Yeni mərhələdə AXCP- Müsavat qarşıdurması gözlənilir
Reallıqlar fonunda diqqət çəkən məqam ondan ibarətdir ki, müxalifət düşərgəsində yaradılan blok və qurumlar bir- birinin ardınca dağılırlar. Daha doğrusu, yardılan blokların ikinci-üçüncü iclaslarını keçirməyə ehtiyac qalmayır. Çünki artıq birinci iclasdan müxalif partiya sədrləri bir-birini ittiham etməyə başlayırlar. Bu da daha çox hər kəsin qurumda birincilik iddiasını reallaşdırmaq istəyi ilə bağlı olur. Dağıdıcı müxalifətin növbəti birlik formatı olan "Milli Şura"nın gələcəyi ilə bağlı hələ bir neçə ay əvvəl verilmiş proqnozlar tam mənası ilə özünü təsdiqlədi. 129 nəfərin təsisçiliyi ilə yaradılan "Milli Şura" qısa müddət sonra cəmi 16 əski təsisçisi ilə qalmaq zorunda qaldı. Qurumdaxili çəkişmələr o dərəcədə kritik xarakter aldı ki, əksər təhlilçilər "Milli Şura"nı rəqiblərin bir-birinin paxırını açıb tökmək, bir-birini hansı xarici dairələrə işləmələrini qeyd edən "razborka" meydanına bənzədirlər. Burada söz və kompromat savaşı, çəkişmələr və didişmələr hər gün yeni mərhələyə qədəm qoyurdu.Müsavatın qurumda təşəbbüsü ələ almaq cəhdinin iflasa uğramasından sonra "Milli Şura"nı tərk etməsi digər partiyalar, eləcə də, fərdlər üçün "Milli Şura" sıralarını tərk etməkdə bir bəhanə rolunu oynadı. Az sonra ACP, ALP, KXCP, "El" hərəkatı "Milli Şura"dan istefa verdi. Beləliklə, "Milli Şura" daxilində cərəyan edən proseslər bu qurumun faktiki olaraq iflasını reallaşdırdı.
Müsavat xaricdən verilən maliyyə vəsaitini mənimsəməkdə günahlandırılır
Daxili çəkişmələr, böyük iddialar nəhayətdə Rusiyanın layihəsi kimi təqdim olunan, əslində C.Sorosun çirkin maraqlarının icrası üçün yaradılan "Milli Şura" dağılmağa məhkum edildi. Artıq bu qurumda "bir Nəsir, bir də Məmmədnəsir" məsəlinə uyğun olaraq Ə.Kərimli ilə C.Həsənli qalıb. Onların da orada qalması sanki bir qeyrət məsələsidir. Qınaq obyekti olmamaq, ən azı, müsavatçıların atmacalarına tuş gəlməmək üçün "Milli Şura"nı hələ ki, buraxmağa tələsmirlər.. Baxmayaraq ki, Əli Kərimli biclik işlətməklə C.Həsənlini Müsavat başqanı Arif Hacılı ilə əvəzləməklə ağır vəziyyətdən çıxmağa çalışır. Ancaq əbəs. Çünki Müsavat daha çətin və ağır dövrünü yaşayır. Bu baxımdan, A.Hacılının Ə.Kərimliyə hansısa formada kömək edə biləcəyi mümkünsüz görünür. Bu arada “Ümid” partiyasının sədri İqbal Ağazadə və keçmiş müdafiə naziri Rəhim Qazıyev də özlərindən asılı olmadan Ə.Kərimlinin siyasi oyunlarının toruna düşüblər. Yəni açıq şəkildə Müsavat rəhbərliyinə qarşı ittihamlar səsləndirməklə AXCP sədrinin arzularını ifadə ediblər. İ.Ağazadə 2003- cü il 15-16 oktyabr iğtişalarına cəhddən danışarkən bildirib ki, ona hələ də qarşıdurmanın nədən yaradıldığı aydın deyil. Məlum olan yalnız ondan ibarətdir ki, Müsavat rəhbərliyi böyük məbləğdə maliyyə əldə etmişdi. Həmin maliyyə vəsaiti sonradan müxtəlif yollarla xaricə çıxarılıb”. Rəhim Qazıyev də İ.Ağazadənin sözlərinə dəstək verib. Bildirib ki, 2003-cü ilin 16 oktyabr iğtişaşlarına cəhddən sonra Müsavatın keçmiş başqanı İsa Qəmbər və onun müavinləri 3 milyon ABŞ dollarını Gürcüstan vasitəsi ilə Türkiyəyə göndəriblər. Müsavatın icra aparatının rəhbəri Gülağa Aslanlı isə daş atıb başını tutub ki, belə həngamə filan, mənimsəmə, oğurluq olmayıb. Hətta məsələ ilə bağlı sualla ona müraciət edən müxbirin üzərinə əsəbləşərək deyib ki, “Rəhim Qazıyev kimi vətən xainlərinin sözünə şərh vermirəm. Belə də yazın...”. Bununla da G.Aslanlı ittihamlara cavab verməkdən imtina edib. “Od olmasa, tüstü çıxmaz” deyiblər, sübutlar olduğu üçün R.Qazıyev və İ.Ağazadə Müsavat rəhbərliyini 2003- cü il oktyabr hadisələri zamanı əldə etdikləri 3 milyon ABŞ dollarını xaricə çıxardıqlarını bildirirlər. Müsavat rəhbərliyinin ittihamları cavabsız buraxmaları olanların etirafı kimi qiymətləndirmək olar. Söz yox ki, Müsavat rəhbərliyi onların ünvanına səslənən ittihamların R.Qazıyevin və İ.Ağazadənin ağıllarının məhsulu olmadığını başa düşürlər. Yəni onların bostanına daşların AXCP sədri Ə.Kərimlinin səbətindən atıldığını anlayırlar. Bu səbəbdən də bütün qüvvələrini Ə.Kərimliyə tutarlı cavab verməyə səfərbər ediblər. Baş verənlər onu deməyə əsas verir ki, yaxın vaxtlarda AXCP ilə Müsavat rəhbərliyinin bir-birinə ünvanlanan yeni ittihamlarının şahidi olacağıq.
sia.az