Prezident İlham Əliyev: "Zaman dəyişir, erməni faşizmi dəyişmir və dəyişməyəcək"
Azərbaycan 44 günlük Vətən müharibəsində 30 ilə yaxın işğal altında olan ərazilərini erməni təcavüzkarlarından azad edərək, işğala son qoydu. 30 ilə yaxın bir zamanda işğalda olan torpaqlarımız azad nəfəs aldı. Noyabrın 10-da Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş nazirinin birgə bəyanatı imzalandı. Dəmir yumruğun gücünə imzalanan bəyanata əsasən, 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə saat 00.00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olundu. Üçtərəfli bəyanata əsasən, 15 noyabr tarixində Kəlbəcərin təhvil verilməsi qərarlaşdırılsa da, Ermənistan tərəfinin Rusiya vasitəsilə Azərbaycandan xahişi ilə bu müddət 25 noyabr tarixinə qədər uzadıldı və Kəlbəcər işğaldan azad olundu. Avqustun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci Xanım Mehriban Əliyeva Kəlbəcər və Laçın rayonlarında olarkən dövlət başçısı çıxışında bildirdiyi kimi, "Rusiya rəhbərliyi bizə müraciət etmişdir ki, onlara əlavə on gün vaxt verin, onlar buradan öz şələ-şülələrini yığışdıra bilmirlər. Onlara vaxt verin ki, çıxsınlar. Biz yenə də humanistlik göstərdik. Yenə də vaxt verdik noyabrın 25-nə qədər. Amma onlar bu müddət ərzində nə etdilər?! Onlara məxsus olmayan, qanunsuz məskunlaşdıqları evləri yandırdılar, dağıtdılar. İndi yol boyunca o evlər görünür. Ağacları kəsdilər, ağacları yandırdılar. Bax, erməni vəhşiliyi budur. Zaman dəyişir, erməni faşizmi dəyişmir və dəyişməyəcək. Heç kim bunu unutmamalıdır".1993-cü ildə erməni silahlı dəstələri tərəfindən işğal edilmiş Kəlbəcər 27 illik işğal altında qalsa da, yenidən öz sakinlərini qoynuna alır. Dövlət başçısının vurğuladığı kimi, "Yolumuz Kəlbəcərədir, işğaldan azad edilmiş Kəlbəcərə". Bəli, o Kəlbəcərə ki, 1993-cü aprelin 2-də erməni quldurları tərəfindən işğal olunmuşdur. İşğal nəticəsində Kəlbəcərdə 511 nəfər şəhid olmuş, 231 nəfər itkin düşmüş, 100-lərlə adam şikəst olmuşdur. 130 yaşayış məntəqəsi, 500-dən artıq sənaye, tikinti, məişət, ticarət obyekti, 172 mədəniyyət obyekti, 96 ümumtəhsil məktəbi, 76 səhiyyə obyekti, 1 muzey darmadağın edildi. 100 min baş qaramal, 500 min baş qoyun-quzu, 100-lərlə maşın, texnika, avadanlıq talan olunmuşdur.
"İNDİ "İSTİSU"YA ÖZ ƏVVƏLKİ ŞÖHRƏTİNİ QAYTARMAQ QARŞIDA DURAN VƏZİFƏLƏRDƏN BİRİDİR"
Kəlbəcərə dünya şöhrəti qazandırmış Yuxarı İstisu, Aşağı İstisu, Keşdək, Qarasu, Tutxun, Mozçay, Qoturlusu kimi çox böyük müalicə-balneoloji təsirə malik mineral su yataqları da 27 il işğalda qalmışdı. Kəlbəcərin məşhur olan "İstisu" sanatoriyası da işğal altında idi. İstisu kəndinin məşhur mineral suyu olan "İstisu" bulağı ətrafında 1928-ci ildə eyni adlı sanatoriyası salınıb. Kəlbəcər rayonu İstisu mineral ehtiyatı və "İstisu" sanatoriyası ilə bütün dünyada tanınıb. Mənbələrə görə, istisu mineral bulaqları 1138-ci ildə güclü zəlzələ nəticəsində meydana çıxıb. Öz kimyəvi tərkibinə və bir çox digər xüsusiyyətlərinə görə İstisuyun dünyada analoqu yoxdur. Burada suyun temperaturu müsbət 58,8 dərəcədir. Suyun temperaturu səthdə müsbət 74, dərinlikdə isə 90 dərəcəyə çata bilər. Belə bir məkanın əvvəlki şöhrəti özünə qaytarılacaq. "İndi "İstisu"ya öz əvvəlki şöhrətini qaytarmaq qarşıda duran vəzifələrdən biridir, - deyə Prezident bildirib.
"VAXT DƏYİŞİR, AMMA ERMƏNİ FAŞİZMİNİN EYBƏCƏR SİFƏTİ DƏYİŞMİR"
Ermənilər Azərbaycan işğal altında olan bütün əraziləri kimi, Kəlbəcəri də dağıtmış, onun tarixi abidələrini darmadağın etmişdir. Kəlbəcər rayonu böyük tarixi keçmişi, zəngin mədəniyyəti, qədim tarixi abidələri ilə seçilir. Dağıdılmış mədəni abidələr Alban məbədi, Alban kilsəsi, Lök qalası, Uluxan qalası, Alban kilsəsi, Qalaboynu qalası, Comərd qalası, Kəlbəcər şəhərində məscid, Başlıbel kəndində məscid, Otaqlı kəndində məscid, Kəlbəcər Tarix-diyarşünaslıq muzeyi, Aşıq Şəmşir adına mədəniyyət evi, Söyüdlü yaylağında Seyid Əsədullanın ziyarətgahı və digər abidələr 27 illik işğaldan azad oldu. Erməni vandalları buranı işğal etdikdən sonra tarixi abidələrin əksəriyyətini məhv ediblər. Dövlət başçısının vurğuladığı kimi, "Şəhər ermənilər tərəfindən tamamilə dağıdılmışdır. Vəhşi ermənilər başqa şəhər və kəndlərimiz kimi, Kəlbəcəri də dağıdıblar. Bütün binalar dağıdılıb. Bəzi binalarda ermənilər qanunsuz yaşayırdılar. Buradan çıxanda o binaları da yandırıb, sökdülər. Vaxt dəyişir, amma erməni faşizminin eybəcər sifəti dəyişmir. 1990-cı illərin əvvəllərində bu torpaqları işğal edərkən bizim şəhər və kəndlərimizi dağıtmışdılar. 2020-ci ildə biz bunları buradan qovanda da gedə-getdə ağacları kəsib, yandırıb, binaları dağıdıblar".
"ƏGƏR İSTƏMİRLƏRSƏ Kİ, BİZ ONLARI DÜNYA MİQYASINDA BİABIR EDƏK, GƏLSİNLƏR, VURULMUŞ ZİYANI BİZƏ ÖDƏSİNLƏR, TƏZMİNAT ÖDƏSİNLƏR"
Kəlbəcər rayonu faydalı qazıntılarla, o cümlədən qızıl, xrom yataqları ilə zəngin olan diyardır. Sənaye əhəmiyyəti olan civə ehtiyatları Kəlbəcər rayonundakı Şorbulaq və Ağyataqda yerləşir. Söyüdlü - Zod qızıl mədəni tarixə uzun əsrlərdir məlumdur. Kəlbəcər rayonu ərazisində sənaye əhəmiyyətli ehtiyatları 112,5 ton olan və istismar olunan Söyüdlü (Zod) və ehtiyatları 13 tondan çox olan Ağduzdağ və Tutxun qızıl yataqları 27 ildir ki, Ermənistan respublikası tərəfindən talan edilirdi. İşğal edilmiş ərazilərdə 155 adda müxtəlif növ faydalı qazıntı yataqları mövcud olub. Ermənilər bu ehtiyatlardan daha çox qızılı talan ediblər. Zod mədəninin qanunsuz istismarı nəticəsində Ermənistan büdcəsi təkcə 2019-cu ildə 52 milyon ABŞ dolları qazanıb. Bir faktı da diqqətə çəkək ki, 1997-ci ildə Ermənistan Sənaye və Ticarət Nazirliyi Söyüdlü (Zod) yatağinin istismari üçün Kanadanın "First Dynasty Mines" (FDM) şirkəti ilə müqavilə imzalayıb. Yalnız 2003-2004-cü illərdə burada 4,5 ton təmiz qızıl istehsal edilib. Cənab Prezident "Ermənilər işğal dövründə, eyni zamanda, bizim təbii sərvətlərimizi də qanunsuz olaraq talan edirdilər" deyərək, bu işlərdə bəzi xarici şirkətlərin onlara yardım etdiyini də bildirib: "Bu şirkətlərin indi iki yolu var: ya bizə təzminat ödəyəcəklər, ya da ki, beynəlxalq məhkəməyə gedəcəklər. Artıq məhkəmə prosedurları başlamışdır. Buna biz start verdik, tanınmış beynəlxalq hüquq şirkətlərinidəvət etdik və indi məhkəmə işləri hazırlanır. Kəlbəcərdə Söyüdlüdə, Zəngilanda Vejnəlidə, başqa yerlərdə bizim qızıl yataqlarımız xarici şirkətlər tərəfindən istismar edilirdi. O şirkətlər bilmirdilər ki, bu, Azərbaycan torpağıdır? Bilirdilər! Amma buna məhəl qoymurdular. İndi cavab verəcəklər. Biz demişik, əgər istəmirlərsə ki, biz onları dünya miqyasında biabır edək, gəlsinlər, vurulmuş ziyanı bizə ödəsinlər, təzminat ödəsinlər və ondan sonra rahat yaşaya bilərlər".
"AZƏRBAYCAN-ERMƏNİSTAN SƏRHƏDİNDƏ BİZ SÖZ SAHİBİYİK"
Bu gün işğaldan azad olunan ərazilərimiz kimi, Laçında və Kəlbəcərdə də quruculuq-abadlıq işlərinə start verilib. Artıq işğaldan azad edilən rayonlarda irimiqyaslı layihələr həyata keçirilir. "Bu işlərin bir hissəsi bu gün qeyd olundu" – deyən dövlət başçısı yarımstansiyanın fəaliyyətə başladığını, Laçın rayonunda beynəlxalq hava limanının, eləcə də iki tunelin təməlinin qoyulduğunu və digər infrastruktur layihələrin artıq icra edildiyini bildirib: "Eyni zamanda, biz pilot layihələr kimi Kəlbəcər və Laçın rayonlarının arıçılıqla və heyvandarlıqla məşğul olan sakinlərini buraya göndərdik, ezam etdik, şərait yaratdıq ki, onlar işə başlasınlar və artıq bu işlərə də start verildi".Dövlət başçısı yol infrasturukturuna da diqqəti çəkib və artıq daxili əhəmiyyət daşıyan 700 kilometr uzunluğunda yolların çəkilişi prosesinin getdiyinin də vurğulayıb: "Mən hələ əsas şəhərlərarası yolları kənara qoyuram, o layihələr haqqında kifayət qədər məlumat verildi. Bizim sərhədlərə gedən 700 kilometr yolların çəkilişi prosesi gedir və artıq qış gələnə qədər bu işin təqribən 80 faizi görüləcək. Yəni, torpaq, çınqıl örtüklə döşənmiş yollar və bu, bizə imkan verəcək ki, həm hərəkət üçün, həm hərbi nöqteyi-nəzərdən bu bölgələrdə daha da möhkəmlənək. Əlbəttə ki, Azərbaycan-Ermənistan sərhədində biz söz sahibiyik".
"İNDİKİ MƏRHƏLƏDƏ BİZİM ƏSAS VƏZİFƏMİZ MÜHARİBƏNİN NƏTİCƏLƏRİNİ MÖHKƏMLƏNDİRMƏKDİR, AZAD EDİLMİŞ TORPAQLARDA MÖHKƏMLƏNMƏKDİR"
Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 14 iqtisadi rayon yaradılıb. Onların arasında Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları da yaradıldı. Bunun çox düzgün addım olduğunu bildirən Cənab Prezident çıxışında bildirib ki, bu, həm tarixə əsaslanır, eyni zamanda, gələcəyə əsaslanır: "Çünki, həm Qarabağ, həm Zəngəzur bizim tarixi dədə-baba torpağımızdır. Qarabağ iqtisadi rayonunda bütün Qarabağ bölgəsinə aid olan rayonlar birləşdi. Şərqi Zəngəzur iqtisadi rayonunda Şərqi Zəngəzura aid olan rayonlar birləşdi. Qərbi Zəngəzur isə hazırda Ermənistanın nəzarəti altındadır. Ancaq Zəngəzur dəhlizinin çəkilişi nəticəsində əlbəttə ki, biz bu dəhlizdən istifadə edib öz vətəndaşlarımızı dədə-baba torpaqlarımıza qaytaracağıq. Belə planlar var və bu da təbiidir".Əlbəttə ki, həyata keçirilən layihələr, görülən işlər işğaldan azad olunan ərazilərimizdə tezliklə yeni həyatın canlanmasından xəbər verir. Bu ərazilər müasir standartlara uyğun olaraq qurulacaq, 30 illik həsrətdən sonra öz dədə-baba yurdlarından uzaq düşmüş insanlar müasir məkanlarda həyat sürəcəklər. "İndiki mərhələdə bizim əsas vəzifəmiz müharibənin nəticələrini möhkəmləndirməkdir, azad edilmiş torpaqlarda möhkəmlənməkdir. Azərbaycan-Ermənistan sərhədində bundan sonra da mövqelərimizi gücləndirməkdir. Yenidənqurma, bərpa işlərinə artıq start verilib, bu da əsas vəzifələrdən biridir. Keçmiş məcburi köçkünləri azad edilmiş torpaqlara tədricən qaytarmaq da gündəlikdə duran məsələdir. Mən artıq bildirmişəm, Zəngilan rayonunda bir neçə aydan sonra artıq birinci qrup keçmiş köçkünlər yerləşəcək. Eyni zamanda, Ağdam, Cəbrayıl, Füzuli və Xocavənd rayonlarında da pilot kəndlər seçildi. Artıq işlər gedir ki, o kəndlərin bərpasına start verək və vətəndaşları oraya qaytaraq".
sia.az