“10 noyabr 2020-ci il, üçtərəfli hökumətlərarası sazişin 4-cü maddəsinin tələbinə görə “Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə” yerləşdirilməli idi. Sülhməramlılar sənəd imzalandıqdan bir neçə saat sonra təmas xəttinə və Laçın dəhlizinə yerləşdikləri halda, erməni silahlılarının çıxardılması haqqında ötən müddət ərzində heç bir məlumat verilməyib”. Bunu SİA-ya açıqlamasında ANAP-ın sədri Abutalıb Səmədov bildirib.Onun sözlərinə görə, bu ilin yanvar ayından fəaliyyətə başlayan, tərkibində 60 nəfər türk hərbçisinin təmsil olunduğu “Monitorinq mərkəzi” də bu barədə heç bir məlumat verməyib: “Bununla belə, bir qədər əvvəl Moskvada iki ölkənin xarici işlər nazirlərinin müavinləri səviyyəsində mərkəzin fəaliyyəti müzakirə olundu və yüksək qiymət aldı. Elə həmin dövrdə hörmətli Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti “Monitorinq mərkəzi”nin fəaliyyətini telefonla müzakirə etdilər və görülən işlərdən razı qaldıqlarını bildirdilər. Bu dəyərləndirmələr erməni silahlılarının ərazimizdən çıxarılması istiqamətində işlərin aparıldığını söyləməyə imkan verir. Çünki, silahlıların çıxardılmasını təmin etmək vəzifəsi “Monitorinq mərkəzi”nin üzərinə qoyulub və əslində mərkəzin əsas işi atəşkəsin qorunması və silahlıların çıxarılmasından ibarətdir”.A.Səmədov onu da bildirib ki, Qarabağda erməni silahlıları hələ də qalmaqdadır və onlar ərazimizdə ara-sıra təxribatlar törətməyə, atəşkəsi pozmağa cəhdlər göstərirlər: “Bunların qarşısını almaq üçün Qarabağda “antiterror əməliyyatı” keçirməyə ehtiyac varmı? Zənnimcə, yox. Belə bir əməliyyatın keçirilməsi mütləq Türkiyə və Rusiya ilə razılaşdırılmalıdır. Əks halda, biz bir tərəfdən, bölgədə əsas müttəfiqimiz olan Türkiyəni çətin vəziyyətə salmış olarıq, digər tərəfdən, Rusiya sühməramlılarını qarşımıza almış olarıq. Bu gün buna qətiyyən getmək olmaz.Sərhəddə baş verən atəşkəsin pozulma hallarına gəldikdə isə deməliyəm ki, bu cür halların baş verməsində Paşinyan hökumətindən daha çox Ermənistanda və Rusiyada olan müxtəlif qruplar maraqlıdırlar. Bu cür təxribatlara ordumuz hər dəfə layiqli cavabı verib və bundan sonra da verəcəkdir. Güman edirəm ki, erməni təxribatlarına-sərhəddə atəşkəsin pozulması hallarına daha kəskin reaksiya verməyə, əlahiddə tədbirlər görməyə hələlik heç bir ehtiyac yoxdur”.
sia.az