“Müsavat, “Milli Şura” və AXCP-nin sentyabr ayında aksiyalar keçirməyi planlaşdırmaları müəyyən təxribatların tərkib hissəsi ola bilər. Aydın məsələdir ki, pulunu kim verirsə, musiqisini də o sifariş verir. Bu, birinci dəfə deyil, son vaxtlar adları çəkilən partiyalar mitinqlər planlaşdırsalar da, istəklərinə nail ola bilmədilər. Çünki cəmiyyət onları qətiyyətlə rədd edir”. Bunu Təkamül Partiyasının sədri Teyyub Qənioğlu “Səs” qəzetinə açıqlamasında bildirib.Onun sözlərinə görə, sözügedən qüvvələrin mitinqlərin keçirməsini planlaşdırmaları onlara verilən növbəti sifarişdir: “Dağıdıcı müxalifət onlara verilən sifarişlərə əməl etmək üçün indidən belə bir elanlar verirlər və həmin şəxslərə göstərmək istəyirlər ki, görürsünüz, biz artıq bu aksiyaların keçirilməsinə hazırlıq görürük və tapşırığınızı yerinə yetirəcəyik. Ayrı nə ola bilər ki, bu gün ölkədə elə bir ciddi problem yoxdur ki, həmin problemə görə də hansısa bir mitinq təşkil olunsun. Düzdür, ölkədə müəyyən narazılıqlar var yəni, qiymət artımı ilə bağlı narahatçılıq yaradan məqamlar var. Lakin bu səbəblər hər hansı mitinqlərin keçirilməsi üçün ciddi əsas ola bilməz. “Müsavat, “Milli Şura” və AXCP-nin planlaşdırdığı aksiyalar xarici maraqlı dairələrin növbəti tapşırıqdır və 50-60 nəfəri yığıb meydanlarda hay-küy qaldıracaqlar. Bununla da ayrılan maliyyə vəsaitini silməyə çalışacaqlar. Yəni mitinqə çağırış ayrılan pulların silinməsinə hesablanıb. Ancaq reallıq ondan ibarətdir ki, onların mitinq arzuları baş tutmayacaqdır”.
sia.az