Ermənistanda qurulan yeni hökumətin bölgə üçün xeyirli olmasını arzulayıram. Bölgəmizdə yeni konstruktiv yanaşmaya ehtiyac var. Yanaşmalarda fikir ayrılıqları olsa da, bir-birinin ərazi bütövlüyünə və suverenliyinə hörmət də daxil olmaqla etimad əsasında yaxşı qonşuluq münasibətlərinin inkişafı üçün səmimi səy göstərmək məsuliyyətli bir hərəkət olardı. SİA “TRT Haber” telekanalına istinadla xəbər verir ki, bu fikirləri Prezidenti Rəcəb Tayyib Ərdoğan Monteneqro ilə Bosniya və Herseqovinaya səfərlərindən sonra jurnalistlərə müsahibəsində ifadə edib.
“Yaxın tarix düşmənçilik mənbəyi olmamalıdır”, - ifadəsi ilə fikir və mülahizələrini davam etdirən dövlət başçısı Rəcəb Tayyib Ərdoğan deyib ki, davamlı sülh və birlikdə yaşamaq üçün konstruktiv addımlar atılmalıdır. Birtərəfli ittihamlar yerinə, gələcəyə baxan, realist yanaşmalar üstünlük təşkil etməlidir. İndi sülhü və sabitlik daimi etməli, iqtisadi inkişaf və regional əməkdaşlıq üçün şərait yaratmalıyıq. Azərbaycan da oxşar anlayışla Ermənistanla hərtərəfli sülh sazişi üçün danışıqlara başlamağı təklif edir.
Qırx dörd günlük Vətən müharibəsinin nəticələri əsasında imzalanan üçtərəfli Bəyannamənin şərtlərinin Cənubi Qafqazı dəyişdirəcək yeni imkanlar yaratdığını xatırladan Prezident Rəcəb Tayyib Ərdoğan diqqətə çatdırıb ki, bu tarixi fürsətdən yaxşı istifadə etmək istəyən bütün tərəflərlə işləməyə hazırıq. Beş və ya altı tərəfli platforma tövsiyəmiz var. Bu platformaya Türkiyə, Azərbaycan, Rusiya, İran və Ermənistan daxildir. Hətta dedik ki, bura Gürcüstanı da daxil etməliyik.
Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Malazgirt zəfərinin 950-ci ildönümü münasibətilə keçirilən təntənəli mərasimdəki çıxışında “Dağlıq Qarabağdakı işğalın sona çatması ilə bölgəmizdə davamlı sülh naminə yeni fürsət pəncərəsi açılıb. Ermənistanın bunu dəyərləndirsə biz də qarşılığını verəcəyik”,-ifadəsi ilə çağırış etmişdi.