Dövlət başçısının Sərəncamı ilə Vətən müharibəsində zərər vurulmuş təhsil müəssisələrinin təmir-tikintisinə 7,0 (yeddi) milyon manat vəsait ayrılıb
2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, infrastruktur obyektlərinə ziyan dəymiş və ya qəzalı vəziyyətə düşmüşdür. Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozmuş oldular. Belə ki, Azərbaycanın dinc əhalisini hədəfə alaraq, döyüş əməliyyatlarının aparılmadığı bölgələrimizə raket və ağır artilleriya zərbələri endirdilər. Ağcabədi, Bərdə, Tərtər, Naftalan, Gəncə, Mingəçevir kimi ərazilərimiz bundan ziyan çəkmiş oldu. Bildiyimiz kimi, oktyabrın 28-də düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin kompakt yerləşdiyi əraziyə hər birinin içərisində 72 ədəd 9N235 saylı, ümumilikdə 144 bombacıq olan "Smerç" tipli əməliyyat-taktiki təyinatlı 9M525 gəlpəli böyük dağıdıcı qüvvəyə malik ballistik "claster" tipli 2 ədəd raket zərbələrinin endirilməsi nəticəsində 5-i qadın olmaqla, 21 nəfər həlak oldu, 8-i uşaq, 15-i qadın olmaqla, 70 şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri aldılar. Bundan başqa, raket zərbələrinin təsirindən 30-dan artıq mülki infrastruktur obyektinə, dinc sakinlərə məxsus 20-dən artıq fərdi yaşayış evlərinə və 22 nəqliyyat vasitəsinə, xüsusilə, külli miqdarda ziyan dəydi. Gəncə şəhəri isə Ermənistan Silahlı Qüvvələri tərəfindən 5 dəfə ayrı-ayrı vaxtlarda zərbələrə məruz qaldı. Bu hücumlar nəticəsində hamısı mülki şəxslər olmaqla, 16 nəfər şəhid oldu, 55 nəfər isə yaralandı. Raket hücumlarından həyatını itirənlər və yaralananlar arasında azyaşlılar da var. Hücum nəticəsində şəhərin infrastrukturuna, yaşayış binaları da daxil olmaqla, digər çoxsaylı binalara, avtomobillərə ziyan dəydi. Gəncənin bombalanması və ya Gəncəyə raket hücumları heç zaman yadımızdan çıxmayan erməni terrorunun acı nəticələridir ki, bunu yaşamış olduq. Xocalı kimi soyqırımı yaşayan bir xalq kimi bu faciə də tariximizə yazıldı. İlk hücum 4 oktyabrda baş verdi və 1 mülki şəxs şəhid oldu, 30-dan çox mülki şəxsin yaralandı. Bu raket hücumu müharibənin getdiyi Dağlıq Qarabağ bölgəsindən kənara edilən ilk ciddi hücum kimi tariximizdə yer aldı. İkinci raket hücumu isə 5 oktyabrda baş verdi və nəticədə 3 mülki şəxs yaralandı. Oktybarın 8-də, 11-də baş verən hücumlar da ağır nəticələri ilə yadda qaldı. Oktyabrın 11-də baş verən hücum nəticəsində 10 mülki şəxs şəhid oldu və 40-dan çox insan yaralandı. Mülki şəxsləri hədəf alan beşinci raket hücumu isə 17 oktyabrda baş verdi və hücum nəticəsində hamısı mülki şəxslər olmaqla, 16 nəfər şəhid oldu, 55 nəfər isə yaralandı. Təbii ki, hücumlar zamanı şəhərin infrastrukturuna, yaşayış binaları da daxil olmaqla, digər binalara, avtomobillərə də ziyan dəydi. Ermənistanın mülki şəxslərə raket hücumlarından həyatını itirənlər və yaralananlar arasında azyaşlılar da vardır. 44 günlük müharibə zamanı ölkənin 100-ə yaxın dinc sakini öldü, 400-dək adam yaralandı. Mülki insanlara və infrastruktura dəymiş ziyanın aradan qaldırılması istiqamətində dövlətimiz tərəfindən tədbirlər görülmüş və bu gün də həyata keçirilir.Azərbaycan Prezidenti Cənab İlham Əliyev "2020-ci il sentyabrın 27-dən başlayaraq, Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində zərər vurulmuş təhsil müəssisələrində təmir-tikinti işlərinin həyata keçirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncamı həyata keçirilən tədbirlərin davamıdır. Sərəncama əsasən, 2020-ci il sentyabrın 27-dən başlayaraq, Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində dəymiş ziyanın aradan qaldırılması ilə bağlı Gəncə şəhəri, Ağdam, Goranboy və Tərtər rayonlarında zərər vurulmuş təhsil müəssisələrində təmir-tikinti işlərinin həyata keçirilməsinin təmin edilməsi üçün Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 7,0 (yeddi) milyon manat vəsait ayrılıb. Əlbəttə ki, 44 günlük müharibə zamanı məktəblərimiz də ziyan çəkmişdir və bunların hamısını, əksəriyyətimiz iştirakçı olmasaq da izləmişik. Müharibə dövründə zərər çəkmiş məktəblər sırasında Tərtər rayonunun Düyərli kənd məktəbinin, Gəncə şəhəri 29 nömrəli tam orta məktəbinin və s. binalarına dəymiş ciddi ziyan erməni təcavüzünün nəticələridir ki, biz bunları yaşadıq.Ötən əsrin 90-cı illərində erməni təcavüzü nəticəsində məktəblərimiz işğala, təcavüzə, dağıntıya məruz qalmışdır. 30 ildə Azərbaycanın işğal altında olan torpaqlarındakı təhsil obyektləri tamamilə dağıdılmış, yaxud yararsız hala düşmüşdür. Belə ki, Füzuli, Kəlbəcər, Cəbrayıl, Zəngilan, Xocalı, Xocavənd rayonlarının təhsil müəssisələri də dağıdılıb və viran qoyulub. Vurğulamaq yerinə düşər ki, təkcə Qubadlı rayonunda işğaldan əvvəl 61 ümumi təhsil məktəbi, o cümlədən, 33 tam orta, 16 ümumi orta, 12 ibtidai məktəb fəaliyyət göstərirdi. Rayonda 6000-ə qədər şagirdin təhsili ilə 1317 nəfər pedaqoji işçi məşğul olurdu. Qubadlıda uşaq-gənclər idman məktəbi, Uşaq şahmat məktəbi, həmçinin, Uşaq və yeniyetmələrin yaradıcılıq, Texniki yaradıcılıq və Ekoloji Tərbiyə mərkəzləri, Texniki Peşə məktəbi fəaliyyət göstərirdi. Bütün bunlar erməni təcavüzkarlarının əməlləri nəticəsində viran qoyulmuşdur. Azərbaycan 44 günlük Vətən müharibəsində öz torpaqlarını işğaldan azad edərək, həmin ərazilərdə üçrəngli bayrağını dalğalandırdı. 30 illik həsrətə, ağrı və acıya son qoyuldu. Bu gün artıq Azərbaycan öz ərazilərində abadlıq-quruculuq işlərinə başlayıb. Şuşada məktəb tikilir, yollar çəkilir, məscidlərimiz bərpa olunur və yenidən qurulur.
sia.az