AXCP-dən, Müsavatdan, millilikdən uzaq “Milli Şura”dan belə bir addım gözləmək sadəlövhlük olardı. Bunu “Azadlıq Hərəkatçıları” Birliyinin sədri Təhmasib Novruzov “Səs” qəzetinə açıqlamasında bildirib. Onun sözlərinə görə, bu qurumların liderlərində milli hiss yox səviyyəsindədir: “Milli hissi, milli qüruru olmayanda isə dövlətçilik və xalqçılıq duyğusu olmur. Jirinovski Azərbaycan xalqını və Azərbaycan dövlətini təhqir etmişdi. Həm də bu, ilk deyildi axı. Jirinovski on illərdi ki, açıq-aşkar anti-türk çıxışlar edir. Kimsə, nə vaxtsa görübmü ki, həmin qurumlardan bu cür çıxışa qarşı bir bəyanat səslənsin? Olmayıb və olması da gözlənilmir. Əgər Jirinovski onlardan birinin adını çəkib, tənqid etsəydi, şübhə etmirəm ki, ona kəskin reaksiya verərdilər. Çünki şəxsi ambisiyaları çox yüksəkdir və ona toxunan olanda dərhal, xalq arasında deyildiyi kimi, "tumanlarını başlarına keçirməkdən" belə çəkinməzdilər. Rəhmətlik Mirzə Cəlilin "Dəlilər" tragikomediyası yadıma düşdü. Başlarına olmazın zülmünü gətirənlərin qamçısına da, təhqirinə də dözən bir zavallının "İmamın tuman bağının" davasını döyür. Bu zavalsızlar anlamırlar və anlamaq istəmirlər ki, belə mövqe onların onsuz da sıfıra yaxın imiclərinə daha bir zərbə olur. Görünür, onlara imic, xalq mövqeyi vacib deyil. Təki ağalarının istəyinə xilaf çıxmasınlar ki, pulları kəsilməsin. Ağaları da ki, ya ermənilərdi, ya da ermənipərəstlər. Vəssalam!”
sia.az