PDF Oxu

Siyasət

  • 3 503

Qalib Azərbaycan xalqı - MƏQALƏ

Qalib Azərbaycan xalqı - MƏQALƏ

Prezident İlham Əliyev və vitse-prezident Mehriban Əliyeva 2021-ci il 26 avqust tarixində Abşeron rayonunda şəhid ailələri, müharibə əlilləri və Vətən müharibəsi qəhrəmanlarına mənzillərin və avtomobillərin təqdim olunması mərasimində iştirak etmiş və Pezident İlham Əliyev çıxışı ilə yenə dünyanın siyasi gündəminə öz möhürünü vurmuşdu. Azərbaycan SSR-in mövcudluğu dövründə Qarabağ bölgəsində Sovet Rusiyasının həyata keçirdiyi məkrli siyasəti, II Qarabağ müharibəsi və postmüharibə dövrü haqqında danışan prezident xalqdan gizlədilən bir çox tarixi həqiqətlərə işıq salmışdır. Təbii ki, bu Azərbaycan xalqından gizlədilən bir tarix deyil. Çünki müstəqillik dövrünə qədəm qoyandan artıq tarix kitabları saxtalıqlardan arınmış, sovet hakimiyyətinin xalqımıza sıramağa çalışdığı yalanlardan təmamilə təmizlənmişdir. Məlumdur ki, İlham Əliyevin çıxışı dünya mətbuatının, xüsusilə, ermənilərin diqqət mərkəzində olduğu üçün bu tarixi mühazirə erməni hökumətinin öz xalqına inandırdığı, dünya dövlətlərinə təbliğ etdiyi yalanların ifşası, doğruların isə bəyanı kimi qiymətləndirilə bilər. Beləliklə, dünya xalqlarından gizlədilən tarixi həqiqətləri faktlarla əsaslandıran İlham Əliyev Sovet Rusiyasının ermənilərin antiazərbaycan siyasətini dəstəklədiyini, hətta onlara havadarlıq edərək azərbaycan xalqına qarşı həyata keçirdiyi bir çox əməllərə dəstək verdiyini vurğuladı. Buna misal olaraq Azərbaycan xalqının etirazlarına baxmayaraq suveren hüquqlarını tapdalayıb tarixi Azərbaycan torpaqları olan Yuxarı Zəngəzurun (Qərbi Zəngəzur) Ermənistana birləşdirmək haqqında qərar verməsini göstərə bilərik. Bundan başqa ermənilər Sovet Rusiyasına arxalanaraq Azərbaycan torpaqları olan Şərur-Dərələyəz, Mehri rayonlarının hesabına öz ərazisini 9 min km2-dən 30 min km2-dək genişləndirmişdi. Mehri rayonu sonradan süni şəkildə formalaşdırılmış, Ordubad və Zəngilan rayonlarının kəndlərindən təşkil edilmişdi. Mehri rayonunun Erəmənistan SSR-ə verilməsi məqsədli şəkildə atılmış bir addım idi. Bununla, Naxçıvan MSSR-lə Azərbaycan SSR-in birbaşa quru əlaqəsi kəsilmiş və beləcə, “Türk qapısı” adlandırılan Naxçıvanı blokadaya salmaqla Sovet Rusiyasının gələcək məqsədi bu ərazini də Ermənistana birləşdirmək olsa da, yerli əhalinin qətiyyətli mövqeyi və Türkiyə Cümhuriyyətinin müdaxiləsi nəticəsində baş tutmamışdı. Beyni uydurma tarixlə yuyulmuş ermənilər indi də Naxçıvana ərazi iddialarından əl çəkmirlər. Buna misal olaraq Naxçıvan istiqamətində ermənilərin vaxtaşırı atəşkəsi pozmasını göstərə bilərik. Cavab atəşi ilə susdurulan ermənilərin bu cəhdləri də uğursuz nəticələnir. II Qarabağ müharibəsində qazanılan zəfəri Azərbaycan xalqının maraqlarına uyğun şəkildə istifadə edən müdrik prezidentimiz Naxçıvanı da bu xüsusda yaddan çıxarmamış, 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli bəyanatda Ermənistan rəhbərini Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirəcək həm dəmiryolu, həm də ki avtomobil yolunun inşasına və fəaliyyətinə zəmanət verməyə məcbur etmişdi. Azərbaycan xalqına qarşı ədalətsizlik, təbii ki, bununla yekunlaşmamış, Ermənistan dövlətinin yarandığı tarixi Qərbi Azərbaycan torpaqlarında yaşayan soydaşlarımız öz ata-baba yurdlarından deportasiya edilmişdilər. Deportasiyaya zəmin yaratmaq üçün Ermənistan höküməti xaricdə yaşayan erməniləri Ermənistana köçürməyə başlamış , bundan sonra ermənilərə Ermənistanda yaşamağa yer olmadığını bəhanə edərək kütləvi şəkildə azərbaycanlıları oradan köçürməyə başlamışlar. Ermənistan SSR-də dağlıq relyefi olan ərazidə yaşayan azərbaycanlılar qəsdən Azərbaycan SSR-də Kür-Araz ovalığında yerləşən inzibati rayonların ərazisində məskunlaşdırılmış, iqlim şəraitinə uyğunlaşa bilmədiyi üçün minlərlə azərbaycanlı, xüsusilə, yaşlı və uşaqlar dünyasını dəyişmişdilər. Haqlı olaraq Azərbaycan xalqının ümummilli lideri mərhum Heydər Əliyev 1948-1953-cü ildə həyata keçirilən bu deportasiyanı Ermənistan SSR-də Azərbaycan xalqının etnik təmizlənməsi və soyqırımı siyasəti kimi qiymətləndirmişdi. Halbuki həmin illərdə Ermənistan SSR-dən Azərbaycan SSR-ə ermənilər də köçürülmüş, lakin azərbaycanlılardan fərqli olaraq onlar yeni salınmış sənaye şəhərləri olan Mingəçevir, Daşkəsən, Sumqayıt, Əli-Bayramlı şəhərlərində yerləşdirilmiş, yeni açılmş fabrik və zavodlarda işlərlə təmin edilmiş, yeni tikilmiş yaşayış binalarındakı mənzillərdə yerləşdirilmişdilər. Ermənipərəst Sovet hökumətinin bu addımları yalnız milli ayrıseçkilik kimi qəbul edilə bilərdi. SSRİ hakimiyyəti dövründə Azərbaycan ərazisində yaradılan daha bir süni qurum olan Dağlıq Qarabağ Muxtar Vilayətini İlham Əliyev quraşdırılmış saatlı bir bombaya bənzətmiş və əslində Dağlıq Qarabağın Azərbaycan SSR-dən qopardılıb Ermənistan SSR-ə birləşdirilməsi üçün ortaya atılmış bir tezis kimi qiymətləndirmiş, bu inzibati vahidliyin yaranması üçün heç bir tarixi, iqtisadi, coğrafi əsasın olmadığını bildirmişdi. Azərbaycan ərazi bütövlüyünə qarşı belə bir qəsd törətməklə yetinməyən Sovet höküməti DQMV-nin mərkəzi olan tarixi Xankəndi qəsəbəsinin adını dəyişmiş, Azərbaycan xalqına qarşı 1918-ci ildə törədilmiş soyqırımların təşkilatçısı olan cəllad erməni Stepan Şaumyanın şərəfinə Stepanakert adlandırmışdı ki, bu da azərbaycanlılara qarşı bir təhqir kimi qəbul edilməli idi. Lakin SSRİ zamanında Azərbaycan tarixi adlı bir dərs tədris planına salınmamış, SSRİ tarixi adlı dərs keçilmişdi ki, həmin dərslikdə də Azərbaycan həqiqətləri təhrif olunmuş, 1918-1920-ci illər Azərbaycan tarixi yox hesab edilmiş, ermənilərin Azərbaycanda yaşayan türk-müsəlman əhaliyə qarşı həyata keçirdikləri soyqırım, Azərbaycan Xalq Cümhuriyyəti adlı bir müstəqil dövlətimizin olması barədə heç bir qeyd aparılmamışdı. Tarixi həqiqətləri sübut edən faktlar bilərəkdən yox edilmiş, 1918-ci il mart ayının 30-dan aprelin 2-dək davam edən soyqırım zamanı şəhid olan azərbaycanlıların dəfn edildiyi ərazidə Dağüstü park salınmışdı. Lakin tarixin canlı şahidləri bu həqiqətləri xatirələrində yaşadır, öz övladlarına ötürürdülər. Beləliklə, 1990-cı il 20 yanvar gecəsi “Azadlıq!”, “Müstəqillik!” şüarları ilə o vaxtki Lenin, indiki Azadlıq meydanına toplaşan Azərbaycan xalqının hürriyyət arzularını qan içində boğmağa çalışan SSRİ-nin XI Qırmızı Ordusunun həyata keçirdiyi qətliam zamanı şəhid olan həmvətənlərimiz məhz Dağüstü parkda dəfn edilmişdilər. Ardınca başlayan Qarabağ müharibəsi zamanı şəhid olan qəhrəman övladlarımızın da uyuduğu müqəddəs bir məkana çevrilən bu ərazidə Şəhidlər Xiyabanı salınmışdı. Ona görə də Şəhidlər Xiyabanı bizim and yerimiz, qan yaddaşımızdır. Əbəs deyildir ki, İlham Əliyev Şuşanın azad edilməsi xəbəri ilə Azərbaycan xalqını məhz Şəhidlər Xiyabanında müjdələmişdi, çünki biz hər dəfə şəhidlərimizi ziyarət edərkən onların ruhları qarşısında qanlarının yerdə qalmayacağına and içir, Azərbaycan Respublikasının ərazi bütövlüyünü bərpa edəcəyimizə söz verirdik. Azərbaycan Respubikasının prezidenti, ali baş komandan İlham Əliyevin yürütdüyü uzaqgörən siyasəti, ordumuzun rəşadəti və xalqımızın dəstəyi hesabına biz II Qarabağ müharibəsi zamanı möhtəşəm qələbə qazandıq və beləcə andımıza sadiq çıxdıq. Təbii ki, bu, ilk növbədə xalqımızın zəfəridir, çünki döyüş meydanında düşmənə tarixi dərs keçən igid oğullarımızı məhz xalqımız yetişdirib. İkincisi, bu prezidentimizin qələbəsidir, çünki bu oğulların əksəriyyyəti məhz İlham Əliyevin Azərbaycan Respubikasına prezidentlik etdiyi 17 il ərzində yüksək səviyyədə hərbi təhsil görmüş, təlim keçmiş zabit və əsgərlərimiz olmuşdur. Bunun da əsas səbəbi prezidentin həyata keçirdiyi məqsədyönlü islahatlar və buna nəzarət mexanizminin düzgün şəkildə təşkil edilməsidi. İlham Əliyev çıxışında xarici mətbuatın bizim qələbəmizə kölgə salmaq məqsədilə yalnız 7 rayonu azad etdiyimizi yazdığını bildirdi, lakin bunu bir erməni sifarişi olduğuna diqqət çəkən prezidentimiz vurğuladı ki, müzəffər ordumuz qeyd edilən 7 rayondan əlavə Şuşa şəhərini, Xocavənd rayonunun 60%-ni, Suqovuşan qəsəbəsini, Hardrutu da azad etmişdi. Mərasimə parlaq qələbəmizdə payı olan şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad edərək başlayan prezidentimiz şəhidlərin yoxluqlarının onların ailəsi üçün bir faciə olduğunu, xalq olaraq onların xatirələrini uca tutmağın, dövlət olaraq bu ağrını yüngülləşdirmək üçün sosial qayğılardan şəhid ailələrinin azad edilməsi üçün əməli işlər görülməsinin müqəddəs bir vəzifəmiz olduğunu vurğuladı. Bu sahədə dövlətin həyata keçirdiyi sosial tədbirlərə toxunan İlham Əliyev həm I, həm də ki II Qarabağ müharibəsi şəhidlərinin ailələrinə 1997-2021-ci illərdə 10 min 500 mənzil və fərdi ev təqdim olunduğunu, 2021-2025-ci illər üçün təsdiq olunan dövlət proqramına əsasən şəhid ailələrinə daha 11 min mənzil və fərdi evin verilməsinin nəzərdə tutulduğunu bildirdi. Vətənin bütövlüyü yolunda öz sağlamlığından keçən Qarabağ müharibəsi əlillərinin də xüsusi dövlət qayğısı ilə əhatə edidiyini deyən İlham Əliyev indiyədək 7200 qazinin avtomoblə təmin edildiyini, cari ildə 160-dan çox avtomobilin də verilməsinin nəzərdə tutulduğunu qeyd etdi. Protezə ehtiyacı 180 nəfər qazidən 140-nın artıq müasir protezlərlə təmin edildiyini, normal həyata adaptasiya olmaqlarına kömək olacaq bu protezlərin ən son texnoloji göstəriciyə malik olduğunu diqqətə çatdırdı. Çıxışı zamanı İlham Əliyev vurğuladı ki, bu ilin əvvəlindən indiyədək 26 min 200 nəfər reabilitasiya vasitəsilə təmin olunub, 2600 nəfərə isə rabilitasiya xidmətləri göstərilib, şəhid ailələrinin üzvləri və müharibə veteranlarının fəal məşğulluq tədbirləri çərçivəsində son 7 ayda 52 min nəfər işlə təmin olunub, 7 min 200 nəfər özünüməşğulluq proqramına, 56 min nəfərisə ictimai işlərə cəlb edilib, bu qəbildən olan vətəndaşların orta aylıq əmək haqqı 2018-2020-ci illərdə 30%, orta aylıq pensiyası isə 60% artıb. İlham Əliyev Azərbaycan ordusunun müharibə mədəniyyətinə əməl etdiyini, heç bir hərbi cinayət törətmədiyini və etnik təmizləmə siyasəti aparmadığını, bunun əksinə olaraq döyüş meydanında ordumuza məğlub olan erməni ordusunun intiqam məqsədilə mülki insanlarımızı hədəf aldıqlarını, nəticədə qadın və uşaqlar da daxil olmaqla yüzdən çox mülki şəxsin həlak olduğunu, minlərlə insanın öz əmlakını itirdiyini, bununla da ermənilərin öz əsl simalarını - cani sifətlərini bütün dünyaya göstərdiklərini nəzərə çatdırdı. Lakin zərərçəkmiş mülki əhali də dövlət qayğısı ilə əhatələnib, minlərlə ev inşa edilir, böyük hissəsi artıq əhalinin istifadəsinə verilib. Təbii ki, yenə də müharibə dövründə dövlətimizə dəymiş olan bu ziyanı Ermənistan Respublikasından fərqli olaraq xarici qrantlar almadan, öz resurslarımız, öz işçi qüvvəmiz və öz texnikamız hesabına bərpa edirik. Çünki Azərbaycan Respublikası güclü və müstəqil dövlətdir, bunun təminatı isə hakimiyyət, ordu və xalqın birliyidir!

Əsgərova Şəlalə Ağaməmməd qızı
Bakı şəhəri Xəzər rayonu Ziya Ağayev adına 241 saylı tam orta məktəbin direktoru

Digər xəbərlər