Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Kəlbəcər və Laçın rayonlarına səfəri haqqında
İşğaldan azad olunmuş ərazilərimizdə abadlıq- quruculuq işləri aparılır, mədəni və dini adidələrimiz bərpa edilir, elektrik xətləri çəkilir. Bərdə- Ağdam, Horadiz- Ağbənd, Füzuli--Şuşa, Zəngilan-Qubadlı-Laçın, Füzuli-Hadrut, Füzuli-Cəbrayıl, Zəfər yolunun və digər yolların tikintisi davam etdirilir.
Regionlarda infrastruktur obyektlərinin açılışında, təməlqoyma mərasimlərində cənab Prezident şəxsən özü iştirak edir, istehsal müəsisisələri ilə tanış olur, ictimaiyyət nümayəndələri və sahibkarlarla görüşlər keçirir, qaldırılan məsələlərin həll olunması üçün müvafiq göstərişlər, tapşırıqlar verir.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın azad edilmiş ərazilərimizə növbəti səfəri Kəlbəcər və Laçın rayonlarına olub.
Prezident İlham Əliyev Qarabağa yaxın rayonlara səfərləri zamanı da azad olunmuş ərazilərlə Azərbaycanın digər ərazilərini bağlayacaq infrastruktur-nəqliyyat layihələrinin icrasına nəzarət edir, müvafiq göstərişlərin yerinə yetirilməsini yoxlayır.
Dövlətimizin başçısı işğaldan azad edilmiş ərazilərin ən qısa vaxtda Azərbaycanın ümumi enerji sisteminə qoşulması, bu ərazilərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi məsələsinə xüsusi diqqətlə yanaşır. Bunun nəticəsidir ki, bu istiqamətdə işğaldan azad edilmiş bütün yaşayış məntəqələrində, o cümlədən Kəlbəcər rayonunda genişmiqyaslı işlər həyata keçirilib.
Səfər zamanı Prezident İlham Əliyev aparılan irimiqyaslı işlər haqqında demişdir:
"Hazırda Kəlbəcər rayonunun ərazisində Lev çayı üzərində 4,4 MVt gücündə “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyası tamamilə yenidən qurulur, stansiyanın maşın zalı, aqreqatı, generatoru, idarəetmə panelləri, transformatorları yenilənir.
İndi “İstisu”ya öz əvvəlki şöhrətini qaytarmaq qarşıda duran vəzifələrdən biridir.
Ermənistanı Şərqi Zəngəzurla və Qarabağla üç yolla birləşdirmək üçün yol çəkirdilər. Bunun yeganə məqsədi qanunsuz məskunlaşma siyasəti aparmaq idi və bu da hərbi cinayət sayılır. Bu məsələ ilə məşğul olan beynəlxalq qurumlar, ilk növbədə, ATƏT-in Minsk qrupu buna laqeyd yanaşmışdır, Ermənistana heç bir irad tutmamışdır, onları bu işlərdən çəkindirməyə cəhd etməmişdir, sadəcə olaraq, müşahidəçi kimi bunu müşahidə etmişdir.
Basarkeçərdən Kəlbəcərə getmək üçün Laçın dəhlizinə asfalt yol çəkilməsi də qanunsuz idi. Azərbaycan buna zamanında etiraz etmişdir. İndi həmin yoldan Azərbaycan tərəfi istifadə edir. Düşməni torpağımızdan qovduq və indi bu yoldan istifadə edirik. Ona görə bu yolu da hərbi qənimət saymaq olar.
Bura heç vaxt erməni torpağı olmayıb və bundan sonra heç vaxt olmayacaq. Bu, Azərbaycan torpağıdır. Biz azərbaycanlılar - bu torpaqların sahibləri qayıtmışıq.
Azad olunmuş ərazilərdə su elektrik stansiyalarının sayı tədricən təxminən 20-yə çatdırılacaq. Qarabağ və Şərqi Zəngəzur “yaşıl enerji” zonası kimi yaşayacaq.
Cəmi 7-8 ay ərzində bu qədər işin görülməsi bizim gücümüzü göstərir, əzmkarlığımızı göstərir, güclü siyasi iradəni göstərir".
Prezident İlham Əliyev Kəlbəcər-Laçın avtomobil yolu üzərində tikiləcək 3,4 kilometr uzunluğundakı tunelin təməlini qoymuş və demişdir:
"Laçın rayonunun Qorçu kəndinin ərazisində inşa ediləcək hava limanı bir neçə mühüm amili özündə ehtiva edir:
a) Aeroportun tikilməsi ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək, turizm potensialının artırılmasına səbəb olacaq.
b) Laçın hava limanının inşası həm də işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasını göstərir. Laçın aeroportu logistik mərkəzlərin yaradılmasına da töhfə verəcək.
c) Laçın hava limanı Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportu olacaq. Uçuş-enmə zolağının uzunluğu 3 kilometr olacaq hava limanında 6 təyyarə dayanacağının inşası nəzərdə tutulur.
d) Aeroportdan Laçın şəhərinə məsafə 30 kilometr, Kəlbəcər şəhərinə məsafə isə 60 kilometrdən bir qədər çox, Şuşa şəhərinə məsafə isə 70 kilometrə yaxındır. Gələcəkdə Şuşaya təyyarə ilə getmək üçün həm Füzuli, həm də Laçın hava limanlarından istifadə etmək mümkün olacaq.
e) Bütün növ təyyarələr, o cümlədən ən ağır yük təyyarələri də bu hava limanlarına enə biləcək. Beləliklə, azad edilmiş bölgələrin - Şərqi Zəngəzurun, Qarabağın bərpası, insanların bu zonaya qaytarılması üçün yeni imkanlar açılacaq.
f) Bu hava limanını inşa edən Azərbaycan şirkəti olacaq".
Prezident İlham Əliyev səfərləri zamanı etdiyi çıxışlarda yaxın tariximizin mühüm məqamlarına da toxunur, qəhrəmanlıq tariximizlə yanaşı, torpaqların itkisinə səbəb olmuş xəyanətlərin, kobud siyasi səhvlərin də unudulmamasına çalışır:
- Hər kəs bilir ki, Şuşa və Laçının işğala məruz qalması AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində baş vermişdir.
- AXC-Müsavat cütlüyü nəyin bahasına olursa-olsun hakimiyyəti zəbt etməyə çalışırdı və onların nəzarəti altında olan bəzi qüvvələr, bəzi satqınlar Şuşanı, demək olar ki, ermənilərə təhvil verdilər.
- AXC-Müsavat cütlüyünün xəyanətkar, satqın, antimilli hakimiyyəti Kəlbəcərin işğalını şərtləndirdi.
- AXC-Müsavat hakimiyyəti dünya miqyasında bəlkə də ən biabırçı hakimiyyətlərdən biri idi, bəlkə də birincisi idi. Ölkə əldən gedirdi, ölkədə vətəndaş qarşıdurması pik həddə çatmışdı, torpaqlar işğal altına düşürdü, ancaq onlar yalnız öz mənafeyini, öz maraqlarını düşünürdülər.
- AXC-Müsavat hakimiyyəti ordu quruculuğuna fikir vermirdi, orduda heç bir islahat aparılmırdı. Əksinə, ordumuzu zəiflətmək üçün hər vasitədən istifadə edirdi.
- Torpaqlar işğal altına düşürdü, onlar isə öz laxlamış hakimiyyətini qorumaq üçün Gəncəni bombalayırdılar.
- AXC-Müsavat hakimiyyəti, onun başında duranlar fəraridirlər, satqındırlar, qorxaqdırlar, xaindirlər və bu, əsl həqiqətdir".
Erməni əsgəri fəraridir, qorxaqdır
Prezident İlham Əliyev eyni zamanda elm adamları, media və təhsil işçilərinin yaxın gələcək üçün vəzifələrinə dair təkilflərini vermişdir:
"Dərsliklərdə, elmi əsərlərdə, məqalələrdə, kitablarda müharibə ilə bağlı və müharibədən əvvəlki dövrlə bağlı çox müfəssəl və geniş məlumat verilməlidir ki, gələcək nəsillər bunu bilsinlər, o cümlədən erməni vəhşiliyini unutmasınlar.
İndiki Ermənistan ərazisində yerləşən bütün digər qədim Azərbaycan yaşayış məntəqələri əsl adları ilə də çağırılmalıdır. Bütün qədim yəni, tarixi adlar bərpa edilməlidir”.
Ali Baş Komandan İkinci Qarabağ müharibəsində qazandığımız Şanlı Qələbə ilə
1. Erməni ordusunu “yenilməz ordu” kimi təqdim edən mifologiyaya son qoyuldu.
2. Erməni əsgərinin “cəsur” olması və istənilən müharibədə qalib gələ bilməsi haqda mif darmadağın edildi.
Erməni əsgəri fəraridir, qorxaqdır. Onlar özləri etiraf etdilər və bu da sübut olundu ki, müharibə dövründə Ermənistan ordusunda 10 min fərari olmuşdur. Azərbaycan Ordusunda bir nəfər də olsun fərari olmamışdır.
3. Azərbaycanlıların öz torpaqları uğrunda vuruşmayacağı, vəziyyətlə barışdıqları haqda mif dağıdıldı.
Biz göstərdik ki, bu vəziyyətlə heç vaxt barışmaq fikrində deyildik.
4. Erməni “sərkərdələri” ilə bağlı mif dağıdıldı. Sirr deyil ki, uzun illər istənilən hərbi vəzifəni yerinə yetirə bilən görkəmli erməni generallar, sərkərdələr haqda mif yaradılmışdı. Biz gördük ki, onların generalları oğrudurlar, “tuşenka” satandırlar. Onların sərkərdələri də qorxaqdırlar, fəraridirlər. Xocalı cəlladları Koçaryan, Sarkisyan, Ohanyan müharibə zamanı Qarabağa soxulmuşdular, orada idilər. Amma görəndə ki, müzəffər Azərbaycan Ordusu öz torpaqlarını qəhrəmancasına azad edir, qaçdılar, gizləndilər.
Onların dırnaqarası “qəhrəmanlarını”, “Artsax”, olmayan “Artsax” qəhrəmanlarını məhv etmişik. Onlar bu damğa ilə əbədi yaşayacaqlar. Fərarilər, satqınlar, cəlladlar, qorxaqlar - onlar ancaq əliyalın əhali ilə müharibə apara bilərlər.
5. Guya ermənilərin qədim tarixə, mədəniyyətə malik olması və “vəhşi müsəlmanlar” arasında qalması haqda mif çökdürüldü. Ermənilər Qafqazda mədəniyyətin ocağı, beşiyi, son məntəqəsi kimi təqdim olunurdu. Onların mədəniyyəti, qazılmış qəbirlərdir, dağıdılmış məscidlərdir.
Zaman dəyişir, erməni faşizmi dəyişmir və dəyişməyəcək. Heç kim bunu unutmamalıdır. İndi onların bəzi hallarda göndərdikləri yaltaqlıqla dolu sözlərinə inanmaq olmaz.
Erməni faşizmini ifşa edən kitablar dərc edilir, təqdimatlar da olacaq.
İşğal dövründə, təbii sərvətlərimizin də talan olunmasına kömək edən xarici şirkətlərin indi iki yolu var: ya bizə təzminat ödəyəcəklər, ya da ki, beynəlxalq məhkəməyə gedəcəklər.
Meşələr ermənilər tərəfindən məhv edilib. Talanın miqyasını müəyyən etmək üçün “Azərkosmos”un imkanlarından da istifadə edilir. Ağacla dolu olan altmış min hektara yaxın sahəni, meşə fondunu ermənilər dağıdıblar.
Ermənilərin bir hissəsi Kəlbəcər rayonunda qanunsuz məskunlaşmışdılar. Ancaq azərbaycanlılara məxsus olan bütün evləri yerlə-yeksan ediblər".
Prezident Ermənistana və hamilərinə açıq mesaj verərək demişdir:
"Azərbaycan sərhədlərini möhkəmləndirmək üçün ciddi addımlar atıb. İndi sərhədçilərimizin yerləşdiyi ərazilər Azərbaycan torpaqlarıdır, yeni sərhədlər də oradan keçəcək. Bakı İrəvana və qeyri-adekvat fikirlər səsləndirən havadarlarına mövqeyini nümayiş etdirdi: geri çəkilmə olmayacaq, reallıq qəbul olunmalıdır, lazım olarsa Azərbaycan sərhədçiləri hazırkı mövqelərdən də irəli gedə bilərlər.
Biz öz torpağımızdayıq, Qaragöl də bizimdir, başqa yerlər də bizimdir. Biz gəlmişik. 30 il bu ərazi ermənilərin əlində idi. Əgər o sərhəd onların dediyi yerdən keçirdisə, durardılar o sərhəddə.
Biz düz yerdə durmuşuq, harada lazımdır, orada durmuşuq və əgər istəsək, harada lazım bilsək, orada da duracağıq.
Məlumat verildi ki, Müdafiə Nazirliyinin və Sərhəd Qoşunlarının xətti ilə bütün sərhəd boyunca - Murovdağdan ta Araz çayına qədər bütün sərhəd infrastrukturu, hərbi hissələr yaradılır.
Azərbaycan-Ermənistan sərhədində biz söz sahibiyik. Bu, təbiidir və bundan sonra da söz sahibi olacağıq".
Ermənistan dövlətinin terrorçu xisləti ikinci Qarabağ müharibəsindən sonra tam aydınlığı ilə ifşa olundu. Müzəffər Ordumuz düşmənə çirkin əməllərinin qisasını döyüş meydanında artıqlaması ilə verdi. Ermənistan dövlətinin xain siyasətinə dünya dövlətləri tərəfindən mina xəritələrinin verilməməsi ilə bağlı heç bir təzyiq göstərilmir. Lakin bütün bunlar xalqımızın qurub-yaratmaq əzminin, işğaldan azad edilmiş ərazilərin bərpası ilə bağlı layihələrin gerçəkləşdieilməsinin qarşısını ala bilməz.
Türkiyə Azərbaycana hərtərəfli dəstək oldu
Qarabağ müharibə və qanla bizdən alındı, onu ancaq əmin-amanlıqla, sülh haqqında danışıqlarla geri qaytarmaq çətin mümkün idi. Ölkə Prezidentinin rəhbərliyi ilə bu problemi sülh yolu ilə həllinə çalışmaqla və eyni zamanda bir an belə fasilə vermədən hərb maşınının gücü artırılaraq, ölkənin bütün iqtisadi və canlı potensialını tam səfərbər edərək Azərbaycanın bütovlüyünü təmin etmək üzrə proqramını Dövlət-Ordu Xalq birliyi 44 günlük müharibədə yerinə yetirə bildi. Prezident İlham Əliyevin 2021-ci il 14 avqust tarixində “CNN Türk” televiziya kanalına verdiyi müsahibədə bu məsələni ətraflı cavablandırmışdır:
"30 il ərzində torpaqlarımızın işğal altında olması böyük ədalətsizlik idi. Torpaqlarımızın işğalı beynəlxalq hüququn bütün norma və prinsiplərinə zidd olan bir vəziyyət idi. Təəssüflər olsun ki, 30 il ərzində Minsk qrupu bu məsələnin çözülməsinə yaxınlaşmadı, fəaliyyəti oldu, amma nəticə olmadı. Nəticə sıfıra bərabər idi və Azərbaycan xalqının ümidləri tam tükənmişdi. Çünki 30 il ərzində aparılan danışıqlar nəticəsiz qalırdısa, deməli, bu məsələnin dondurulması prosesi gedirdi. Təbii ki, Azərbaycan heç zaman bu vəziyyətlə barışmaq fikrində deyildi.
Xocalı soyqırımı dünyanın gözü qarşısında baş verdi. Bu, yaxın tarixin hadisəsidir. Ancaq bunu bir çox ölkələr görmək istəmirlər və cəmi 13 ölkə Xocalı qətliamını soyqırımı kimi tanıyıb. Biz son illər ərzində bir çox müttəfiq qazandıq. Ancaq o saxta “soyqırımı” tanıyan ölkələr Xocalı soyqırımını tanımaq istəmirlər. Onlar saxta tarixi qəbul edirlər. Aydın məsələdir ki, burada da əsas amil siyasi amildir. Amma real soyqırımı görməzliyə vururlar, bu böyük ədalətsizlikdir.
İkinci Qarabağ savaşı dönəmində Ermənistan döyüş meydanında ilk gündən məğlubiyyətə uğramağa başlamışdı. 44 gün ərzində hər gün biz irəli gedirdik, bir gün belə geri addım atmadıq. Hətta manevr etmək məqsədilə də geri addım atmadıq. Ermənistan isə artıq öz qaçılmaz məğlubiyyətini dərk edərək və mülki əhaliyə böyük zərər vermək üçün şəhər və kəndlərimizi ballistik raketlərlə, artilleriya qurğuları ilə daim atəşə tuturdu.
Azərbaycan Ordusunun məsuliyyəti və peşəkarlığı nəticəsində Ermənistan tərəfində mülki əhali arasında itkilər çox az olub. Təqribən 30 nəfər civarında və onların böyük əksəriyyəti savaşda iştirak edənlərdir. Bu, videokadrlarda da var. Biz görürdük ki, bəzi artilleriya qurğularının yanında mülki şəxslər də var və təbii ki, bizim atəşimiz ora düşəndə onlar da həyatlarını itirirdilər. Qarabağ bölgəsində - ermənilərin işğalı altında olan yerlərdə və onların yaşadıqları yerlərdə heç bir dağıntı olmamışdır. Yəni, bu, bir daha onu göstərir ki, Azərbaycan müharibəni ləyaqətlə aparıb və savaşa xas olan bütün qaydalara riayət edib.
Ordumuzun gücləndirilməsi, silah, texnika, təchizat məsələləri də əsas amillərdəndir. Son illərdə ən çağdaş texnologiyaya əsaslanan silahlar alındı və Ordumuzun peşəkarlığı artdı. Çünki silahlar, texnologiya, əlbəttə, bir çox məsələləri həll edir. Ancaq yerində torpağı alan, bayrağı sancan əsgərdir. Əgər o, döyüşə həvəslə getmirsə, heç bir silah sənə kömək edə bilməz. Bu amillər bizi Qələbəyə apardı. Bizim bütün hərbi strategiyamız və silahların alınması bir məqsədə xidmət edirdi – biz bu torpaqları necə az itkilərlə azad edək və belə də oldu. Heç kim inana bilmirdi ki, bizim itkilərimiz cəmi təqribən 3 minin altında olsun. Hər bir insanın həyatı qiymətlidir, ancaq bu miqyaslı əməliyyatda cəmi 2900 şəhidin verilməsi, onu göstərir ki, hər əsgərin canını biz son ana qədər qorumağa çalışırdıq.
Danışıqlar prosesi çərçivəsində Ermənistan daim bizə qarşı hərbi təxribatlar törədirdi. Müzakirə prosesinin müxtəlif dövrlərində fərqli xarakterli təxribatlar baş verirdi. Danışıqlar prosesində bir az tərəqqi olan kimi dərhal hərbi təxribat törədilirdi, mülki əhaliyə hücum edirdi və danışıqları pozurdu. İkinci Qarabağ savaşından öncə - iyul və avqust aylarında da buna oxşar hərbi təcavüz etdi. İyul ayında bizim mülki əhalini və hərbçiləri artilleriya atəşinə tutdu. Bunun nəticəsində bizdə itkilər olmuşdur. Avqust ayında isə təxribat qrupunu Azərbaycana göndərmiş və burada terror aktları törətməyə cəhd etmişdi. Bu təxribat qrupu da zərərsizləşdirildi.
Türkiyə Azərbaycana hərtərəfli dəstək oldu. İlk növbədə, İkinci Qarabağ savaşının ilk saatlarında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qətiyyətli açıqlamaları çox böyük və müsbət rol oynadı. O demişdir ki, Türkiyə Azərbaycanın yanındadır və Azərbaycanın haqq işində Türkiyə Azərbaycana siyasi və mənəvi dəstək verir və verəcəkdir. Bunun çox böyük mənası var idi. Çünki bu, bir çoxlarını məsələyə müdaxilə etməkdən çəkindirdi. Çünki bilmək olmurdu bəzi ölkələr özlərini necə aparacaqlar. Bəzi ölkələrin İkinci Qarabağ savaşı dönəmində sərgilədikləri siyasi mövqe onu göstərir ki, onlar Ermənistan tərəfində idilər. Onlar şər qüvvələrin tərəfində idilər, işğalçının, zalımın, vəhşinin tərəfində idilər. Türkiyədən alınmış müasir silahlar, bayraktarlar daxil olmaqla, bizim işimizi böyük dərəcədə yüngülləşdirdi və insan itkisinin çox olmamasına da səbəb oldu.
Türkiyədə baş vermiş yanğınların söndürülməsində Azərbaycan yaxından iştirak edib. Yanğınlardan xəbər tutan kimi biz dərhal hərəkətə keçdik, heyətlər göndərdik, maşınlar göndərdik. Türkiyəyə 93 yanğınsöndürən maşın, 700-dən çox yanğınsöndürən yola saldıq. Onlara hər hansı bir xüsusi təlimat vermək lazım deyildi. Çünki onlar özləri bu faciəni öz faciəsi kimi qəbul etdilər və qardaş kimi orada çalışdılar.
Rusiyadan gözləntimiz üçtərəfli Bəyanatın bütün müddəalarının yerinə yetirilməsidir
Azərbaycan sülh müqaviləsinin imzalanmasını istəyir. Biz istəyirik Ermənistanla sülh müqaviləsi imzalansın. Ermənistan və Azərbaycan bir-birilərinin ərazi bütövlüyünü tanısınlar və sərhədlərin delimitasiyası prosesi də başlasın. Ancaq bu günə qədər Ermənistandan müsbət cavab almamışıq. Görünür ki, Ermənistan buna hazır deyil, ya da bunun əleyhinədir. Əgər buna etiraz edirlərsə, açıq söyləsinlər ki, onlar Azərbaycanla sülh müqaviləsi imzalamaq istəmirlər. Belə olan halda biz də öz siyasətimizi buna uyğun şəkildə aparacağıq. Əgər Ermənistan buna hazırdırsa, əgər Azərbaycanın bütün dünya tərəfindən tanınan ərazi bütövlüyünü tanımağa hazırdırsa, onda əlbəttə ki, bölgəyə uzunmüddətli sülh gələcək.
Rusiyadan gözləntimiz üçtərəfli Bəyanatın bütün müddəalarının yerinə yetirilməsidir. Bu üçtərəfli Bəyanatı Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri imzalamışlar və onların böyük qismi artıq gerçəkləşib. Amma bəzi məsələlər var ki, hələ də açıqdır. Gözləntimiz bundan ibarətdir. Rusiya Azərbaycanın qonşusu və Ermənistanın yaxın müttəfiqi kimi, əlbəttə, bu bölgədə xüsusi rol oynayır. Bu, təbiidir. İstəyirik ki, Rusiya bundan sonra da bu bölgənin təhlükəsizliyi üçün öz səylərini əsirgəməsin və uzunmüddətli sülhü təmin etmək üçün addımlar atsın. Eyni zamanda, bizim gözləntimiz odur ki, Rusiya Ermənistanı silahlandırmasın. Biz bu məsələni Rusiya tərəfinə çatdırmışıq. Bu, bizi narahat edir. Müharibə başa çatıb. Yəni, erməni xalqı da bu vəziyyətlə barışıb. Erməni rəhbərliyi də məğlubiyyətlə barışıb və Ermənistanda keçirilmiş son parlament seçkiləri bunu göstərdi. Tarixdə görünməmiş bir mənzərədir ki, məğlub edilmiş rəhbərlik, yenidən xalqdan səs alır. Belə olan halda, əlbəttə ki, Ermənistanı silahlandırmaq heç bir məntiqə sığmır. Biz hələ ki, bunu görmürük, müşahidə etmirik. Amma Rusiya tərəfindən bəzi açıqlamalar oldu. Bir neçə gün bundan əvvəl Rusiya müdafiə naziri Ermənistan müdafiə naziri ilə görüş zamanı söyləmişdir ki, Ermənistana Rusiya silahlarının göndərilməsi prosesi başlamışdır. Bu, çox narahatedici bir məsələdir. Həm də Ermənistanın yeni müdafiə naziri çox məsuliyyətsiz açıqlamalar verdi ki, əgər Azərbaycan tərəfi Ermənistan sərhədini bir santimetr pozsa, o zaman onlar atəş açacaqlar. Yəni, görünür, İkinci Qarabağ savaşı hələ ki, hər kəs üçün dərs olmadı. Əgər belədirsə, biz dərsini yenidən verməyə hazırıq. Ona görə biz ümid edirik ki, Rusiya Ermənistanı silahlandırmayacaq. Çünki buna ehtiyac yoxdur.
Azərbaycanla Türkiyə yeni bir nəqliyyat layihəsi ilə birləşəcək. Dörd il bundan əvvəl Bakıda Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılış mərasimi olmuşdur. Biz bu dəmir yolu sayəsində Türkiyə ilə birləşdik. Zəngəzur dəhlizi isə ikinci bir birləşmə istiqaməti olacaq. Beləliklə, bizim üçün yeni fürsətlər ortaya çıxacaq. Eyni zamanda, Azərbaycan öz ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə də dəmir yolu ilə birləşəcək. Eyni zamanda, biz tələb edirik ki, avtomobil yolu da çəkilsin - Ermənistanın nəzarəti altında olan Qərbi Zəngəzur ərazisində, Mehri bölgəsində. Çünki bu da mütləq lazımdır. Zəngəzur dəhlizinin tam fəaliyyəti üçün həm dəmir yolu, həm avtomobil yolu olmalıdır. Əfsuslar olsun ki, Ermənistan buna etiraz edir. Son günlərə qədər Zəngəzur dəhlizinin açılmasına etiraz etmişdi. Ancaq biz Bakıda avtomobilə əyləşib oradan rahatlıqla Türkiyəyə və Naxçıvana keçməliyik".
Qarabağın xilası xalqın birliyinin, bütün ölkə potensialının hərtərəfli səfərbərliyinin nəticəşidir.
Hacı Hacıyev,
Azərbaycan KP MİK sədri