Nəhayət, beynəlxalq hüquq müdafiə təşkilatları düz yola gəldilər
Biz Qərbin bir sıra təşkilatlarının hazırladıqları qeyri-obyektiv və qərəzli hesabatlara çox rast gəlmişik. Onların sırasında insan haqları ilə bağlı olanlar da var. Ayrıca "Freedom House" təşkilatının nə dərəcədə "obyektiv" olduğu barədə də əlimizdə kifayət qədər faktlar var. Ancaq erməni lobbisinin maraqlarına xidmət göstərən bu üzdəniraq QHT-nin 2019-cu il üçün hazırladığı "hesabat" və tərtib etdiyi mətbuat azadlığı üzrə "reytinq cədvəli" bir başqa əcayibdir. Çünki Qərb siyasi dairələrinin ifadə etdikləri fikirlərə belə uyğun gəlmir. Konkret olaraq, Qərb dövlətləri Ermənistanda seçki saxtakarlığının, korrupsiyanın olduğunu, insan haqlarının tapdandığını dedikləri bir vaxtda "Freedom House" Azərbaycana qarşı qisasçı yanaşması ilə Azərbaycanı 11 xalla azad olmayan ölkələr siyahısına daxil edib. Bu təşkilatın fəaliyyət tarixində Azərbaycana qarşı siyasi rıçaq olaraq istifadə edilməsi təcrübəsi fonunda onun bu qiymətləndirməsi o qədər də təəccüblü deyil. Amma....
Haqq nazilər, amma üzülməz...
Bəli, haqq nazilər, amma üzülməz. Artıq “Human Rights Watch”, “Amnesty İnternational”, “Freedom House”, “International Federation for Human Rights” və “Transparency International” kimi beynəlxalq qeyri-hökumət təşkilatlarının hazırladıqları hesabatlar əsasında demək olar ki, Ermənistanda ifadə azadlığı, sərbəst toplaşmaq, zorakılıq məsələləri hələ də ciddi problem kimi qalmaqdadır.Ancaq bunu dəfələrlə bütün dünya görüb və biz Ermənistanda insan haqları, söz azadlığı, sərbəst toplaşmaq və demokratiyanın müəyyən kateqoriyaları ilə bağlı danışarkən həmin yuxarıda qeyd etdiyimiz bəzi qeyri-hökumət təşkilatları bunu doğru qəbul etməyib. Ermənistanda baş verən hadisələr üç il bundan əvvəl Paşinyanın dövlət çevrilişi yolu ilə hakimiyyətə gəlməsindən sonra sürətləndi və kəskinləşdi. Lakin onu da vurğulamaq lazımdır ki, həmin proseslər üçün zəmin Ermənistanın müstəqilliyinin ilk günlərindən yaranıb. Hazırda hökm sürən qisasçılıq siyasəti, insan haqlarının pozulması halları Ermənistanda həmişə olub. Əlbəttə, Qərbin səssiz dəstəyi Paşinyanın əllərini açır və proseslərə təkan verir. Üç il əvvəl Paşinyan Soros Fondunun dəstəyi ilə hakimiyyətə gəldi. Heç şübhəsiz, bu gün baş verən repressiyalara Ermənistana dəstək verən ölkələr yaşıl işıq yandırıblar. Çünki bu gün aydın şəkildə Ermənistanın baş naziri Nikol Paşinyan dünya arenasında və Qərbə nisbətdə elə bir fikir formalaşdırmaq istəyir ki, guya Ermənistan onun hakimiyyətə gəlməsindən sonra sırf demokratikləşmə yolunu seçib. Lakin deyilənlər heç də həqiqətə uyğun deyil. Və bu gün artıq həmin təşkilatlar, o cümlədən “Human Rights Watch”, “Amnesty İnternational”, “Freedom House”, “International Federation for Human Rights” və “Transparency International” kimi beynəlxalq qeyri-hökumət təşkilatlarının 2019-2021-ci illər ərzində insan hüquqları və azadlıqlarını əks etdirən hazırladıqları hesabatlar əsasında demək olar ki, Ermənistanda ifadə azadlığı, sərbəst toplaşmaq, zorakılıq məsələləri hələ də ciddi problem kimi qalmaqdadır. Belə ki, 2020-ci ildə pandemiyanın dünyada tüğyan etdiyi zaman pandemiya ilə mübarizəni əllərində bayraq tutan Ermənistan dövləti insanların hüquqlarını ciddi şəkildə daraldıb. Burada əsas söhbət insan hüquqlarının daralması, aktivistlərə qarşı zorakılığın artması, eyni zamanda, məhkəmə hüququ sisteminin onlara qarşı olmayan hər hansı bir cinayət və administrativ işlərinin qaldırılmasından gedir. Belə ki, 2020-ci ilin ikinci yarısında yerli qeyri-hökumət təşkilatı olan İfadə Azadlığının Müdafiəsi Komitəsi (CPFE) jurnalistlərə qarşı zorakılıq nəticəsində 6 xəsarət faktı qeydə alıb. Eyni zamanda, CPFE-nin məlumatlarına əsasən, təkcə bu ilin birinci yarısında jurnalistlərə qarşı zorakılıq halları artaraq 7 hadisə və 8 xəsarətlə nəticələnib. Eyni zamanda, ötən ilin oktyabrından başlayaraq həm də müharibə ilə əlaqədar olaraq bir çox insan haqlarının və hüquqlarının tapdalanması hallarının da şahidi olduq. Bütün bunlar Ermənistanı uçuruma aparan yoldur.Sözügedən məsələ ilə bağlı Bakı Politoloqlar Klubunun rəhbəri politoloq Zaur Məmmədov bildirib ki, Ermənistanda bütün sahələrdə ciddi böhranın şahidiyik: “Bundan başqa, Ermənistandakı cəzaçəkmə və islah müəssisələrindəki vəziyyət haqqında danışarkən qeyd etmək istərdim ki, yerli qeyri-hökumət təşkilatları keçirdikləri monitorinqin nəticələrinə görə insan həyatına təhlükə yaradan vəziyyətlərlə bağlı öz narahatlıqlarını bildiriblər. Buna misal olaraq, həm ərzaq təminatı, həm də orada olan məişət şəraitini vurğulamaq lazımdır. Baxmayaraq ki, N.Paşinyan Qərbə özünü tamamilə başqa formada təqdim edib, Ermənistanda çirkli pulların yuyulması, rüşvətxorluq hələ də ən geniş yayılmış istiqamətlərdəndir. N.Paşinyanın rüşvətxorluq əleyhinə mübarizə adı altında siyasi rəqiblərinə qarşı mübarizə apardığı aydın görünür. Çünki onun yanında olan və onu dəstəkləyən nüfuzlu iş adamları, həmçinin digər dövlət məmurlarının adları Ermənistanda rüşvətxorluqla bərabər hallanır. Həmin şəxslərə qarşı çirkli pulların yuyulması və gəlir şəffaflığı istiqamətlərində heç bir tədbir görülməyib. Bu addım da öz növbəsində N.Paşinyanın rüşvətxorluğa qarşı nə qədər qeyri-şəffaf mübarizə apardığının göstəricisidir. Eyni zamanda, biz əgər 2020-ci ildə hökumət və polisin mediaya müdaxiləsi haqqında danışsaq, bu istiqamətlərdə də jurnalistlərə qarşı ciddi təzyiqlərin olduğunu deyə bilərik”.Politoloq diqqətə çatdırıb ki, Ermənistanda antisemitizm geniş şəkildə yayılıb. Buna nümunə olaraq, ötən ilin payızında 44 günlük müharibədə İsrailin ədalətin və beynəlxalq hüququn yanında olması səbəbindən Ermənistan hakimiyyəti və kütləvi informasiya vasitələrində yəhudilərə qarşı kifayət qədər ciddi şəkildə düşmənçilik addımlarının atılmasının da şahidi olduq. Nəticə etibarilə bu il ərzində iki dəfə İrəvandakı Holokost və Soyqırımı abidəsi ermənilər tərəfindən vandalizmə məruz qalıb.Z.Məmmədov vurğulayıb: “Ümumilikdə, biz insan hüquqlarının qorunması istiqamətində fəaliyyət göstərən beynəlxalq təşkilatların hesabatlarını və rəylərini buraya əlavə etsək, aydın şəkildə görərik ki, sərbəst toplaşmaq, insan hüquqları və insan haqları, eyni zamanda, antisemitizm, irqçilik, həmçinin dözümsüzlük, rüşvətxorluq, çirkli pulların yuyulması kimi digər sahələrdə də Ermənistanda heç bir irəliləyiş olmayıb. 2018-ci ildə demokratik siyasətçi adı altında hakimiyyətə gələn N.Paşinyan bu illər ərzində sələflərindən heç nə ilə fərqlənmədiyini sübut etdi. Sadəcə olaraq, Qərbin Rusiya ilə geosiyasi mübarizəsi kontekstində təbii ki, N.Paşinyanın bir qədər fərqli mövqe nümayiş etdirdiyinin şahidiyik. Qərb Paşinyanın demokratik islahatlar adı altında apardığı siyasətə öz aləmində dəstəyini nümayiş etdirir. Əslində isə bu dəstək Ermənistanın Rusiyanın təzyiqi altından çıxmasına görə demokratiya pərdəsi altında yürüdülən bir siyasətdir. Təbii ki, bu gün Ermənistan əhalisi bütün müstəqillik illərində olduğu kimi, erməni siyasətinin işbazlarının alətinə çevrildiyini anlamağa başlayıb. Çünki bu illər ərzində onların iqtisadi, sosial vəziyyətində irəliləyiş olmayıb, əksinə olaraq Ermənistanda bütün sahələrdə ciddi böhranın şahidiyik”.
Azərbaycan dünyəvi müsəlman ölkəsi kimi Cənubi Qafqazın lider dövlətidir
Bəli, bu günə kimi Azərbaycana ünvanlanan böhtan üzə çıxır, çünki haqq nazilər, amma üzülməz. Və bu böhtanları atan o zavallılar bilməlidirlər ki, Azərbaycan dünyəvi müsəlman ölkəsi kimi Cənubi Qafqazın lideri, bu məkanın ən sürətlə inkişaf edən və daim müstəqil siyasət yeridən tək dövlətidir. Azərbaycan bir nümunədir, dövlət quruculuğu aspektində sanballı modeldir. Azərbaycan Prezidenti siyasi cəhətdən çox fəaldır, tez-tez regional və qlobal əməkdaşlıq modelləri təklif edir. Onlar qəbul olunur və fayda verirlər. Azərbaycan Prezidenti sistemli olaraq islahatlar həyata keçirir. Xarici iş adamlarını ölkəyə sərmayə qoymağa dəvət edir və onlar milyardlarını Azərbaycana etibar edirlər.Azərbaycanın dövlət başçısı dinlər, mədəniyyətlər və sivilizasiyalar arasında dialoqu təşviq edən bir sıra proqramların təşəbbüskarıdır. "Bakı prosesi" adlanan dialoq layihəsi konkret uğurlar qazanıb. Azərbaycan enerji siyasəti ilə regional və qlobal əməkdaşlığa böyük töhfələrini verməkdədir. Nəqliyyat sahəsində ciddi əməkdaşlıq həyata keçirir. Azərbaycan artıq Cənubi Qafqazın geosiyasi qovşağı funksiyasını yerinə yetirir. Bütün bunlar dünyada bir sıra dairələri narahat edir. Onlar Cənubi Qafqazda bir müsəlman dövlətinin iki xristian ölkəsindən xeyli irəlidə olmasını həzm edə bilmirlər. Ancaq hər nə olsa da, fakt faktlığında qalır: Azərbaycan bu regionun parlayan ulduzudur. Onun inkişafının qarşısını kəsməyə çalışan hər bir qüvvənin arzusu gözündə qalacaq. Azərbaycana atılan heç bir ləkə özünü doğrultmayacaq.Ən maraqlısı isə bu gün “Human Rights Watch”, “Amnesty İnternational”, “Freedom House”, “International Federation for Human Rights” və “Transparency International” kimi beynəlxalq qeyri-hökumət təşkilatlarının “Fredom House” tərəfindən nəşr edilən 2020-ci il üzrə “Nations in Transit” tərəfindən nəşr edilən 2021-ci il Dünya Azadlıq Hesabatında Ermənistan “qismən azad” dövlətlər sırasına yerləşdirilib. Qeyd olunub ki, hökumətin siyasəti insanların siyasi hüquqları və mülki azadlıqları ilə bağlı davam edən problemlərə görə qeyri-sabit olub. ABŞ Dövlət Departamentinin qiymətləndirməsinə əsasən isə Ermənistanda insan hüquqları sahəsində problemlərə işgəncə, səbəbsiz azadlıqdan məhrumetmə, cəzaçəkmə müəssisələrinin pis vəziyyətdə olması, insan alveri, vətəndaşların şəxsi həyatına müdaxilə, müstəqil məhkəmə sisteminin yetərsizliyi, zorakılıq və zorakılıq qorxusu yaradan və mülki əhaliyə zərər vermək məqsədilə törədilmiş cinayətlər, uşaq əməyinin ən pis formasının mövcud olması daxildir. Bir sözlə, bütün bunlar Ermənistanda insan hüquq və əsas azadlıqları sahəsində vəziyyətin daha da pisləşməkdə olduğunu təsdiqləyir.
sia.az