PDF Oxu

Siyasət

  • 4 202

Uğurlu tandemin zərif nümayəndəsi - MƏQALƏ

Uğurlu tandemin zərif nümayəndəsi - MƏQALƏ

“Bizim bütün işlərimizin mərkəzində, təməlində Azərbaycan vətəndaşı durur” deyən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xalqın rifahına və dövlətin inkişafına yönəlmiş çoxşaxəli fəaliyyəti Vətənə sədaqət, milli dəyərlərə hörmət ruhunda köklənmişdir. Cənubi Qafqazın ən böyük partiyası olan Yeni Azərbaycan Partiyasının sədr müavini, 2005-2017-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, 2004-cü ildən bu günə qədər “Heydər Əliyev Fondu”nun prezidenti, Azərbaycan Milli Olimpiya Komitəsinin və İcraiyyə Komitəsinin üzvü, eləcə də UNESCO və ISESCO nüfuzlu beynəlxalq təşkilatlarının Xoşməramlı səfiri kimi fəaliyyətlərində Mehriban xanım Əliyeva milli maraqları və ümumbəşəri dəyərləri əldə rəhbər tutmuşdur. Humanitar sahədə uğurlu fəaliyyət göstərən Mehriban xanım Əliyeva 2017-ci ildən Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilən siyasi rəhbərlik funksiyasını da icra etməyə başladı. Sosial, humanitar və iqtisadi siyasətin həyata keçirilməsində o, möhtərəm prezidentimiz İlham Əliyevin ən yaxın silahdaşına çevrildi. Birinci vitse-prezident kimi fəaliyyəti dövründə Mehriban xanım Əliyeva qısa müddətdə özünün peşəkarlığı, zəngin təcrübəsi, böyük humanizmi və hadisələrə genişmiqyaslı baxışı ilə Azərbaycan tarixində qadın hərəkatının yeni bir səhifəsini açdı.“Gündəlik fəaliyyətimizdə insansevərlik, mərhəmət, qarşılıqlı hörmət, mehribanlıq unudulmamalıdır. Əksinə, məhz bu mənəvi dəyərləri uca tutaraq ən yüksək qələbələr əldə etmək, ən böyük zirvələrə qalxmaq olar” deyən birinci xanım fəaliyyətini də bu prinsiplər əsasında qurur. Dövlət idarəetməsində çevikliyin təmin olunması istiqamətində fəaliyyətin təşkili, ölkə əhalisinin sağlamlığının qorunması, Azərbaycan vətəndaşlarının bərabər, əlçatan və keyfiyyətli təhsillə təminatı, sosial baxımdan daha həssas əhali qruplarının (şəhid ailələri, qazilər, məcburi köçkünlər, ahıllar, kimsəsizlər, irsi qan xəstəliyindən və digər irsi xəstəliklərdən əziyyət çəkən şəxslər və s.) problemlərinin həlli, xalqımızın yaratdığı milli mədəniyyət və incəsənət nümunələrinin, ənənələrin öyrənilməsi, bərpası, onların yerli və dünya mədəni irsi kimi qorunması, dünyada tanıdılması, ölkədə idman hərəkatının davamlılığının təmin olunması, ekoloji problemlərin həllinə dəstək göstərilməsi, böhran zamanı effektiv idarəetmə, pandemiya zamanı əhalinin ehtiyaclarının qarşılanması, bu zaman tibbi, sosial dəstək layihələrinin reallaşdırılması, işğaldan azad olunan torpaqların bərpasında humanitar missiyanın həyata keçirilməsi daxili siyasət sahəsində Mehriban xanım Əliyevanın fəaliyyətinin əsas istiqamətləridir.Mehriban xanımın rəhbərlik etdiyi “Heydər Əliyev Fondu”nun təşəbbüsü ilə təhsillə bağlı bir çox önəmli layihə və proqramlara start verilmiş, “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində ölkəmizdə üç mindən çox məktəb əsaslı təmir olunmuş və ya yenidən tikilmişdir. Bununla yanaşı, “İnternat məktəblərinin inkişaf proqramı”, “Təhsilə dəstək” kimi proqramları da həyata keçirilərək dövlət təhsil siyasətinin reallaşmasında müstəsna əhəmiyyətə malik işlər görülmüş, hətta respublikamızın ən ucqar regionlarında da hər cür ləvazimatla təchiz olunmuş, müasir tələblərə cavab verən məktəblər tikilib istifadəyə verilmiş, təhsilin bütün ölkə ərazisində əlçatanlığı təmin edilmişdir. Təhsilin keyfiyyətinin yaxşılaşdırılması son illər ərzində Azərbaycan təhsilinin beynəlxalq təhsil məkanına inteqrasiyasını gücləndirmiş və beynəlxalq fənn olimpiadalarında Azərbaycan məktəblisinin uğurlarının əsas təminatçısı olmuşdur.Ölkəmizdə xüsusi həssas əhali qrupları ilə işləmək, onların problemlərinin həllinə dəstək olmaq Mehriban xanım Əliyevanın fəaliyyət sahəsinin ana xəttini təşkil edir. Bu işdə gündəlik sosial ehtiyacların qarşılanması, insanların sağlamlığının qorunması, xəstələrə, kimsəsizlərə, ahıllara və ehtiyacı olan digər insanlara qayğı və nəvaziş ən vacib missiya kimi həyata keçirilməkdədir. Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin, Şağan və Saray qəsəbələrində əlil uşaqlar üçün internat evlərinin, Bilgəhdəki Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsinin yüksək səviyyədə yenidən qurulması, internat məktəblərində yaşayan uşaqların sonrakı həyatının təhlükəsiz və sağlam təminatı üçün yaşayış binalarının tikilib istifadəyə verilməsi, ölkəmizdə irsi qan xəstəliyindən əziyyət çəkən şəxslərin sağlamlığının qorunması və müalicəsi üçün Bakı şəhərində Talassemiya Mərkəzinin yaradılması və sair çoxşaxəli fəaliyyət də ölkəmizdə məhz Mehriban xanım Əliyevanın rəhbərliyi altında həyata keçirilmişdir. Pandemiya səbəbindən ölkəmizdə yaşanan böhran zamanı Mehriban xanım Əliyevanın peşəkarlığı sayəsində idarəetmədə güc birliyi təmin olunmuşdur. Onun tapşırığına əsasən “Heydər Əliyev Fondu” tərəfindən pandemiya dövründə ailələrin sosial ehtiyaclarının qarşılanması, onların ərzaq və tibbi ləvazimatlarla təminatı həyata keçirilmişdir. Qazi və şəhid ailələrinin problemlərinin həlli də hər zaman Mehriban xanım Əliyevanın diqqət mərkəzindədir.Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ölkəmizdə böyük ekoloji layihələr icra edilməkdədir. 2007-ci il Novruz bayramı ərəfəsində Mehriban xanımın təşəbbüsü ilə başlanan “Hərəyə bir ağac əkək” kampaniyası bu gün də davam etdirilir. Ətraf mühitin sağlamlaşdırılmasına, ekoloji problemlərin həllinə töhfə olan bu layihə çərçivəsində respublikanın bütün guşələrində yüz minlərlə ağac əkilmiş, yeni parklar və bağlar salınmışdır. Bakıda IDEA-nın təşəbbüsü və “Heydər Əliyev Fondu”nun təşkilati dəstəyi ilə Qafqaz Biomüxtəlifliyi Sammiti keçirilmiş və beynəlxalq ekspertlərin diqqəti Azərbaycanda, eləcə də bütün Qafqazda biomüxtəlifliyin qorunmasına yönəldilmişdir.Mehriban xanım Əliyevanın rəhbərliyi ilə “Heydər Əliyev Fondu”nun mədəniyyətlə, incəsənətlə bağlı layihələri Azərbaycanın mənəvi, tarixi, mədəni irsinin qorunması işində əvəzolunmaz rol oynamışdır. Onun təşəbbüsü ilə Azərbaycanın maddi və qeyri-maddi irsinin, Qarabağ mədəniyyətinin, Azərbaycan xalqının yaratmış olduğu ənənə və dəyərlərin dünyada tanıdılması üçün müxtəlif tədbirlər keçirilmişdir. Azərbaycan xalqının yaratmış olduğu mədəni abidələr dünya irs siyahılarına daxil edilərək qorunma altına alınmışdır. Azərbaycan muğamı, xalçası, aşıq musiqisi, tar ifası, Novruz bayramı, kəlağayı sənəti, Lahıc misgərlik sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına, Çövkən-Qarabağ atüstü oyun ənənəsi isə qurumun təcili qorunmağa ehtiyacı olan Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmişdir. Eyni zamanda Qız Qalası, İçərişəhər, Şirvanşahlar sarayı və Qobustan Dövlət Tarix və Bədii Qoruğu da UNESCO-nun Ümumdünya İrs Siyahısına salınmışdır.Fransada, İtaliyada, Rusiyada və başqa ölkələrdə keçirilən çoxsaylı tədbirlər nəticəsində dünya insanı Azərbaycanı müasir və dinamik inkişaf edən ölkə, eyni zamanda, Azərbaycan xalqını öz tarixi köklərinə bağlı olan multikultural və tolerant xalq kimi tanımağa başlamışdır.Xeyirxahlıq, mərhəmət, insanpərvərlik nümunəsi olan Mehriban xanım Əliyevanın ölkə daxilində həyata keçirdiyi humanitar missiyası dövlətimiz tərəfindən yüksək dəyərləndirilmiş və Mehriban xanım Azərbaycanın ən ali dövlət mükafatlarına – “Heydər Əliyev” ordeninə və Heydər Əliyev Mükafatına layiq görülmüşdür. Mehriban xanım Əliyevanın nəcib və xeyirxah missiyası qısa zaman ərzində beynəlxalq ictimaiyyətin də diqqətini çəkmişdir. O, 2004-cü ilin avqustunda UNESCO-nun, 2006-cı ilin noyabrında isə ISESCO-nun Xoşməramlı səfiri adına layiq görülmüşdür. Ümumdünya Səhiyyə Təşkilatı İcraiyyə Komitəsinin 2007-ci il yanvarın 29-da Cenevrədə keçirilən 120-ci sessiyasının yekdil qərarı ilə ana, uşaq və ailə sağlamlığının qorunması və möhkəmlənməsi işində müstəsna xidmətlərinə görə Mehriban xanım Əliyeva bu beynəlxalq təşkilatın ali mükafatına layiq görülmüşdür. Fransanın “Şərəf Legionu”, Rusiyanın “Dostluq” və “Həştərxan vilayəti qarşısında xidmətlərinə görə”, İtaliyanın “Xidmətlərə görə” Böyük Xaç Kavaleri, Vatikanın IX Piy Ordeninin Böyük Xaçı, Polşanın “Xidmətlərə görə” Böyük Komandor Xaçı, Pakistanın “Hilal-e Pakistan”, Serbiyanın “Sreten”, Macarıstanın “Xidmətlərə görə” Komandor Xaçı, Rus Pravoslav Kilsəsinin II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordenləri, UNESCO-nun “Qızıl Motsart” medalı, BMT-nin Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Qızıl medalı, Krans Montana Forumunun Qızıl medalı və “Prix de la Fondation” mükafatı, Avropa Olimpiya Komitələrinin Ali Ordeni, Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin “Xüsusi xidmətlərə görə” medalı, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qızıl medalı, Küveyt Dövlətinin Fəxri diplomu, Ümumdünya Səhiyyə Təşkilatı İcraiyyə Komitəsinin mükafatı, “Qızıl ürək” beynəlxalq mükafatı, Beynəlxalq Olimpiya Akademiyasının “Olympic Excellence” xüsusi fəxri mükafatı, Türk-Alman Dostluq Federasiyasının fəxri mükafatı Mehriban xanım Əliyevanın fəaliyyətinə xarici ölkələrdə verilən dəyəri əks etdirir.Mehriban xanım Əliyeva, eyni zamanda, Rusiya Federasiyasının İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Fəxri professoru, Bolqarıstanın Müqəddəs Kiril və Mefodi adına Veliko Tırnovo Universitetinin fəxri doktoru seçilmişdir. Lakin böyük əminliklə və fəxarətlə deyə bilərik ki, Mehriban xanımın ən böyük mükafatı el məhəbbəti, xalq sevgisi, xalqın etimadıdır, ən yüksək fəxri adı isə “el qızı”, “xalq qızı” olmasıdır.Sonda fəxr və qürur hissi ilə qeyd etmək istəyirəm ki, Mehriban xanım Əliyeva Azərbaycanı dünyada mədəniyyət carçısı, multikulturalizm və tolerantlıq məkanı kimi təqdim edir. Onun bu fəaliyyəti müzəffər prezidentimiz İlham Əliyevin uğurlu siyasəti ilə vəhdət təşkil edir və bu tandem ölkə quruculuğunda müstəsna əhəmiyyət kəsb edir.

Könül Məmmədli,
Xəzər rayonu E.Əliyev adına 234 №-li tam orta məktəbin direktoru

sia.az

Digər xəbərlər