Heç kəsə sirr deyil ki, Prezident İlham Əliyev bu günə qədər verdiyi bütün vədləri yerinə yetirib. Dövlət başçısının Qarabağla bağlı vədlərini də yerinə yetirməsinin şahidi olduq. Prezident İlham Əliyev hər zaman çıxışlarında bildirib ki, “Mənim sözüm imzam qədər qüvvətlidir”. Bəli, Prezident İlham Əliyevin bu günə qədər verdiyi bütün vədlər artıq reallığa çevrilib. 18 il öncə deyilənlər, bu gün öz müsbət nəticəsini verib. Ulu Öndər Heydər Əliyevin "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm", - vəsiyyətini reallaşdıran Prezident İlham Əliyev "Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm", - deyərək son 18 illik Prezidentlik fəaliyyətinin nəticəsidir ki, son 30 il ərzində həsrətində olduğumuz - Qarabağ Azərbaycandır! - şüarlı haqq və şərəf işimiz olan, Azərbaycan Respublikamızın suverenliyi və ərazi bütövlüyümüzə və nəhayət, Qələbə Zəfərimizə nail olduq!"Şuşasız Qarabağ, Qarabağsız Şuşa yoxdur" deyən Ulu Öndər Heydər Əliyevin bu arzusunu da bu gün Prezident İlham Əliyev "Şuşasız işimiz yarımçıq qalar" deyərək reallaşdırdı: "Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!".
Azərbaycan Prezidenti İlham Əliyev son 18 ildə öz vədini yerinə yetirdi və bu gün də xalqı qarşısında bir daha sözü ilə əməli bir olan Liderdir!
Bəli, bu, həqiqətən də belədir. "Əsl siyasət konkret, real iş görməkdən ibarətdir", deyən dövlət başçısının ötən illərdə qəbul etdiyi fundamental qərarlar, imzaladığı sərəncamlar Cənab Prezidentin daim xalqın mənafeyindən çıxış etdiyini, habelə, verdiyi vədlərin sırf əməli fəaliyyətə, praqmatizmə söykəndiyini, gerçəkliyə adekvat olduğunu göstərmişdir. Çünki bugünkü Azərbaycan vətəndaşı həyata başqa nəzərlərlə baxır, özünə və ölkəsinin bundan da daha böyük uğurlar əldə edəcəyinə inanır. Bu inam, hər il görülən daha böyük uğurların nəticələrini gördükcə, sabaha daha böyük bağlılıqla inanır. Ancaq təəsüf doğuran odur ki, hələ də bəzi məmurlar şəxsi ambisiyalarından əl çəkməyərək çirkin əməllərə əl atır, işğaldan azad olunan torpaqlarda dövlət başçısının dediyi kimi: «Biri filial açmaq istəyir, biri nə bilim başqa qurum açmaq istəyir. Bu, yolverilməzdir və qəbuledilməzdir".Dövlətimizin başçısı İlham Əliyev Dövlət Bayrağı Meydanının açılışında çıxış edərkən demişdi ki, gün gələcək və Azərbaycan bayrağı işğal edilmiş torpaqlarda, o cümlədən Şuşada qaldırılacaq. Prezident İlham Əliyev 2021-ci ilin yanvarın 14-ü həmin vədini yerinə yetirdi və Şuşa səfəri müzəffər Ali Baş Komandanın sözünün və əməlinin vəhdətinin növbəti nümayişi oldu. Bununla da, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərində üçrəngli bayrağımızı qaldırdı.Ali Baş Komandanımız Prezident İlham Əliyev çıxışlarında ərazi bütövlüyümüz bərpa ediləndən sonra Bülbülün, Natəvanın, Üzeyir Hacıbəylinin büstləri yenə də Şuşada qoyulacağını demişdi. Bu sözlər də artıq reallığa çevrilib və artıq həmin dahi şəxsiyyətlərin büstləri Şuşada yenidən əvvəlki yerlərinə qoyulub. Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün Şuşada güllələnmiş büstləri erməni vandalizminin şahidləridir. Birinci Qarabağ müharibəsi dövründə ermənilər dahi şəxsiyyətlərimizin büstlərini təhqir edəndən sonra onları əridib satmaq, pul əldə etmək üçün Ermənistana aparmışdılar. Lakin ulu öndər Heydər Əliyevin tədbirləri nəticəsində bu büstlər ermənilərdən pulla alınmışdı və artıq onlar Şuşadadırlar.
“Düşməni torpaqlarımızdan qısa müddət ərzində qovduğumuz kimi Qarabağı da qısa müddətdə bərpa edəcəyik”
44 günlük Vətən müharibəsində əldə edilən qələbədən 8 ay keçməsinə baxmayaraq bu qısa zamanda ölkəmizin həyatında yeni dövr başlayıb. Və bu gün 44 günlük Vətən müharibəsində əldə edilən qələbədən 8 ay keçməsinə baxmayaraq dövlət başçımızın dediyi kimi: “Düşməni torpaqlarımızdan qısa müddət ərzində qovduğumuz kimi Qarabağı da qısa müddətdə bərpa edəcəyik”.Artıq işğaldan azad edilmiş torpaqlarımızda quruculuq, bərpa prosesi sürətlə, uğurla davam etməkdədir. Ən əsası isə, xalq görülən işlərin şahidi olur, Qalib Liderimizin gördüyü işləri bəyənir, dəstəkləyir. İyulun 22-də Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin qərb bölgəsinə səfəri zamanı Azərbaycan Televiziyasına müsahibəsində işğal olunmuş ərazilərdə görülən işlər barədə də məlumat verərək bildirmişdir ki, "Bu boyda miqyaslı işi cəmi 8 ay ərzində görmək doğrudan da, mən hesab edirəm ki, böyük qəhrəmanlıqdır”.Bəli, doğurdan da qəhrəmanlıqdır. Çünki sözü imzası qədər qüvvətli olan liderimiz, Prezident İlham Əliyev bu günə qədər verdiyi bütün vədləri yerinə yetirib. Məhz işğaldan azad olunmuş ərazilərimizdə bərpa və quruculuq işlərinin sürətlə aparılması nəticəsində tezliklə Qarabağı azad edən Liderimiz onu həm də cənnətə çevirəcəkdir!
Qələbəmizin “Zəfər yolu” Qarabağın tacı olan Şuşa şəhərinə qədər uzanır
Şuşanın düşməndən azad edilməsinin və qələbəmizin simvolu olan “Zəfər yolu”nun inşası da davam edir. Ötən il noyabr ayının 16-da təməli qoyulmuş “Zəfər yolu”nun tikintisi ilə bağlı dövlət başçımızın verdiyi sözün reallığını görürük. Dövlət başçımızın dediyi kimi, cəmi 8-9 ayda bütün bu uğurlu işlər görülüb: "Paralel olaraq Füzuli-Şuşa magistral yolu, Horadiz-Ağbənd yolu çəkilir, 4-6 zolaqlı yoldur. Zəngilan-Qubadlı-Laçın yolu çəkilir. Bu da çox önəmli yoldur. Füzuli-Hadrut, Füzuli-Cəbrayıl yolları - bütün yollar üzrə qızğın iş gedir. Kəlbəcərə rahat çatmaq üçün Göygöldən Ömər aşırımı üzrə yol çəkilir".
Bütün bu görülən işlərlə yanaşı, üç aeroportun tikilməsi və növbəti ardıcıl olaraq görülən işlər bir daha onu göstərir ki, Qalib liderimizin sözü ilə əməli üst-üstə düşür. Çünki dövlət başçımızın dediyi bu vədlər də artıq reallığı çevrilməkdədir. Bu gün Azərbaycan xalqı da Qalib Liderimiz Prezident İlham Əliyevin son 18 il prezidentlik fəaliyyəti dövründə bir daha gördü ki, Azərbaycan Prezidenti daima xalqı ilə birlikdədir, onların yanındadır, bütün görülən işləri də xalqına aydın şəkildə çatdırır. Dövlət başçımızın dediyi kimi: "Mən bu ardıcıllıq haqqında Azərbaycan xalqına dəfələrlə demişəm ki, biz hansı işləri görəcəyik, insanlar da bilsinlər".
ZƏRİFƏ QULİYEVA,
YAP Qadınlar Şurası İdarə Heyətinin üzvü, «Modern ailə və inkişaf» İctimai Birliyinin sədri
sia.az