PDF Oxu

Siyasət

  • 3 996

Azərbaycan-Türkiyə: Bir millət, iki dövlətin, sevinci də, kədəri də eynidir - ŞƏRH

Azərbaycan-Türkiyə: Bir millət, iki dövlətin, sevinci də, kədəri də eynidir - ŞƏRH

Prezident İlham Əliyev: “Azərbaycan hökuməti və xalqı hər zaman olduğu kimi bu gün də qardaş Türkiyə xalqı ilə həmrəydir”

Ümummilli Liderimiz Heydər Əliyevin “Azərbaycan-Türkiyə bir millət, iki dövlətdir”, türk xalqının böyük öndəri Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamlarına əsaslanan Azərbaycan-Türkiyə əlaqələri sarsılmaz qardaşlıq münasibətləridir. Bu iki dövlət arasında qarşılıqlı bağlar, sıx münasibətlər xalqlarımızı, ölkələrimizi hər zaman bir-birinə doğmalaşdırıb, mehribanlaşdırıb. Xüsusilə də son günlərdə Türkiyədə baş verən meşə yanğınları zamanı bütün dünya bir daha Azərbaycan-Türkiyə qardaşlığına şahidlik etdi. Belə ki, Azərbaycan dövləti Türkiyənin bir sıra vilayətlərində baş qaldıran meşə yanğınlarına dərhal reaksiya verdi. Prezident İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyinin təcrübəli yanğınsöndürmə qüvvələrinin əməkdaşından ibarət iyulun 30-dan bu günə kimi yardımlar edilir. Hazırda FHN-in yanğınsöndürmə qüvvələri yanğınların söndürülməsi əməliyyatlarını peşəkarlıqla davam etdirirlər. Marmaris ərazisində yanğınsöndürənlərimizin səyi ilə bir çox istiqamətlərdə meşə yanğınlarının genişlənməsinin qarşısı alınıb. Bütün bunlar bir daha Azərbaycanın Türkiyə ilə əsl qardaş, etibarlı dost olduğunu əyani şəkildə nümayiş etdirir.
Bu qardaşlıq səmimi, sarsılmaz və əbədidir
Azərbaycan hökuməti və xalqı hər zaman olduğu kimi bu gün də qardaş Türkiyə xalqı ilə həmrəydir və onun yanındadır. Prezident İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələrinin 100 əməkdaşından ibarət birinci qrup iyulun 30-dan Türkiyədədir. FHN-in ikinci qrupu da artıq Türkiyədə təyinat məntəqəsinə çatıb. Bu qrupa 1 helikopter, 53 yanğınsöndürmə və xüsusi təyinatlı xilasetmə texnikası, 1 tibbi yardım avtomobili, 220 yanğınsöndürən və xilasedici daxildir. Qrupun üzvlərinin hamısı təcrübəli yanğınsöndürənlərdir. Onların hər biri fərdi yanğınsöndürmə vasitələri ilə tam təmin olunub. Ölkəmizin Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələrinin əməkdaşlarından ibarət birinci qrup iyulun 30-da, ikinci qrup isə iyulun 31-də Türkiyəyə yola salınıb. Artıq üçüncü yanğınsöndürən təyyarəsi avqustun 5-də yola salınıb və bu yardımlar davam etməkdədir. Bütün bunlar bir daha Azərbaycanın Türkiyə ilə əsl qardaş, etibarlı dost olduğunu əyani şəkildə nümayiş etdirir.
44 günlük İkinci Qarabağ müharibəsi bu birliyin ən yüksək zirvədə olduğunu bir daha göstərdi
Türkiyə 44 günlük Vətən müharibəsinin ilk günlərindən haqq işimizi müdafiə etdi, qəti mövqe sərgilədi, ədalət savaşımıza tərəddüdsüz siyasi-mənəvi dəstək göstərdi və bu birliyin, həmrəyliyin ən yüksək zirvədə olduğunu bir daha gördük. Eyni zamanda, iki dost, qardaş ölkə arasında müttəfiqlik sənədinin 15 İyun - Milli Qurtuluş Günündə Qarabağımızın tacı, musiqi beşiyimiz Şuşada imzalanması dünyaya bu birliyin, həmrəyliyin gələcəyi ilə bağlı bir çox məqamları çatdırdı. Vətən müharibəsində dünyaya “Azərbaycan tək deyil” mesajını ünvanlayan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşadan “Bizim gücümüz Azərbaycanın gücü, Azərbaycanın gücü də bizim gücümüzdür” bəyan etdi.Və bu 44 günlük İkinci Qarabağ müharibəsinin Qələbə Zəfərində iki qardaş birliyi – İlham Əliyev-Rəcəb Tayyib Ərdoğan - "Bir millət, iki dövlət" birliyini nümayiş etdirdi. Dövlət başçımız bu birlikdən qürur duyduğunu söylədi: "Biz də bu qədər möhtəşəm dostumuz olduğu üçün qürurlu və şadıq".Çünki tarixboyu Türkiyə ilə Azərbaycan arasında sarsılmaz dostluq və qardaşlıq münasibətləri hökm sürüb. Hər iki xalq istər xoş günlərdə, istərsə də çətin, ağır vaxtlarda birlik nümayiş etdirib, bir-birinin sevinc-fərəhini, kədərini bölüşüb, bir-birinin bütün sahələr üzrə beynəlxalq aləmdə qazandığı uğurlarına sevinib, qürur hissi keçirib.Türkiyədə meşə yanğınlarının söndürülməsində yanğınsöndürənlərimizin fədakarlıq nümayiş etdirmələri bu yaxınlığın, doğmalığın daha bir nümunəsi kimi heç vaxt unudulmayacaq. Bu, başqa cür ola da bilməz.Axı, qardaş çətin, ağır gündə qardaşın yanında olmalı, köməyinə gəlməli, dəstək göstərməlidir. Azərbaycanın qardaşının dar gündə yanında olması da bunun bariz ifadəsidir. Və bu gün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “bir millət, iki dövlət” və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamları tarixin ən dar məqamlarında, ən çətin günlərində belə öz sözünü deyir. Azərbaycan dövləti bu çətin günlərdə Türkiyənin yanındadır və meşə yanğınlarının qarşısının alınmasına öz yardımını edir. Göründüyü kimi, biz Türkiyə ilə bir millət, iki dövlətik, sevincimiz də, kədərimiz də eynidir. Azərbaycan xalqı olaraq hər zaman qardaş Türkiyənin yanındadır və bundan sonra da olacaq. Çünki Azərbaycan-Türkiyə birliyi əbədi və sarsılmazdır.
Mövlud Çavuşoğlu: “Hər zaman olduğu kimi, yanğın vaxtı da yanımızda olan Prezident İlham Əliyevə, Azərbaycanın dövlət nümayəndələrinə və qardaş xalqa çox təşəkkür edərək minnətdarlığımı çatdırmaq istəyirəm”
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu da yanğınla bağlı danışarkən, “Hər zaman olduğu kimi, yanğın vaxtı da yanımızda olan Prezident İlham Əliyevə, Azərbaycanın dövlət nümayəndələrinə və qardaş xalqa çox təşəkkür edərək minnətdarlığımı çatdırmaq istəyirəm. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və fövqəladə hallar naziri Kəmaləddin Heydərov Prezident İlham Əliyevin tapşırığı ilə mənimlə əlaqə saxladılar və Türkiyəyə yardım göndərmək istədiklərini bildirdilər. O telefon danışığından sonra Azərbaycandan təyyarə ilə Türkiyəyə, Dalamana yüzdən artıq yanğınsöndürmə mütəxəssisi gəldi. Qardaşlarımızın Türkiyəni düşünməsi bizi xoşbəxt edir. Bu çətin günlərdə göstərilən həmrəyliyə görə bir daha təşəkkürümü bildirirəm” söyləyib. “Azərbaycan xalqının, oradakı qardaşlarımızın Qarabağ müharibəsi dövründə qəhrəman Azərbaycan Ordusuna, əsgərinə nə cür yardım etdiyinin şəxsən özüm şahidi oldum. Azərbaycanlı qardaşlarımızla fəxr edirik. Bir millət, iki dövlətik. Bu, bizə məxsus xüsusiyyətdir”, - deyə Mövlud Çavuşoğlu qeyd edib.
Fatih Mətin: “Prezident İlham Əliyev başda olmaqla bütün Azərbaycan xalqına qardaş yardımı üçün təşəkkür edirik"
Türkiyənin meşə və kənd təsərrüfatı nazirinin müavini Fatih Mətin bu günlərdə Ankaranın yanında olduğuna görə rəsmi Bakıya təşəkkürünü bildirib. O qeyd edib ki, Türkiyə olaraq yanğınları aradan qaldırmaq üçün bütün imkanlar səfərbər edilib. “Bu gün Azərbaycandan gələn yanğınsöndürən qardaşlarımızla birlikdə çalışdıq. Böyük fədakarlıq göstərirlər. Prezident İlham Əliyev başda olmaqla bütün Azərbaycan xalqına qardaş yardımı üçün təşəkkür edirik", - deyə nazir müavini vurğulayıb. Bir daha şahidi oluruq ki, müxtəlif hadisələrdə, məsələlərdə olduğu kimi, bu faciə qarşısında da Azərbaycan və Türkiyə dövlətləri, Azərbaycan və Türkiyə xalqları növbəti dəfə əsl qardaşlıq nümunəsi ortaya qoyur.Budur, çətin günün sınağından çıxmaq. Budur - bir millət, iki dövlət münasibəti. Doğrudur, bu gün Türkiyə kimi bir güclü dövlətin Azərbacanla bir olması çox dövlətlərin qısqanclığına səbəb olub. Ancaq bir məqamı anlamaq lazımdır ki, Azərbaycan-Türkiyə illərin sınağından çıxmış, bu birlik möhkəmlənmişdir. Bu birliyi isə heç bir qüvvə sındıra bilməz!Dövlət başçımızın dediyi kimi: “Bütün dünyaya göstərdi ki, Türkiyə-Azərbaycan birliyi sarsılmazdır və ağır günlərdə biz bir-birimizin yanındayıq”.Bir sözlə, əminik ki, iki qardaş ölkənin birgə səyləri nəticəsində çox qısa zamanda yanğınların qarşısı alınacaq, Türkiyə bu sınaqdan da üzüağ çıxacaq, yanğınlar türk xalqı üçün ciddi fəsadlar törətməyəcək. Türkiyənin sevinci sevincimiz, kədəri kədərimizdir. Dövlət, xalq olaraq bir daha Türkiyənin yanında olduğumuzu bəyan edir, bu kədəri bölüşürük.

sia.az

Digər xəbərlər