yetirməyə hazırdır”.Politoloq onu da bildirdi ki, Paşinyan Zəngəzur dəhlizinin açılması ilə bağlı əldə edilmiş razılaşmanın yerinə yetirilməsi istiqamətində konkret addımlar atmalıdır: “Nəqliyyat-kommunikasiya xətlərinin açılması ilə bağlı məsələ ətrafında müzakirələr aparılmalı və təbii ki, razılıqlar əldə olunandan sonra nəqliyyat kommunikasiya xətləri açılmalıdır. Bu halda Ermənistan düzələ bilər. Ən əsası isə Paşinyan Ermənistanın Azərbaycana qarşı torpaq iddialarından imtina etməli və Dağlıq Qarabağ münaqişəsinin bitməsi ilə bağlı iqtidarının mövqeyini açıqlamalıdır. Ermənistan başa düşməlidir ki, Azərbaycan daxilində ermənilərə statusun verilməsindən söhbət gedə bilməz. Bu halda Azərbaycan və Ermənistan arasında münasibətlərin artıq normal müstəvi üzərinə köçə biləcəyi ilə bağlı fikirlər söyləmək olar. Amma ən əsası ondan ibarətdir ki, Paşinyan bütün bunları etmək üçün indiyə qədər nümayiş etdirdiyi mövqedən geri çəkilməli və Ermənistanın xeyrinə perspektivdə hansısa geosiyasi reallıqların dəyişə biləcəyi ilə bağlı illüziyalarından imtina etməlidir. Hər halda Paşinyanda belə bir ümidlər var. Çünki Avropa Birliyinin, Qərbin Ermənistanla apardığı danışıqlar və Ermənistana vəd edilən maliyyə kreditləri Paşinyan da belə bir ümidlərin yaranmasına səbəb ola bilər. Amma Paşinyan nəzərə almalıdır ki, dəmir yumruq həmişə öz yerindədir və Azərbaycanla növbəti qarşıdurma Ermənistan dövlətçiliyinin məhvi ola bilər”.
sia.az