Prezident İlham Əliyev həm mətbuat konfranslarında həm də bölgə səfərlərində bir çox bəyanatlar verir. Bunlar əksərən Ermənistan və onun havadarlarına verilmiş cavablar idi. Bu tip çıxışları bir növ adekvat tədbir və ya onların olacağı barədə xəbərdarlıq da adlandırmaq olar. Prezidentimizin Kəlbəcər səfərindəki çıxışında Göyçənin “Növbəti mərhələ” adlandırılması isə tamam başqa bir məna ifadə edirdi.
Azərbaycan Prezidenti İlham Əliyev Kəlbəcər rayonuna səfəri zamanı çıxışında bildirib: “Bildiyiniz kimi, mənim Sərəncamımla 14 iqtisadi rayon yaradıldı. Onların arasında iki iqtisadi rayonun yaradılması diqqət çəkdi - Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradıldı. Hesab edirəm ki, bu da çox düzgün addımdır. Bu, həm tarixə əsaslanır, eyni zamanda, gələcəyə əsaslanır. Çünki, həm Qarabağ, həm də Zəngəzur bizim tarixi dədə-baba torpağımızdır. Qarabağ iqtisadi rayonunda bütün Qarabağ bölgəsinə aid olan rayonlar birləşdi. Şərqi Zəngəzur iqtisadi rayonunda Şərqi Zəngəzura aid olan rayonlar birləşdi”.
Eyni zamanda dövlət başçısı deyib ki, Qərbi Zəngəzur hazırda Ermənistanın nəzarəti altındadır: "Ancaq Zəngəzur dəhlizinin çəkilişi nəticəsində əlbəttə ki, biz bu dəhlizdən istifadə edib öz vətəndaşlarımızı dədə- baba torpaqlarımıza qaytaracağıq. Belə planlar var və bu da təbiidir. Çünki bizim vətəndaşlar indiki Ermənistan ərazisindən, təkcə Zəngəzur mahalından yox, Göyçə mahalından da zorla qovulmuşlar və onların tam haqqı var ki, gedib öz dədə-baba torpaqlarında yaşasınlar. Biz bunu sonrakı mərhələyə saxlayırıq.
Prezident İlham Əliyevin bu tip siyasəti o deməkdir ki, Ermənistan itkiləri ilə barışmayana qədər itirməyə davam edəcək. Belə ki, bir vaxtlar “Status” təklifini itirən ermənilər, terrordan əl çəkməyənə qədər son qarış yerlərini də itirəcəklər. Bu mərhələli, ölçülmüş və təyziqli siyasət isə erməniləri hər gün daha da darda qoyur.