"Əvvəlcə, onu qeyd edim ki, belə bir vaxtda, belə bir məqamda ölkə başçısının müsahibə verməsi və bu cür ən vacib məsələlərə toxunması fikrimcə, çox önəmli faktordur, həm də yerinə düşən bir məsələdir". Bunları SİA-ya açıqlamasında politoloq Samir Hümbətov deyib.

Ölkə başçısı müsahibəsində çox məsələlərə toxundu deyən politoloq xüsusilə də, ikinci Qarabağ müharibəsi dönəmində xalqın, ordunun və dövlətin birlikdə addım atmasını vurğuladı: "Azərbaycan Türkiyə əlaqələrindən bəhs edərək, ikinci Qarabağ savaşından öncə, savaş dönəmində və müharibədən sonrakı mərhələdə Türkiyənin Azərbaycanın yanında yer almasını xüsusi qeyd etdi. Eyni zamanda 30 il ərzində Rusiyanın Ermənistana silah verməsini, özü də pulsuz verdiyini açıq şəkildə ifadə etməsi, Rusiyaya açıq mesaj idi ki, siz Ermənistana nə verirsizsə, bizim xəbərimiz var. Eyni zamanda Qarabağ ərazisində həmçinin rus sülhməramlı qüvvələrinin olduğu ərazilərdə də nəzarətimizin olduğunu açıq şəkildə qeyd etdi. Aİ və Azərbaycan əlaqələrindən bəhs edərək, Avropa birliyinin Qarabağ məsələsindəki mövqeyini az-çox aydınlatdı. 10 noyabr 2020-ci ildə Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanan bəyannamədə qeyd olunan Zəngəzur dəhlizi məsələsi ilə bağlı ölkə başçısı Aİ-nın nə qədər maraqlı olduğunu xüsusilə qeyd etdi. Bundan əlavə İran-Azərbaycan əlaqələrinə toxundu. Təbii ki, ölkə başçısı orada çalışdı ki, İranın xoşniyyətli tərəfini göstərsin. İndi təbii ki, ölkə başçısı olaraq dərinə getmədi və məsələnin üstündən yumşaq bir şəkildə keçməyə çalışdı. Cənab Prezident həmçinin Rusiya və Azərbaycan əlaqələrinə toxundu. Burada bir mesaj xüsusilə mənim diqqətimi çəkdi. Orda dedi ki, Rusiya ilə Azərbaycan qonşu, amma Rusiya ilə Ermənistan strateji müttəfiqdir. Bu olduqca önəmli faktor idi. Demədi ki, Azərbaycan da Rusiya ilə stratejik müttəfiqdir. Çox önəmli idi ki, Azərbaycan ilə Türkiyənin stratejik müttəfiq olduğunu cənab Prezident açıqladı. Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarından necə Azərbaycana dəstək verməsini, ümumiyyətlə Türkiyənin siyasi, mənəvi dəstəyini cənab prezidentin vurğulaması olduqca önəmli faktordur. Cənab prezident həmçinin Türkiyə prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarından xarici ölkələrə mesaj verməsi və bu mesajlar sayəsində Azərbaycanın müharibəyə daha rahat davam etməsini qeyd etdi. Eyni zamanda müharibə qaydalarına uyğun addımların atıldığını, Azərbaycan ordusu tərəfindən sivillərin hədəf alınmadığını ölkə başçısı xüsusilə vurğuladı. Eyni zamanda Ermənistan tərəfinin vəhşiliyindən Azərbaycanın müxtəlif şəhərlərində sivillərə hücum etməsindən ölkə başçısı danışdı. Cənab prezident Azərbaycanın müttəfiq və dost ölkəsi olan Pakistandan bəhs etdu. Onun birbaşa dəstəyindən danışdı".
Ümumilikdə götürdükdə ölkə başçısının mesajları çox oldu. Mən hesab edirəm ki, ölkə başçısının 57 dəqiqəlik çıxışı olduqca maraqlı idi deyən Samir Hümbətov onun diqqətini çəkən məqamlardan birini belə açıqlayıb: "Burada təhlil olunası məsələlər var. Ölkə başçısının rus sülhməramlılarına, dolayısı ilə Rusiyaya mesaj ötürməsi ki, yəni siz üstünüzə düşən öhdəliyi yəni 10 noyabr və 11 yanvar üçtərəfli bəyannamələrinin prinsiplərini həyata keçirməlisiniz deməsi sülhməramlıların Qarabağ ərazisində atdığı, neqativ addımlardan narahatlıq hissi keçirdiyimizi bildirməsi əslində Rusiyaya mesaj idi. Digər bir narahatlıqdan Ermənistanın mina xəritələrinin verməməsi, verilən xəritələrin də 25 faizə qədər doğru olmasından cənab prezidentin bəhs etməsi diqqət çəkən məqam idi".