“Hər bir aksiyanın, kütləvi tədbirin məqsədi olmalıdır. Müxalifət düşərgəsini təmsil edən qüvvələrin sentyabr ayında mitinq keçirmək istəməsi şübhəlidir və inandırıcı deyil. Çünki onların heç bir sosial bazaları yoxdur. Cəmiyyət tərəfindən heç bir dəstəyə malik deyillər. Hətta mitinq keçirsələr, kim gələcək mitinqə və bu mitinqlərlə nə əldə edəcəklər?” Bunu “Azadlıq Hərəkatçıları” Birliyinin sədri Təhmasib Novruzov “Səs” qəzetinə açıqlamasında bildirib.T.Novruzov qeyd edib ki, onlar müstəqil deyillər, müəyyən qüvvələrin təsiri altındadırlar: “Müxalifətə sual vermək lazımdır ki, bununla nə əldə etmək istəyirsiniz? Deməli, onların məqsədi ölkəmizin əldə etdiyi uğurlara kölgə salmaq və bu ölkəni qarışdırmaqdır. Azərbaycan dövlətinin 44 günlük Vətən müharibəsində qazandığı uğurlara kölgə salmaq üçün sözügedən bu qüvvələr əllərindən gələn hər şeyi edirlər. Xaricdə bəzi xarici qüvvələr var ki, ölkəmizə qarşı qısqanclıq hissi ilə yanaşır və öz məkrli planlarını reallaşdırmaq üçün ölkə müxalifətindən bir maşa kimi istifadə edirlər. Əlbəttə ki, müxalifətin bu cür hərəkətlərə əl atması cəmiyyət tərəfindən yaxşı qarşılanmır. Ölkə əhalisi firavan, sabit və sakit həyat yaşayır. Müxalifət isə bu uğurları qəbul etmək istəmir. Amma dərk etməlidirlər ki, xarici qüvvələr və müxalifət heç vaxt inkişaf etmiş Azərbaycan dövlətinin uğurlarına kölgə sala bilməyəcəkdir. Dövlətimiz dünya dövlətləri arasında öz sözünü demiş və hörmətini qazanmış bir ölkədir. Yaxşı olardı ki, müxalifət bu istəyindən əl çəksin. Çünki xalq tərəfindən heç bir dəstəyi yoxdur. Belə olan halda da, onlar tərəfindən keçirilən aksiyaların heç bir nəticəsi olmayacaqdır”.
sia.az