“Ölkə Prezidenti cənab İlham Əliyev BMT-nin Azərbaycan üzrə xüsusi rezident koordinatorunu qəbul edərkən bir sıra vacib məsələlərə toxundu. Bununla bərabər Azərbaycanın hər zaman beynəlxalq hüquqa sadiqliyini bir daha vurğulamış oldu”. Bu sözləri SİA-ya açıqlamasında deputat Cavid Osmanov deyib.Onun sözlərinə görə, cənab Prezident məhz 28 il müddətində BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icra olunmamasını təəssüflə qeyd etdi: “BMT-nin Təhlükəsizlik Şurasının 5 daimi üzvündən 3-nə ümumilikdə ATƏT-in Minsk Qrupu tərəfindən mandat verilmişdi və onların fəaliyyəti heç nə ilə yadda qalmadı. Tam əksinə müəyyən mənada Ermənistana qarşı heç bir təzyiq göstərilmədi. Baxmayaraq ki, BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsində Azərbaycan ərazilərindən digər hərbi qoşunların çıxarılması ilə bağlı qətnamələr kağız üzərində qalmış oldu. Nəhayət, Azərbaycan Ordusu öz gücü ilə tarixi torpaqlarını işğaldan azad etdi. Nəzərə alsaq ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri dünyanın 3 ən böyük ölkələrindəndir. Onlar istədikləri məqamda Ermənistana təzyiq göstərərək BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsinin qısa müddət ərzində onlar öz güclərinin 5%-ni sərf etməklə həyata keçirdə bilərdilər”.
sia.az