AXCP sədri ayılanda çox gec olacaq...
Bütün anlayışlı və dərkedər həyatı boyu Azərbaycan dövlətinin və xalqının maraqlarına qarşı xəyanətkar mövqe tutmuş, maliyyə qarşılığında dəfələrlə (!) dövlətçilik mənafeyini satmış dağıdıcı müxalifət partiyalarının rəhbərlərinin bunu özlərinin “iş prinsipi”nə çevirmələri kimsəyə sirr deyil. İstər hakimiyyəti zəbt etdikləri 1992-93-cü illərdə, istərsə də sonrakı mərhələdə hətta ümummilli məsələlərə belə yalnız şəxsi qazanc prizmasından yanaşan sözdə “liderlər”, əməldə isə bazar pulgirləri düşərgədaxili münasibətlərdə də xəyanətkar mövqedən əl çəkə bilməyiblər. Biz dəfələrlə məhz şəxsi maraqlarına görə didişən, qırışan “liderlərin” çoxsaylı savaşlarının şahidləri olmuşuq, mətbuat səhifələrində isə bu əməllərini təsdiq edən minlərlə yazı və məqalələr mövcuddur.
Əli Kərimli fərqli fikir bildirən insanları repressiyalara məruz qoyur
Ancaq onların içlərində biri var ki, onun barəsində daim xüsusi olaraq vurğulanır – AXCP-nin sədrlik postunu işğal etmiş Əli Kərimli. Ümumiyyətlə, radikal düşərgənin xəyanət “simvol”una çevrilmiş Əli Kərimli bu gün sədrlik kreslosunda yayxanıb xaricdə fəaliyyət göstərən anti-Azərbaycan məqsədli internet resurslarına müsahibələr verərkən məhz həmin əməllərinin “bəhrəsini” görməkdədir.
O cümlədən, partiyası, əslində isə biznes mərkəzi daxilində avtoritar idarəçilik üsul-idarəsi yaradan Ə.Kərimli fərqli fikir bildirən insanları repressiyalara məruz qoyur, AXCP-dən uzaqlaşdırır. Azərbaycan dövlətçiliyinə və xalqına qarşı tutduğu xəyanətkar mövqe isə bu gün də keçmiş partiyadaşları tərəfindən etiraf olunur.
Yeri gəlmişkən, biz vaxtilə AXCP sədrinin müavini olmuş, bu gün isə Milli Cəbhə Partiyasını yaradaraq siyasi fəaliyyət göstərən, hazırda deputatlıq fəaliyyəti də aparan Razi Nurullayevin Ə.Kərimlinin xəyanəti və müxalifəti məhv etməsi barədə fikirlərini xatırladaraq gerçəkləri növbəti dəfə ictimai rəyin diqqətinə çatdıra bilərik.
Razi Nurullayev: “O videolar yayımlansa, Əli Kərimli bir günün içində siyasətdən silinər və bəlkə də, adam içinə çıxmağa belə cürəti çatmaz”
O da əbəs deyil ki, məhz bu xəyanətləri ifşa etdiyi üçün Əli Kərimlinin saxta profillərinin təzyiqi və təhqiri ilə üzləşdiyini bildirən R.Nurullayev partiyadan istefa verdiyi zamanlarda demişdi. XATIRLATMA: “Hər kəs deyir ki, Əli Kərimlinin hakimiyyətlə gizli görüşlərinin videosu var. Adım qədər əminəm ki, var. O videolar yayımlansa, Əli Kərimli bir günün içində siyasətdən silinər və bəlkə də, adam içinə çıxmağa belə cürəti çatmaz”.
R.Nurullayev bildirib ki, Ə.Kərimli neçə il parlamentdə təmsil olunub və hər zaman da həlledici məqamlarda mərkəzdənqaçma effekti yaradan addımlar ataraq, müxalifəti zəiflədib: “Əli Kərimli 2000-ci ildən sonra nədən gözdən düşməyə başladı? O, hakimiyyətlə saziş bağlamışdı, kişi sözü vermişdi və əvəzində deputat yerləri, mal-mülk və nüfuz qazanmışdı”.
Göründüyü kimi, AXCP-nin mərhum sədri Əbülfəz Elçibəyin vəfatından sonra “Yurd” qruplaşmasının dəstəyi ilə partiyada söz sahibi olmuş, partiyanı, sözün əsl mənasında, zəbt etmiş, işğala məruz qoymuş Əli Kərimli üçün hər zaman əsas prinsip məhz maddiyyat, şəxsi maraqlar olub. Əslində, onun törətdiklərinin fonunda guya “müxalifətçi” cildinə girərək özünü təqdim etməsi çox gülünc görünür.
Bu ünsür hətta dövlətimizin ərazi bütövlüyünün təmin olunması uğrunda 46 siyasi partiyanın birgə imzaladığı bəyanata belə imza atmadı!
Fəqət fakt budur ki, bu gün Ə.Kərimli və onun kimilərinin “müxalifətçiliyi” yalnız maliyyə əldə etmək, xarici dairələrdən ianə toplamaq, dövlətçilik maraqlarını satmaqla açıq-açığına düşmənə işləmək anlamına gəlir. Biz bu reallığı Vətən müharibəsi zamanında da gördük – bu ünsür hətta dövlətimizin ərazi bütövlüyünün təmin olunması uğrunda 46 siyasi partiyanın birgə imzaladığı bəyanata belə imza atmadı!
Daha bir xatırlatmanı da edə bilərik. Vaxtilə Ə.Kərimlinin AXCP-nin 150.000 ABŞ dollarından çox vəsaitini Türkiyəyə apararaq mənimsədiyi haqda mətbuatda zaman-zaman fikirlər səsləndirilib. Amma bu ittihamlar cavabsız qalıb və pul maxinasiyasında adı hallanan Ə.Kərimli hər zaman bu barədə suallara cavab verməkdən yayınıb. Bu gün də xəyanətləri ilə bağlı açıqlama verməyən, ona yönələn iddiaları cavabsız qoyan Ə.Kərimli çox güman ki, özünü müdafiə etmək üçün heç bir fikir irəli sürə bilmir.
Əli Kərimli Gerd Butserius Fondunun ona verdiyi 10 min avro mükafatı kimdən və necə mənimsəmişdi?
Hələ biz onun mərhum Əbülfəz Elçibəyin sağlamlığına zərər vurmaq məqsədi ilə onun zəhərlənməsi üçün üzə çıxan iddiaları demirik...
AXCP sədrinin nəzarətində olan qəzetin baş redaktorunun qardaşı və AXCP-dən istefa vermiş üzvü Sakit Zahidov (Mirzə Sakit) bildirmişdi ki, “Azadlıq” qəzetinə gələn pullar şəxsən Ə.Kərimli tərəfindən mənimsənilir. S.Zahidov demişdi ki, Ə.Kərimli hətta xarici təşkilatların da qəzetə etdiyi yardımları son qəpiyinə qədər mənimsəyir, qəzetə vermir. Bundan başqa, S.Zahidov iddia etmişdi ki, Gerd Butserius Fondunun ona verdiyi 10 min avro mükafat da Ə.Kərimli tərəfindən mənimsənilib.
Əslində isə bu faktlar bir daha Ə.Kərimlinin 1990-cı illərdən bu yana təmsil olunduğu partiyada yalnız maddi vəsaitlər üçün “duruş gətirdiyini” sübuta yetirir. Bəli, ölkədə siyasi dayağını tam itirən, illərdir Azərbaycan siyasətində heç bir uğuru ilə yadda qalmayan və korporativ maraqlarını təmin etməyə çalışan Əli Kərimli kimiləri öz xislətlərini növbəti dəfə cəmiyyətə nümayiş etdirirlər və söz yox ki, get-gedə özlərinin qazdıqları quyulara doğru yuvarlanırlar. Sadəcə, bunu hiss etmirlər, edəndə isə əlbəttə ki, çox gec olacaq.
Rövşən Rəsulov