Milli məclisin deputatı Cavid Osmanov SİA-ya müsahib verib. Həmin müsahİbəni sizə təqdim edirik:
- Son zamanlar Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklər və parlamentin buraxılması ilə bağlı fikirlər səsləndirilir. Ümumiyyətlə bu nə qədər əsaslıdır, hazırki dövrlərdə buna ehtiyac varmı?
- Birincisi, onu demək istəyirəm ki, ölkədə həmişə cənab Prezidentin başçılığı ilə köklü islahatlar aparılıb. Xüsusilə də, 11 aprel 2018-ci il prezident seçkilərindən sonra islahatlar bir çox sahələrdə aparılmağa başlayıb. Burada biz kadr islahatlarından, struktur islahatlarından, sosial-siyasi islahatlarından danışa bilərik. Yəni həyatın bir sıra sferalarını əhatə edəcək islahatlar həyata keçirilib. Heç də təsadüfi deyil ki, dünyanın ən nüfuzlu reytinq dərc edən “Doing Business” hesabatlarında Azərbaycan 10 ən islahatçı ölkələr sırasına daxil edilib. Bildiyiniz kimi, artıq 2019-cu ilin sonlarında hakim Yeni Azərbaycan Partiyası belə bir təşəbbüslə çıxış etdi ki, hakimiyyətin qanunverici qolunda, yəni parlamentdə növbədənkənar seçkilər keçirilsin. Bu da baş tutdu. Bildiyiniz kimi, 2020-ci ilin fevral ayının 9-da parlament seçkiləri oldu. İndiki məqam əlbəttə ki, Azərbaycanın dünyada nüfuzunun günbəgün artması ilə müşahidə olunan zamandır. İstər son il yarım müddətində koronavirusla Azərbaycanın uğurlu mübarizəsi, Prezidentin bu mübarizədə yalnız milli ruhda, regional ruhda deyil, həm də qlobal ruhda çıxış etməsi, Azərbaycan Prezidentinin rəhbərliyi ilə ilk beynəlxalq təşkilatlar səviyyəsində iclasın keçirilməsi, Türkdilli Ölkələrin Zirvə toplantısı, daha sonra Qoşulmama Hərəkatının təmas xətti formatında Zirvə görüşünün keçirilməsi kimi hadisələr beynəlxalq aləmdə Azərbaycanın nüfuzunu daha da artırıb. Həmçinin ÜST tərəfindən Azərbaycanın koronavirusla mübarizəsi model kimi təklif olunub. Belə olan halda bəzi qüvvələr çalışır ki, bütün bu işlərə zərbə vursunlar və kölgə salsınlar. Əlbəttə, bunun kökündə vətən müharibəsində birmənalı Azərbaycana qarşı qərəzli mövqedə dayanan qərb dairələri, erməni lobbisi hansı ki, Ermənistanı idarə edib uzun illər ərzində və onların əlaltısı olan daxili xəyanatkar, qaragüruh qüvvələr dayanır. Parlament seçkilərinə heç bir ehtiyac yoxdur. Koronavirus pandemiyası, münaqişə və post-münaqişə dövründə parlament əlindən gələni əsirgəməyib, əsirgəmir və əsirgəməyəcək. Parlament öz vəzifəsini olduqca yaxşı yerinə yetirir.
- Rusiya dumasının deputatı və partiya sədri olan Jirinovski Azərbaycana qarşı qərəz və təhdid dolu bəyanatlar səsləndirib. Sizcə, bunun arxasında nə dayanır?
- Jirinovskinin bu çıxışından bir neçə gün əvvəl Azərbaycan Prezidenti Rusiyada səfərdə olub. Həmin bu səfər biz gördük ki, özü-özlüyündə iki ölkə münasibətlərinə töhfə verdi. Münasibətlərin inkişafında vacib addımlar atıldı. Burada vacib məqamlardan biri odur ki, artıq tarixin arxivinə düşən sözlərdən istifadə olunmadı. Yəni status kimi, Dağlıq Qarabağ kimi sözlər bu görüşdə işlənməyib. Əksinə, bu gün Azərbaycan tərəfindən dünya siyasi leksikomuna daxil edilmiş dünyanın aparıcı mediaları tərəfindən tez-tez işlənən terminlərdən istifadə olunub və bu məsələ müzakirə olunub.
Bildiyimiz kimi, 44 günlük müharibədən sonra üçtərəfli bəyanat Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanıb. Bu bəyanatlardan irəli gələn müddəaların həyata keçirilməsi xüsusilə də, kommunikasiya vasitələrinin açılması üçün 11 yanvar 2021-ci ildə Moskvada növbəti bəyanat imzalanıb. Azərbaycan Prezidentinin Moskva səfərində əsas mövzu, 10 noyabr və 11 yanvar üçtərəfli bəyanatların müddəalarının həyata keçirilməsi olub. Bu görüş göstərdi ki, Rusiya 44 günlük müharibədən sonra Azərbaycanın regionda yaratdığı yeni geosiyasi vəziyyətə konstruktiv baxış sərgiləyir. Bu baxımdan mövqeləri Azərbaycanla üst-üstə düşür. Dünyada erməni diasporasının ən güclü olduğu üç ölkədən biri Rusiyadır. Belə olan halda erməni lobbisi Jirinovski kimi adekvat olmayan, həmişə qadınlara qarşı şiddətlə yadda qalan hər bir təxribat açıqlamasını edə biləcək siyasətçinin dilindən istifadə etdi. Jirinovski özü anlamır ki, bunun özü Rusiyanın beynəlxalq münasibətlər sisteminə ziyandır.
- Paşinyanın Rusiyaya səfəri olacaq bu səfərdən nələri gözləyə bilərik?
- Müharibənin bitməsindən təqribən 8 ay keçir. Burada olan proseslər yalnız və yalnız imzalanan üçtərrəfli bəyanatdan keçir. Burada mən Rusiya prezidentinin müharibədən sonra səsləndirdiyi fikri təkrarlamaq istəyirəm. Əgər Ermənistan üçtərəfli bəyanatın müddəalarından boyun qaçırarsa, bu Ermənistan üçün özünüqəsd demək olardı. Əlbəttə ki, bu üçtərəfli imzalanan bəyanatın müddəalarına süni əngəl törətmək istəyən qüvvələr var. Sərhəd bölgəsində silahlı qüvvələrimizə qarşı təxribat törədilməsi, işğaldan azad edilmiş ərazilərdə minalanmış ərazilərinin xəritəsinin verilməməsi, müvəqqəti olaraq rus sülhməramlı kontingentinin nəzarətində olan ərazilərdən erməni terrorçularının çıxarılması kimi məsələlər hələ də qalır. Əlbəttə, bütün bunlar vaxt tələb edən məsələlərdir. Ancaq əvvəl-axır bütün bu məsələlər öz həllini tapacaq.
- Paşinyan maksimum çalışır ki, sülh sazişinin imzalanmasını və gərginliyinin müddətini artırsın. Sizcə bu nə qədər davam edə bilər?
- Ermənistan 30 il müddətində torpaqları işğal altında saxlayanda onun iqtisadiyyatı demək olar tənəzzülə uğrayıb. Ölkədə demoqrafiya göstəriciləri mənfiyə doğru getdi. Ölkədə əhalinin sayı azaldı. Ölkə əhalisi ölkədə vəziyyət pis vəziyyətdə olduğu üçün ölkəni tərk elədilər. Bütün bunların səbəbi erməni hərbi siyasəti, işğalçılığı olub. Azərbaycanın apardığı düzgün siyasət nəticəsində Ermənistan dalan bir ölkəyə çevrildi. Qaldı Nikol Paşinyanın çıxışına bu mümkün olan hal deyil. Üçtərəfli bəyanatda hər bir məsələ öz həllini artıq tapır. Paşinyanın bu çıxışları boş və cəfəngdir. Misal üçün Paşinyan bundan iki il əvvəl nə demişdi "Qarabağ Ermənistandır və nöqtə" amma reallıq nədir? Qarabağ Azərbaycandır və nida. Bu tip çıxışlar təxribatdan başqa heç nəyin göstəricisi deyil və ola bilməz. Ermənistanın hazırda yeganə çıxış yolu Azərbaycanla sülh müqaviləsi imzalaqdan başqa bir şey deyil.