Prezident İlham Əliyev: “Hər hansısa bir təxribat olarsa, «dəmir yumruğun» növbəti zərbəsini alacaqlar”
“Tarixi həqiqətləri inkar etdikdə, reallıq hissi itirilir”. Bu, həqiqətən də belədir. Bu gün Ermənistanın baş naziri Nikol Paşinyan küçədən hakimiyyətə gəldiyi gündən başqalarına qarşı əsassız ittihamlarla çıxış etməklə elə zənn etdi ki, yalan və əsassız iddialar irəli sürməklə tutduğu kreslosunda qala biləcək. Ancaq N.Paşinyan hansı formada yalan danışsa da, yenə də əvvəldə dediyimiz kimi, tarixi həqiqətləri inkar etdikdə, reallıq hissi itirilir. Ancaq əsas məsələ odur ki, bu sadə həqiqəti dərk etməyə erməni siyasi şüuru, nə də Paşinyan təfəkkürü qabil deyil. Çünki gürcü yazıçısı Serqi Sacayanının dediyi kimi: “ermənilər şir deyil, güclü dövlətlərə qulluq göstərən çaqqallardır”.Bəli, hər daşın altından məhz Paşinyanın "əl"i çıxır. Bütün təxribatçı ideyalara, planlara məhz o müəlliflik edir. Ötən il sentyabrın 27-də başlanılan, ardınca ölçüyə gəlməz təxribatlar - Mingəçevir SES-i vurmaq barədə sərsəm açıqlamadan sonra Gəncəni vurmaq “ideyası”, sülhdən dəm vurub sonra da «Qarabağ Ermənistandır, vəssalam» deməsi Paşinyanın Ermənistanı və Qarabağdakı erməniləri Feysbuk üzərindən idarə etməklə "demokrat" köynəyini çıxararaq Ermənistanın Hitleri obrazına girməsi quldur Paşinyanın quldur siyasəti deyilmi?
“Əgər onlar bizə hücum etsələr, peşman olacaqlar”
Bəli, dəfələrlə Ermənistanın başında dayanan rəhbərlərinin düşüncəsiz hərəkətlərinə, təxribatlarına “Dəmir yumru”ğun gücü ilə cavab verilib və bu gün təcəvzkar Ermənistan etdiyi düşündməmiş əməlinin bədəlini çəkir və Azərbaycan heç bir təxribatçı addım atmayıb. Bütün təxribatlar Ermənistan tərəfindən törədilir və onlar bunu qəsdən edirlər, bunu nümayiş etdirirlər. Prezident İlham Əliyev çıxışlarında da dəfələrlə bildirib ki, Ermənistan bir daha belə hücumlar etsələr, peşman olacaqlar: “Biz vəziyyəti izləyirik və özümüzü müdafiə edəcəyik, Tovuzda etdiyimiz kimi, başqa bir çox hallarda etdiyimiz kimi. Əgər onlar bizə hücum etsələr, peşman olacaqlar. Mən, sadəcə olaraq, sizin bunu bilməyinizi və bu mesajı Avropa Komissiyasına çatdırmağınızı və Avropa Komissiyasının təcavüzkarın yeni təxribatlarını dayandırmaq üçün nə edə biləcəyini görmək istəyirəm”.Bütün bunların müqabilində uğursuz dövlət olan Ermənistanın dövlətçiliyi iflasa uğrayır. Artıq bunu indi Ermənistan xalqı görür və Ermənistan hakimiyyətinin bu uğursuz fəaliyyətinə qarşı çıxırlar. Və sentyabrın 27-də Ermənistan tərəfindən edilən növbəti təxribat bir daha sübut edir ki, baş verənlər Ermənistan üçün yeni-yeni fəlakətlər vəd edir.
"Nə status var, nə Dağlıq Qarabağ"
Müqəddəs deyim var: “Haqlısansa qorxma, haqq səni qoruyacaq!”. Bəli, haqlı olduğumuz üçün ilahi ədalət bərqərar oldu! Düşmən məhv edildi və etdiyi hiyləgər əməllərinin bədəlini gördü və görür də.“Dağlıq Qarabağ respublikası” yoxdur,-deyən Azərbaycan Prezidenti dəfələrlə sərt mesajlar verərək onları düz yola gəlməyə dəvət edib: “Qoy, erməni xalqı özünü aldatmasın. Biz bütün qalan şərtləri də rədd edirik, o kağızı da zibil qutusuna atırıq. Ancaq erməni xalqı yaxşı düşünsün, yaxşı fikirləşsin. Əgər onlar bundan sonra da cinayətkarların girovu kimi yaşamaq istəyirlərsə, onda indiki hakimiyyətin ağılsız və təhlükəli addımlarına göz yumsunlar. Erməni xalqı 1998-2018-ci illərdə Ermənistanda cinayətkar, kriminal rejimin girovu idi. İndi isə Soros rejiminin girovudur». Bəli, Ermənistanın ipi öz əlində olmayan ölkə olduğu hər halından bəlli...Və bu gün Ermənistan anlamalıdır ki, “Dağlıq Qarabağ” anlayışı tarixin zibilliyinə atılıb.Prezident İlham Əliyev Azərbaycan Televiziyasına verdiyi müsahibəsində bildirib ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin “status”, “Dağlıq Qarabağ” sözlərini işlətməməsi, əlbəttə, çox müdrik bir addım idi: “Bu, dövlət xadiminin addımı idi. Biz bunu qiymətləndiririk və Ermənistan da bundan nəticə çıxarmalıdır. Nə status var, nə Dağlıq Qarabağ”.Dövlət başçısı qeyd edib ki, Dağlıq Qarabağ Muxtar Vilayəti 1923-cü il iyulun 7-də süni qurum kimi yaradılmışdı. Sadəcə olaraq, o vaxt sovet hökumətində təmsil olunan ermənilər demək olar ki, bu qanunsuz və heç bir əsası olmayan qərarı qəbul etdilər və əlbəttə, Sovet Azərbaycanı o vaxt məcbur olub bununla razılaşıb, barışıb. Heç bizi soruşan da yox idi. Azərbaycan parlamenti müstəqillik bərpa olunandan bir ay sonra - 1991-ci ilin noyabrında Dağlıq Qarabağ Muxtar Vilayətini ləğv edib. Bu hamısı sənədlərdir, özü də qanuni şəkildə ləğv edib. Prezident İlham Əliyev onu da bildirib ki, münaqişəyə görə. Beynəlxalq sənədlərdə də, ondan sonra danışıqlar masasında da, mən şəxsən özüm dəfələrlə Dağlıq Qarabağ sözünü işlətmişəm münaqişə ilə bağlı, ərazi ilə bağlı yox: «Onu da bildirməliyəm ki, hər dəfə münaqişə ilə bağlı mən hansısa məsələyə toxunanda həmişə deyirdim Ermənistan-Azərbaycan Dağlıq Qarabağ. Heç vaxt Ermənistan-Azərbaycan demədən Dağlıq Qarabağ münaqişəsi sözünü işlətməmişəm. Bunun da səbəbi var, elə-belə deyil. Müharibə başa çatandan, münaqişə öz həllini tapandan sonra, əlbəttə, Dağlıq Qarabağdan danışmaq yersizdir. Ona görə mən demişəm ki, Azərbaycanda belə bir ərazi vahidi yoxdur. Əgər bu söz kiminsə xoşuna gəlirsə, mən etiraz etmirəm, getsinlər öz ölkələrində Dağlıq Qarabağ adlı bir vilayət yaratsınlar, yaxud da ki, bir rayon adlandırsınlar, ya cümhuriyyət yaratsınlar, onların işidir. Yəni, Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı inzibati ərazi yoxdur və Şarl Mişelin bu sözləri işlətməməsi, əlbəttə ki, bizim mövqeyimizə göstərdiyi hörmətin əlaməti kimi qəbul edilməlidir. Status məsələsi də, həmçinin. Mən müharibə başa çatandan sonra noyabrın 10-da statusun yerini göstərmişdim. O, hələ oradadır və orada qalacaq yana-yana, əbədi. Ona görə bu məsələ ilə də bağlı başqa fikir ola bilməz».Prezident İlham Əliyev "Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri" adlı müzakirələrdə çıxış edərkən söyləyib ki, bu gün yəqin ki, Ermənistan üçün həqiqətən müstəqil ölkə olmaq arzusunu reallaşdırmaq üçün son şansdır: “Ermənistanın hər kəsə iddiası var. Elə bil, onlar hesab edir ki, bütün dünya onlara necə kömək etmək lazım olduğunu düşünməlidir. Amma əgər onlar özlərini müstəqil sayırsa, özləri öz qayğısına qalmalıdır. Bu gün yəqin ki, Ermənistan üçün həqiqətən müstəqil ölkə olmaq arzusunu reallaşdırmaq üçün son şansdır". Dövlətimizin başçısı qeyd edib ki, münasibətlərin pozulmasına məhz Ermənistanda mövcud olan Azərbaycanofobiya, təcavüzkar ideyalar səbəb olub. Ermənistan daim dünya ictimaiyyətini aldatmağa və özünü qurban kimi göstərməyə çalışıb. Amma Ermənistan hansı yalanlara, böhtanlara əl atsa da, fakt faktlığındadır: «Dəmir yumruq» 10 noyabr 2020-ci ildə ermənilərə üçtərəfli birgə bəyanatı imzalamağa vadar etdi, şillə-təpik isə sərhədlərin bərpası barədə sənədi imzalamaq üçün növbəti vasitə oldu. Daha doğrusu, Azərbaycan əsgəri onlarla anladıqları dildə danışmağa məcburdur.Görünür, bu baxımdan da Moskva anlayır ki, nüfuzunu qorumaq və yerini itirməmək üçün üçtərəfli bəyanatın icrasını mütləq şəkildə reallaşdırmaq lazımdır. Ali Baş Komandan Prezident İlham Əliyev cənabdarının dediyi kimi: “Əgər bir daha təxribata əl atsalar, yerindəcə məhv ediləcəklər! Vətən müharibəsi dövründə kimin kim olduğunu göstərdik. Dəmir yumruq düşmənin başını əzdi. Ancaq əfsuslar olsun ki, Ermənistanda baş qaldıran revanşist qüvvələr yenə də bizə qarşı ittihamlarla çıxış edərək, bizə qarşı ərazi iddiası irəli sürürlər. Onlara, bax, buradan xəbərdarlıq etmək istəyirəm ki, bu çirkin əməllərdən əl çəksinlər, yoxsa onların axırı pis olacaq... Bu, sonuncu xəbərdarlıqdır”.Bəli, bu, Prezident İlham Əliyevin Ermənistana növbəti xəbərdarlığıdır və bu dəfə revanşist dəstələri, sərhəddə təxribat törədənləri çirkin əməllərindən nəticə çıxarmağa çağırdı. Əks təqdirdə, “Dəmir yumruq” əməliyyatı yenidən təkrarlana bilər. Çünki gücümüz də var, iradəmiz də var, cəsarətimiz də var. Yumruq da yerindədir.
sia.az